“Azərbaycanla Ermənistan arasında birbaşa təmaslar niyə də olmasın?!”

“Azərbaycanla Ermənistan arasında birbaşa təmaslar niyə də olmasın?!”

Tofiq Abbasov: “Azacıq yumşalma baş versə, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müsbət addımlar atıla bilər”

 

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Azərbaycan ilə Ermənistan arasında “sülh jurnalistikası” təklifini irəli sürüb. Ki, hər iki ölkənin jurnalistləri qarşılıqlı olaraq gediş-gəliş etsinlər.

 

Bundan əlavə, Azərbaycan Dağlıq Qarabağ separatçıları ilə bağlı son 10 gün ərzində 3 həmsədr ölkəyə – Rusiya, Fransa və Amerikaya nota verib. Səbəb də budur ki, münaqişənin həllinə cavabdeh olan bu 3 ölkə Dağlıq Qarabağ mövzusuna həssas yanaşmır.

 

Mövzu üzrə AYNA-nın suallarını politoloq Tofiq Abbasov cavablandırıb.

- Tofiq müəllim, Azərbaycanla Ermənistan arasında “sülh jurnalistikası”na ehtiyac varmı?

 

- Münasibətlər istənilən halda, nə vaxtsa öz həllini tapacaq. Bu, həmişə belə qala bilməz. Əgər qonşu xalqlar arasında davamlı müharibələr gedirsə, münasibətlərin düzəlməsinə cəhd etmək lazımdır. Hətta, ola bilər, gələcəkdə elə layihələr olsun ki, regionun inkişafı baxımından, hər iki dövlət bilikdə çıxış eləsin. Çünki gələcək nəsillərə problem qoymalı deyilik. Ki, onlar da bizim yaşadıqlarımızı yaşasınlar. Bu baxımdan nədənsə başlamaq lazmdır. Əsasən də siyasi elitaların təmasları olmalıdır ki, bu problemlər aradan qaldırılsın. Bir halda ki, bu barışığa hazır olmaq lazım gələcək, ona görə də jurnalistlərin gediş-gəlişi vacib bir amildir. Rusiyanın Xarici İşlər naziri də məsələyə maraq göstərirsə, yəqin ki, onun da bu mövzuda öz maraqları var. Lakin bu, qarşıdurmanın fəsadlarını aradan qaldırmağa kömək edəcəksə, niyə də olmasın? Həmin o təşəbbüsü də lazımı qaydada qiymətləndirmək lazımdır. Bu, elə bir məsələdir ki, problemin ictimaiyyət tərəfindən necə qarşılanmasını da götür-qoy etmək lazımdır.

 

- Lavrovun təşəbbüsü dəstəklənə bilər?

 

- Ermənistan bizim üçün təhlükə kəsb edən bir ölkədir. Onun ərazi iddiaları, digər tərəfdən Azərbaycan və azərbaycanlılara olan düşmən münasibəti bizi rahat buraxmır. Biz bu məsələlərə adekvat cavab verməli oluruq. Ancaq jurnalistlər bu məsələdə müjdəçi rolunu oynaya bilərlər. Çünki neçə il bundan əvvəl ziyalılar arasında da belə bir təşəbbüsə imza atılmışdı. Bu proses özü-özündə vəziyyəti düzəldə biləcək bir təşəbbüsdür. Belə təmasların olmasının heç bir dağıdıcı rolu ola bilməz. Hardasa bir cığır açılmalıdır ki, yeni mövzularda münasibətlər formalaşsın. Belə olsa, həm də soyuq qarşıdıruma bir növ öz həllini tapa bilər. Burda Rusiya öz məqsədlərini də reallaşdırmaq istəyir ki, digər tərəfdən Cənubi Qafqazda daha ürəkaçan atmosfer yarada bilsin. Bu baxımdan belə bir təşəbbüsə müsbət tərəfdən baxmaq lazımdır.

 

- Düşünürsünüz ki, bu proses Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət rol oynaya bilər?

 

- Düşünürəm ki, ola bilər. Çünki Ermənistan haqqında bizim jurnalistlər siyasi yazılar yazanda, ordakı vəziyyəti öyrənmək üçün istənilən halda 3-cü tərəfin mənbələrinə ehtiyac duyurlar. Yaxşı olmazmı ki, biz məlumatı birbaşa Ermənistandan əldə edək? Birbaşa bu məsələni həll etmək mümkündürsə, niyə etməyək və üçüncü tərəflərin vasitəçiliyindən istifadə edək? Düşünürəm ki, bu proseslərdə bir balaca yumşaqlıq baş versə, Dağlıq Qarabağ ətrafında da müsbət addımlar atıla bilər. Bunun heç bir təhlükəsi yoxdur. Sadəcə zəmanət verilməlidir ki, tərəflərə qarşı heç bir təzyiq göstərilməyəcək və informasiya dəhlizləri düzgün təşkil olunacaq.

- Bu yandan isə Azərbaycan 3 həmsədr ölkəyə nota verdi...

 

- Azərbaycan ilk növbədə öz narazılığını bildirir. Narazılığını da üç ölkənin rəhbərliyinə çatdırır. Bizim haqqımızdır ki, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasını tələb edək, digər tərəfdən də Ermənistan təhlükəsindən xilas olaq və bölgədə normal vəziyyət yaransın. O ki, qaldı həmsədrlərin çıxışına, biz onlardan narazılığımızı gizlətmirik. Çünki Minsk Qrupundan gözləntilərimiz özünü doğrultmur. Ona görə də belə bir fikir səslənir ki, Azərbaycanla Ermənistan nümayəndələri birbaşa təmasa getsin və üçüncü tərəflərin rolu olmasın. Çünki onlar bəzi hallarda vəziyyəti təhrif edirlər. Necə ki, İsrail-Fələstin münaqişəsində 4 tərəf var və onlar da həmin qarşıdurmada laqeydlik göstərir. Minsk Qrupu da özünü doğrultmadığı üçün Azərbaycan da haqlı olaraq etirazlarını bildirir.

Müəllif: Mərahim Nəsib      7 Noyabr 2019 13:10
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin