Hesablama Palatasından xətalı yanaşma

Hesablama Palatasından xətalı yanaşma

Üç il ərzində qeyri-neft əmtəə ixracının adambaşına məbləği nəinki artıb, əksinə 5 dollar azalıb

 

Araşdırmalarımda sənədlərinə ən çox istinad elədiyim rəsmi strukturlardan biri, bəlkə də 1-cisi Hesablama Palatasıdır. Səbəb odur ki, hökumət qurumlarından fərqli olaraq daha məzmunlu, peşəkar və informativ hesabat və rəylər hazırlayır.

 

Amma bu gün Palatanın 2020-ci il dövlət büdcəsi ilə bağlı hazırladığı rəydə bir yanaşmasını çox yanlış gördüm - xətalı bir yanaşmadır. Rəydə göstərilir ki, 2015-ci ildə adambaşına düşən qeyri-neft ixracı 170 dollar idi və hökumətin hədəfi 2025-ci ildə həmin göstəricini 450 dollara çatdırmaq olsa da, artıq 2018-ci ildə, yəni proqnozlaşdırılandan 7 il əvvəl artıq buna nail olunub - qeyri-neft ixracı 632 dollara çatıb.

 

Bəs burda yanlış olan nədir? Yanlış odur ki, hökumət Yol Xəritəsində qeyd elədiyi 170 dollar və 2025-ci ildə çatmaq istədiyi 450 dollar rəqəmi qeyri-neft əmtəə və xidmət ixracını deyil, yalnız əmtəə ixracını nəzərdə tuturdu. Ona qalsa, 2015-ci ildə qeyri-neft əmtəə və xidmət ixracının adambaşına məbləği 170 dollar deyil, 556 dollar olmuşdu.

 

2018-ci ildə isə qeyri-neft əmtəə ixracının adambaşına məbləği 165 dollar, qeyri-neft əmtəə və xidmət ixracının adambaşına məbləği 632 dollar olub.

 

Qısası Hesablama Palatası Yol Xəritəsindəki 170 dolları 632 dollarla deyil, 165 dollarla müqayisə etməli idi. Rəsmi məlumatlardan da göründüyü kimi, 3 il ərzində qeyri-neft əmtəə ixracının adambaşına məbləği nəinki artıb, əksinə 5 dollar azalıb...

Müəllif: Rövşən Ağayev, iqtisadçı-ekspert      5 Noyabr 2019 18:22
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin