İmamoğlu Ərdoğanın səhvlərini təkrar edərsə…

İmamoğlu Ərdoğanın səhvlərini təkrar edərsə…

Yeni sədrin dəyişiklik edəcəyi və yaxud etməyə çalışacağı dəqiqdir, lakin bu dəyişiklikləri edərkən nə dərəcədə milli-dini həssaslığı nəzərə alacağını söyləmək çətindir

 

Əkrəm İmamoğlunun davranışları Ərdoğan və komandasının Türkiyədə seçkiləri qazanaraq təkpartiyalı hakimiyyət qurduqları dönəmi xatırladır. Hazırda Əkrəm bəyə böyük ümid və sevgi var. Lakin eyni zamanda, iqtidar tərəfdən - AKP hökumətindən də təzyiq olunduğu hiss edilir. Sadəcə olaraq xalqın sevgisi AKP-ni əlavə təzyiqlər etməkdən çəkindirir.

Əkrəm İmamoğlunun dəyişiklik edəcəyi və yaxud etməyə çalışacağı dəqiqdir. Lakin onun bu dəyişiklikləri edərkən nə dərəcədə milli-dini həssaslığı nəzərə alacağını söyləmək çətindir. Çünki təmsil etdiyi partiyanın (CHP) və elə özünün də Türkiyə dövlətçiliyinə təhlükə yarada biləcək quruplarla əməkdaşlıq etdiyi ehtimalları səslənir. Əgər bu ehtimallar özünü doğruldarsa, İmamoğlunu o mərətəbəyə qaldıran türk xalqı seçkiylə də ona ciddi zərbə vuracaq. Necə ki, bu zərbəni Ərdoğan artıq öz üzərində hiss edir...

 

Ərdoğan və komandası da Türkiyədə seçkiləri qazanaraq təkpartiyalı hakimiyyət qurduqları zaman insanlar onlara böyük ümid və sevgi bəsləyirdilər. Amma AKP eyni zamanda əlində real güc olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı, müəyyən təsir rıçaqlarına sahib olan Prezident və məhkəmə hakimiyyəti tərəfindən təzyiq altında idi.

 

Səbəb sadə idi. Həmin qurumlar Ərdoğan və komandasının fətullahçı dini qrupun başçısı Fətullah Gülənlə sıx əlaqələrindən çəkinir, Atatürk ideyalarına bağlı olan cümhuriyyət üçün problemlər yaradacağından ehtiyat edirdi.

 

Fətullah Gülənin yetişdirmələri olmuş Ərdoğan və komandasının üzvləri əvvəlcə hakimiyyətdə yerlərini bərkitdilər. Sonradan Güləni müntəzəm təbliğ etdilər, hətta Gülənin Türkiyəyə qayıtması üçün çox sərt tədbirlərə də əl atıb ordunu, Prezident və məhkəmə hakimiyyətini zəiflətdilər.

 

Sonradan Fətullah Gülən həm Ərdoğan və komandasının, həm də Türkiyənin başına bəla oldu. Baş vermiş sarsıntılar Türkiyədə həll edilməsi çətin olan iqtisadi krizis yaratdı. Nəticə budur ki, türk xalqı bələdiyyə seçkilərində Ərdoğanın gözləmədiyi nəticəni ortaya qoydu.

 

Müəyyən fərqlərlə (Ərdoğan bütün Türkiyə miqyasında seçkiləri qazanmışdı, partiyanı özü qurmuşdu, partiyanın sədri idi) Ərdoğanla İmamoğlunun durumunda oxşarlıq var. Əgər İmamoğlu da xəbərdarlıqlara baxmayaraq təhlükəli və zərərli quruplarla əməkdaşlığa davam edərsə, yuxarıda dediyimiz kimi türk xalqının ağır zərbəsindən qurtula bilməyəcək...

 

Mübariz Göyüşlü,

Müasir İnkişaf İctimai Birliyinin sədri

28 İyun 2019 13:32
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin