Azərbaycanda xərçəngin dərmanı istehsal olunacaq – NAR YAĞI

Azərbaycanda xərçəngin dərmanı istehsal olunacaq –                       NAR YAĞI

Fərhad Qaraşov: “Hələlik əsas ixracımız Rusiya olsa da, daha çox Avropa bazarlarını prioritet seçmişik”

 

Nar mövzümündə ölkədə narçılığın vəziyyətinə AYNA tutmaq üçün Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) qonağı olduq. ANİİA prezidenti Fərhad Qaraşovla maraqlı söhbətimiz baş tutdu.

 

- 3 il əvvəl yaradılan ANİİA hansı işləri görüb, hədəflərə çatılıbmı?

 

- Assosiasiyaların yaranması birbaşa ölkə rəhbərinin tapşırışı, tövsiyəsi əsasında olub. Müxtəlif sahələrdə yaradılan birliklər ölkə iqtisadiyyatının, qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün, kənd təsərrüfatının ixrac və istehsal qabiliyyətinin atırılması, meyvəçilik, tərəvəzçiliyin inkişaf etdiriməsi məqsədlərini daşıyır. Əsas məqsəd də “Made in Azerbaijan” brendini dünyaya tanıtmaqdır. ANİİA ötən müddət ərzində ilk olaraq narçı fermerləri, nar istehsalçı şirkətləri bir araya toplayıb və onların problemlərini, təkliflərini öyrənib. Bu gün də dövlət qarşısında onların problemlərini qoymaq, körpü rolunu oynamaq vəzifəsini yerinə yetirir. Hazırda ANİİA-nın 350-dən artıq üzvü var. Onlardan 14-ü emal müəssisələri, digərləri orta və kiçik sahibkarlardır. Narçılıqda əsas görülən işlər innovativ üsullar tətbiq etməklə, bol məhsulun alınması, ziyanvericilərə qaşı mübarizənin daha operativ təşkili, budama, sulama, intensiv bağçılığın inkişaf etdirilməsidir. Narçılıq ta qədimdən Azərbaycan kənd təsərrüfatında böyük əhəmiyyətli sahə olub. Hazırda 23 min hektara yaxın (əsasən Mil-Muğan, Aran, Gəncəbasar, Dağlıq Şirvan) ərazidə nar becərilir. Məhsuldarlığa gəlincə, 2018-ci ildə 155 min ton nar istehsal olunub, bundan 9300 tonu xaricə ixrac olub, təxminən 70-75 min ton nardan isə emal müəssisələri tərəfindən müxtəlif məhsullar - şirə, narşərab, konsentrat, nar çaxırı hazırlanıb.

 

- Narımızın “Made in Azerbaijan” brendini necə təbliğ edirik?

 

- Narımızın ixrac coğrafiyasına nəzər salsaq, görərik ki, milli sərvətimiz olan nar 30-a yaxın ölkəyə ixrac olunur. İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu olan “Azpromo” və Kiçik və Orta Biznesin İnkişaf Etdirilməsi Agentliyi bu sahədə də öz töhvəsini verir. “Azpromo” vasitəsiylə dünyanın əskər qida sərgisində iştirak edirik və orada öz məhsillarımızı təbliğ edirik, ixrac missiyamızı yerinə yetirir, beyəlxalq ticarət evlərində təbliğat aparırıq.

 

- Rusiya bazarında lider sayılırıqmı?

 

- İxrac ölkəsi əsasən Rusiya olsa da, daha çox Avropa bazarlarına fokuslanmışıq. Rusiya bazarında ildə-ilə məhsul satışımız artır, orada rəqabət də çoxdur.

 

- Bu il narımız boldurmu?

 

- 3 il əvvələ baxanda, bu il 20-22 faiz artımla mövsümü başa vurmuşuq, bolluqdur. İstehsal olanda ixrac da yüksəlir. Bu il təşkilatın 3 yaşını qeyd etdik, ölkədə ilk dəfə olaraq nar məhsulunun adına Fəxri Üzvlük İnstitutu yaratmışıq. Nar meyvəsindən ilhamlanan incəsənət adamları, kimlər ki yaradıcılığında nardan ilhamlanaraq əsərlər yaradıblar, onların əsərləri bir araya toplanılıb.

- Növbəti nar festivalı olacaq. Xarici turistləri buraya cəlb edə bilirik?

 

- Bəli, bu il artıq 14-cü nar festivalı olacaq. Adətən noyabrın ilk həftəsi olur, noyabrın 9-na nəzərdə tutulub. Narçılığın tarixi məkanı Göycayda olacaq. İldən-ilə xarici və yerli turistlərin artımını müşahidə edirik.

 

- Belə bir məlumat var ki, narın dənəsinin də qiymətdirilməsi üçün xüsusi avadlıqlar gətirilib? Nardan ənənəvi məhsullardan başqa nələr hazırlanacaq?

 

- Nar məhsulu tullantısız məhsuldur. Nardan şirə, şirədən konsentrat hazırlanır. Nar qabığından bir çox komponentlərdə istifadə olunur. Nar tumundan yağ alınır ki, qida sənayesində, kosmetologiyada, farmakologiyada istifadə olunur. Nar yağı istehsal olunacaq ki, o, xərçəngin dərmanı kimi əvəzolunmazdır. Nar tumunun sıxıldıqdan sonra qalan tullantısı da quş və balıq yemində qatqı kimi istifadə olunur. Bu istiqamətdə emal müəssisəsinin qurulması üçün dövlət investisiyasına müraciət etmişik. Nüfuzlu xarici konsaltinq şirkətlərdən biri tərəfindən biznes planı hazırdır. Bazar monitorinqi aparılır. Dövlətdən müsbət cavab alınacağına əminik.

 

- Satışda narın yeni içkisi - nar pivəsi də var. Bu, yeni məhsuldurmu?

 

- Nar pivəsi istehsalı yoxdur. Amma Bakıda pivə mağazalarından bizə müraciətlər olunub. Konsentrat istənilir. Bizim hələ ki, buna cavabımız yoxdur. Amma bildiyimə görə, sadə pivələrə nar siropları əlavə etməklə hazırlayırlar.

 

- Narın istehsalına dəstək olursuz, bəs satışına yönəlik tövsiyələr olurmu? Söhbət bazardakı azad rəqabətin yaradılmasından gedir.

 

- ANİİA ictimai birlikdir, burada mənfəət qazanılması söhbəti ola bilməz. Üzvülük haqqı da yoxdur. Hələlik məqsəd yalnız bu sahədə dəstəyin verilməsidir. Şəxsi ianələr əsasında fəaliyyət göstərilir. Gələcəkdə xərclərin ödənilməsi üçün qaydalar işləniləcək. Suala gəlincə, biz yalnız qablaşdırma mərhələsinə qədər narçıların yanındayıq. Satış prosesinə qarışmırıq.

 

- Bəs narçıların təlimatlandırılması necə aparılır?

 

- Təkcə bu il ərzində 15-ə yaxın təlimlər keçirmişik. Müstəqil narçı ekspertlər tərəfindən maarifləndirilmə, aqrotexniki qulluq, qablaşdırma mövzusunda təlimlər səmərəli olub. Türkiyə Kənd və Meşə Təsərrüfatı Nazirliyi ilə danışıqlar aparırıq. Türkiyəli aqronomların bura dəvət edilməsi nəzərdə tutulur.

 

P.S. Məlumat üçün deyək ki, Azərbaycanda Gülöyşə, Məshəti, Bala Mürsəl, Şah nar, Qırmizı qabıq nar kimi nar sortları ən məşhur olanlarıdır.

Müəllif: Raminə Eyvazqızı      5 Noyabr 2019 10:11
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin