Hüquq müdafiəçisinin vurulması ilə bağlı cinayət işi açılıb, sui-qəsd iddiaları var - VİDEO

Hüquq müdafiəçisinin vurulması ilə bağlı cinayət işi açılıb, sui-qəsd iddiaları var -         VİDEO

"Beyninə qan sızma daha da genişlənib, sol tərəfi işləmir, özü nəfəs ala bilmir deyə, süni nəfəs verəcəklər”

 

Dünən piyada keçidindən keçərkən, “90-PZ-543” dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil tərəfindən vurulan hüquq müdafiəçisi Oktay Gülalıyevin səhhəti ağırlaşıb. AYNA xəbər verir ki, bu barədə Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli öz “Facebook” səhifəsində məlumat verib.

 

“Hüquq müdafiəçisi Oktay Gülalıyevin vəziyyəti ağırlaşıb. Yoldaşının sözlərinə görə, beyninə qansızma daha da genişlənib, sol tərəfi işləmir, özü nəfəs ala bilmir deyə, süni nəfəs verəcəklər”, - deyə S.Əsədli qeyd edib.

 

Jurnalist Seymur Kazımlı da hadisə barədə xəbər yayıb. Onun bildirdiyinə görə, həkimlər qərara gəliblər ki, Oktay Gülalıyev təcili əməliyyat olunmalıdır.

 

Qeyd edək ki, qəza baş verəndən sonra sürücü O.Gülalıyevi 1 saylı Təcili Tibbi yardım mərkəzinə çatdırıb. Səhiyyə Nazirliyindən AYNA-ya verilən məlumatda isə bildirilir ki, O.Gülaliyevə Kliniki Tibbi Mərkəzdə kəllə-beyinin sınığı və beyinin əzilməsi diaqnozu qoyulub: "Xəstəyə lazımi tibbi yardım göstərilib və stasionar müalicəyə götürülüb. Yaxın qohumlarının təkidli xahişlərini nəzərə alaraq onu özəl tibb müəssisəsi olan "City Hospital"a köçürüblər. Gülalıyevin müalicəsi və aparılan müayinələr Səhiyyə Nazirliyinin nəzarəti altındadır".

Ali Karimli (Əli Kərimli) adlı şəxsin şəkli.

"City Hospital"dan isə AYNA-ya bildiriblər ki, O.Gülalıyev axşam saat 23-40-da xəstəxanaya ağır vəziyyətdə gətirilib. Hazırda hüquq müdafiəçisinin təcili əməliyyatı üçün göstəriş olsa da, yaxınlarının bu əməliyyata icazə verməsi gözlənilir.

 

Hüquq müdafiəçisinin oğlu Əli Gülalı isə atasının vurulmasının sui-qəsd olduğunu iddia edir. O, dünən bu barədə öz “Facebook” səhifəsində yazıb: “Bu şəxs özü atamı təkcə xəstəxanaya aparıb, yaxud özü qabaqcadan planlayıb(lar) hara aparacaqlarını. Biz bilmirik, “Semaşko”da atama nə ediblər. Hazırda “City Hospital”a yerləşdirilməsinə baxmayaraq, atamı müayinədən keçirmirlər. Deyirlər, sabah edəcəyik. Vəziyyəti ağır olaraq qalır. Əziz xalqım, atam həmişə zalımın zülmünə qarşı mübarizə aparıb və bu vurulma da onun nəticəsidir. Mən hər birinizdən atama dəstək olmağınızı xahiş edirəm. Necə ki, o, həmişə bizə dəstək olub, indi onun sizin dəstəyinizə ehtiyacı var".

 

Bakı Şəhər Baş Polis İdarəsi hüquq müdafiəçisi Oktay Güləliyevin avtomobillə vurulması faktı ilə bağlı məlumat yayıb.

AYNA-ya İdarədən verilən məlumatda qeyd olunur ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyunadi Accent” markalı avtomobillə yolu keçən piyada, Bakı şəhər sakini Oktay Güləliyev vurulub. Sürücü qəza nəticəsində xəsarət almış piyadanı dərhal öz avtomobili ilə Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra O.Güləliyev oradan “City Hospital”a köçürülüb. Hazırda həkimlərin nəzarətində olan xəstənin vəziyyəti orta ağır kimi qiymətləndirilir. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və nəqliyyat vasitəsinə baxışlar keçirilib, sürücü K.Abdullayevin izahatı alınıb, sərxoşluq və narkoloji müayinələrdən keçirilib. Faktla əlaqədar Nəsimi RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

 

Hüquq müdafiəçisinin vurulduğu anı əks etdirən videogörüntünü də təqdim edirik:

Müəllif: Ayna.az      30 Oktyabr 2019 12:17
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin