“Ölən dünyanın yaddaşı” təzələndi

 “Ölən dünyanın yaddaşı” təzələndi

Sabir Rüstəmxanlı: “İsmayıl Şıxlının “Dəli Kür” əsəri dünyada geniş yayılmış dillərdən birində yazılsaydı, əminəm ki, müəllif sağlığında “Nobel” mükafatı alardı”

 

Oktyabrın 29-da Beynəlxalq Muğam Mərkəzində, Azərbaycanın Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyinə həsr olunmuş “Ölən dünyanın yaddaşı” filminin premyerası baş tutub. AYNA xəbər verir ki, yazıçının ailə üzvlərinin, qələm dostlarının, ziyalıların iştirakı ilə keçirilən tədbir və nümayiş olunan film maraqla qarşılanıb.

 

Tədbiri əməkdar jurnalist Qulu Məhərrəmli açıq elan edərək, İsmayıl Şıxlının həyat və yaradıcılığından danışıb.

Daha sonra Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı İsmayıl Şıxlı şəxsiyyətindən və yaradıcılığından söz açıb: “İsmayıl Şıxlının “Dəli Kür” əsəri dünyada geniş yayılmış dillərdən birində yazılsaydı, əminəm ki, müəllif sağlığında “Nobel” mükafatı ala bilərdi. Amma təəssüf ki, bizim dilimizin imkanları buna imkan vermir. Azərbaycan ədəbiyyatında nə qədər ləyaqətli yazıçı var idisə, İsmayıl Şıxlı onlarla bir ordu yaratmağa qadir olmuşdu”.

Filmin müəllifi Arif Əliyev çıxışında, filmdə Gəncə üsyanından bəhs olunan məqamlara toxunub: “Mən bu filmə sadəcə dialoq yazmaq üçün dəvət olunmuşdum. “Ölən dünyam”ın təsirindən çıxa bilmdəyim üçün bu dialoq sseaniri ilə əvəz olundu. Filmdə ilk dəfə 1920-ci il Gəncə üsyanı öz əksini tapıb. Üsyanın rəhbərlərindən olan general Cavad Şıxlınskinin yavərlərindən olan Çapıq Əmrah obrazı isə filmdə xüsusi yer tutur. “Ölən dünyam” elə bir dünyadır ki, ya biz o dünya ilə ölüb gedəcəyik, ya da o dünya mütləq yaşamılıdır. Bu ovqat o dünyanı yaşamaq üçün İsmayıl Şıxlının bizə qoyub getdiyi bir zərrədir”.

Xalq yazıçısının oğlu, Azərbaycan Jurnalistlər Birliyinin (AJB) sədri, Elçin Şıxlı, il ərzində silsilə tədbirlərin təşkilinə şərait yaratdığı üçün ölkə rəhbərliyinə və tədbirə təşrif buyuranlara təşəkkürünü bildirib.

 

“Aranfilm” yaradıcılıq mərkəzinin təşkilatçılığı ilə çəkilən filmin baş rollarını İsmayıl Şıxlının oğlu Fərrux Şıxlı və Türkiyədə yaşayan, məşhur azərbaycanlı aktrisa Nəsrin Cavadzadə canlandırıb.

Əsasən bir sujet xətti üzərində qurulan film, İsmayıl Şıxlı haqqında elmi iş yazmaq üçün Bakıya gələn azərbaycanlı tələbənin, təsadüfən yazıçının oğlu ilə qarşılaşması ilə başlayır. Yazıçının oğlundan yazıçı haqqında bir sıra məlumat əldə edən tələbə, ondan özünün elmi iş rəhbəri olmasını istəyir və çətinliklə buna nail olur. Sonda isə qarşısındakının əsl kimliyi haqqında məlumat əldə edir.

Film, İsmayıl Şıxlının ədəbiyyat haqqında səsləndirdiyi fikirlərlə sona çatır.

 

Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin, görkəmli yazıçının100 illik yubileyinin qeyd olunması haqqında imzaladığı müvafiq Sərəncam əsasında hazırlanmış tədbirlər planına uyğun olaraq təşkil edilib.

Müəllif: Mərahim Nəsib      29 Oktyabr 2019 14:00
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin