Hacıbala Abutalıbovun qərarı ləğv edildi

Hacıbala Abutalıbovun qərarı ləğv edildi

Hazırda sözügedən torpaq sahəsinin məktəbə verilməsi məsələsinə baxılır

 

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Nəsmi rayonu 54 nömrəli tam orta məktəbin yaxınlığında aparılan tikinti işləri ilə bağlı məlumat yayıb. BŞİH-in mətbuat xidmətindən AYNA-ya daxil olan məlumata görə, Təhsil Nazirliyi məsələ ilə bağlı müvafiq tədbirlər görülməsi üçün Şəhər İcra Hakimiyyətinə məktubla müraciət edib:

 

“Bununla əlaqədar olaraq dərhal Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məsul nümayəndələrindən ibarət Komissiya yaradılıb və Komissiya üzvləri həmin məktəbdə olaraq məsələ üzrə ətraflı araşdırma aparıblar. Müəyyən edilib ki, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən torpaq sahəsi 2008-ci ildə Bakı Metropoliteninə verilib, sonradan isə həmin ərazi vətəndaş Azər Əkbərov və Asif Əsədova çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi məqsədi ilə ayrılıb.

 

Araşdırma zamanı məlum olub ki, hər iki halda ərazinin ayrılması Əmlak Məsələləri Dövlət Komitəsinin və digər aidiyyəti tərəflərin rəyi alınmadan həyata keçirilib. Bunu, tikinti işlərinin məktəbə çox yaxın yerdə aparıldığını və ictimai maraqları əsas tutaraq, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 40 ünvanında çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş rəhbərliyi tərəfindən verilmiş Sərəncam ləğv edilib.

 

Hazırda Bakı Şəhər İcra Hakimiyyətində Təhsil Nazirliyinin müraciəti nəzərə alınaraq sözügedən torpaq sahəsinin məktəbə verilməsi məsələsinə baxılır”.

 

Qeyd edək ki, tikinti ilə bağlı sərəncamı BŞİH-in keçmiş başçısı Hacıbala Abutalıbov vermişdi.

Müəllif: Ayna.az      28 Oktyabr 2019 14:16
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin