Beynəlxalq “Fantazia” festivalı Azərbaycanda keçiriləcək

Beynəlxalq “Fantazia” festivalı Azərbaycanda keçiriləcək

Festival 1 noyabr tarixində Azərbaycan Fransız Universitetində təşkil olunacaq

 

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi 1-15 noyabr 2019-cu il tarixlərində Bakıda, Gəncədə və Qəbələnin Nic kəndində 2-ci “Fantazia” mədəni irs festivalı keçirəcək.

 

AYNA xəbər verir ki, məşhur Bakı hamamının mühafizə olunan binasının şərəfinə adlandırılan “FANTAZİA” festivalının məqsədi mədəni irsin nümayişi və qorunması zəruriliyi barədə məlumatlılığın artırılmasıdır. Bu il festival “Şərq Tərəfdaşlığı”nın 10 illik yubileyi ilə üst-üstə düşür.

 

Festival Avropa İttifaqına üzv dövlətlər və üçüncü ölkələrlə, o cümlədən Fransa, Bolqarıstan, İtaliya, Latviya, Finlandiya, Belçika, Hollandiya, Macarıstan, Moldova, Meksika, Argentina, Tacikistan, Venesuela ilə, həmçinin aralarında Azərbaycan Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin də olduğu yerli tərəfdaşlarla birgə təşkil olunacaq.

 

Festival 1 noyabr tarixində Azərbaycan Fransız Universitetində təşkil olunacaq. Memarlıq İrsinə həsr olunmuş konfrans və Bakının tarixinə həsr olunmuş pop-up muzeyin açılış tədbiri ilə başlayacaq, müxtəlif fotosərgilər, film nümayişləri, konsert və teatr tamaşaları, universitetdə master-klasslarla davam edəcək. Bu münasibətlə Bakıya  xaricdən qonaqlar gələcək.

 

Festivalın bir hissəsi - sərgilərin, debatların və film nümayişlərinin təşkili Gəncədə baş tutacaq. Festival çərçivəsində qonaqlar, həmçinin Qəbələ rayonunun Nic kəndində təşkil olunacaq Alban-Udi Mədəniyyət Günündə də iştirak edəcəklər.

 

Qeyd edək ki,  tədbirin rəsmi tərəfdaşları- “YARAT” Müasir İncəsənət Məkanı, “Salaam Cinema”, Gəncə Şəhər İcra Hakimiyyəti, Alban-Udi Xristian dini icması, AEDOS, Barselona Casa Battlodur. Elmi tərəfdaşlar -  Foskari Venesiya Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU), Azərbaycan-Fransız Universiteti (UFAZ), Gəncə Dövlət Universitetidir. “United Cultures”Avropa İttifaqı tərəfindən maliyyələşdirilən müqavilə çərçivəsində təşkilati dəstək göstərir.

Müəllif: Ayna.az      28 Oktyabr 2019 12:32
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin