“Dağlıq Qarabağda sülhməramlılar yerləşdirilə bilər, amma bir şərtlə”

“Dağlıq Qarabağda sülhməramlılar yerləşdirilə bilər, amma bir şərtlə”

Rauf Mirqədirov: “Xalqları sülhə müəyyən siyasi razılaşmalar əldə edildikdən sonra hazırlamaq olar”

 

Son zamanlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr yeni müstəviyə qədəm qoyub. Bu müzakirələr çərçivəsində xalqların sülhə hazırlanması istiqamətində çağırışlar xüsusi diqqət çəkir.

 

Ötən günlərdə Vaşinqtonda Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü baş tutub. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçirilən görüşdən sonra Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov diqqətçəkən açıqlamalar verib.

 

“Aramızda hələ də ciddi fərqlər qalır. Ümumiyyətlə, biz təqdim olunan təklifləri anlayırıq. 15 ildir ki, müzakirə olunan ideyaları, eyni sülh planını izləyirik. Detallarda bəzi fikir ayrılıqları var idi, ancaq müzakirələrin əsas məğzi də məhz detallardır. Ən vacib elementlərdən biri hərbçilərin kazarmalara qayıtmasıdır”, - deyə nazir bildirib.

 

O, qeyd edib ki, hərbçilərin kazarmalara qayıtması sülh üçün daha yaxşı zəmin yaradacaq:“Vəziyyətin normallaşdırılmasından danışanda, Paris və Moskva görüşlərimizdə danışdığımız kimi, biz əhalini sülhə hazırlamalıyıq”.

 

Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin Baş Assambleyasının 53-cü iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev isə daha ilginc fikir səsləndirib:“İki ölkə arasında olan problemlərin sülh yolu ilə həll olması vacibdir. Dağlıq Qarabağda sülhməramlı qüvvələr yerləşdirilə bilər. Belə olan halda, iki xalqın birlikdə yaşaması mümkün olar. Biz buna hazırıq”.

 

Politoloq Rauf Mirqədirov Dağlıq Qarabağ ətrafında cərəyan edən son hadisələrlə bağlı AYNA-nın suallarını cavablandırıb:

- Rauf bəy, son zamanlar hər iki ölkə əhalisinin sülhə hazırlanması barədə intensiv fikirlər səslənir. Bölgəyə sülhməramlıların yerləşdirilməsinin mümkünlüyü haqda açıqlama isə xüsusilə diqqətçəkicidir. Siz bu barədə nə düşünürsünüz?

 

- Əvvəla sülhməramlıların Qarabağa yerləşdirilməsi ilə bağlı fikir bildirmək istəyirəm. Prinsipcə, bu, elə də ciddi problem deyil. Sülhməramlıların yerləşdirilməsi haqqında bütün variantlar 90-cı illərin əvvəllərində işlənib hazırlanıb. Bir neçə variant var idi. Bu variantlardan biri də o idi ki, Rusiya öz nəzarətində olan sülhməramlıları bölgəyə yerləşdirsin. Amma son nəticədə belə bir qərar alındı ki, bölgəyə yelrəşdirilən sülhməramlı qüvvələrdə Minsk Qrupu həmsədrlərinin nümayəndəliyi 30 faizdən artıq olmamalıdır.

 

Yəni tərəflər belə bir razılığa gəlmişdi ki, sülhməramlılar regiondakı heç bir aparıcı dövlətin monopoliyası altında olmasın. Bu razılaşma ətrafında çox böyük mübahisələr gedirdi. Yəni texniki baxımdan sülhməramlıların yerləşdirilməsi məsələsinin həlli elə ciddi bir problem deyil, müxtəlif variantlar hazırlanmışdı, hətta yerləşdirilmə planları da var idi.

 

Amma mən burada bir şeyi başa düşə bilmirəm. Sülhməramlı qüvvələrin yerləşdirilməsi o vaxt aktual ola bilər ki, münaqişənin həlli ilə bağlı müəyyən siyasi qərarlar qəbul edilsin. Əks təqdirdə sülhməramlıların yerləşdirilməsi mövcud status-kvonun daha da möhkəmləndirlməsinə gətirib çıxara bilər.

 

- “Sülhməramlı qüvvələrin yerləşdirilməsi o vaxt aktual ola bilər ki, münaqişənin həlli ilə bağlı müəyyən siyasi qərarlar qəbul edilsin” dedikdə hansı qərarları nəzərdə tutursuz?

 

- Yəni işğal olunmuş torpaqların geri qaytarılması, Dağlıq Qarabağın gələcək statusunun həlli yolları və yaxud keçici statusu ilə bağlı müəyyən razılaşmaların əldə olunması, qaçqınların daimi yaşayış yerlərinə qaytarılması kimi siyasi qərarları nəzərdə tuturam. Bu məsələlərdə razılaşdıqdan sonra, həmin qərarların təminatçısı kimi, regionda sülhməramlı qüvvələr yerləşdirilə bilər.

 

- Bəs sizcə, xalqların sülhə hazırlanması prosesi necə olmalıdır? Bunun üçün hansı tədbirlər görülməlidir?

 

- Xalqları sülhə müəyyən siyasi razılaşmalar əldə edildikdən sonra hazırlamaq olar. Əks təqdirdə, mən “xalqları sülhə hazırlamaq lazımdır” sözünü anlamıram. Bu qərarlar olmadan, yəni sülhün konturları məlum olmadan biz cəmiyyəti hansı sülhə hazırlaşdırırıq? Yəni sülhə necə hazırlaşdırmaq olar? Bu, bir qədər abstrakt şeydir. Ona görə də bizə elan edilməlidir ki, “gələcək sülhün konturları bundan ibarətdir”.

 

Geniş mənada hamı başa düşür ki, sülh olmalıdır, gec-tez bu xalqlar hansısa birgə yaşayış formulunu tapmalıdır. Təbii ki, burada xüsusi ifrat qüvvələrdən söhbət getmir. Həm Azərbaycanda, həm də Ermənistanda ifrat mövqeli insanlar var, onları nəzərdə tutmuram. Ancaq geniş mənada nə ermənilər bu regiondan köçəsidir, nə də biz.

 

- Dediyiniz razılaşmalar hər iki ölkənin maraqlarına eyni ölçüdə cavab verəcəkmi? Yoxsa tərəflərdən biri digərindən daha güzəştli şərtlər əldə edə bilər?

 

- Bu razılaşmanın Azərbaycanın, yoxsa Ermənistanın maraqlarına daha çox uyğun olması sonrakı məsələdir. Məlumdur ki, belə bir razılaşma olarsa, bu, hər iki ölkədə də birmənalı qarşılanmayacaq. İki ölkədə də bu razılaşmadan daha çox güzəştlər görə biləcək siyasi qüvvələr, ictimai fəallar, qeyri-hökümət sektoru olacaq.

Müəllif: İbrahim Məmmədli      27 İyun 2019 21:47
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin