“Regionda ən böyük təsirə malik olan ölkə Rusiyadır”

“Regionda ən böyük təsirə malik olan ölkə Rusiyadır”

İlqar Vəlizadə: “ABŞ qoşunlarının geri çəkilməsi ilə razılaşmanın bir hissəsi yerinə yetirildi, amma Türkiyənin əsas məqsədi terrorçuların geri çəkilməsidir”

 

Oktyabrın 22-də Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyanın Soçi şəhərində görüşü baş tutub və 10 maddədən ibarət anlaşmaya imza atılıb. Bundan sonra YPG terror təşkilatının Suriyanın şimalından – Türkiyə üçün həssas bölgədən çəkildiyinə dair məlumatlar yayılmağa başlayıb.

 

Sözügedən prosesdə ABŞ-ın mövqeyi birmənalı olmasa da, Rusiya gedişatdan maraqlı və məmnun görünür. Elə Əsəd rejiminin də proseslərdən razı qaldığı hiss olunur.

 

Baş verən prosesləri AYNA-ya politoloq İlqar Vəlizadə şərh edib.

- İlqar bəy, hal-hazırda baş verən prosesləri Türkiyənin qələbəsi kimi qələmə vermək olar?

 

- Türkiyənin əsas məqsədi ondan ibarət idi ki, YPG/PYD terror qruplaşmaları bölgədən çıxarılsın və zərərsizləşdirilsin. Aparılan əməliyyatların bir məqsədi də bundan ibarət idi. Türk ordusu buna başqa yolla nail olsa da, hər halda bu proseslərdə qalib gəldi. Çünki həm Türkiyə, həm də Rusiya tərəfindən külli miqdarda tələfatın qarşısı alındı.

 

- ABŞ Prezidenti Donald Tramp, Ərdoğanla Putin arasındakı Soçi anlaşmasını müsbət qiymətləndirdi. Ağ Ev bu anlaşmadan nə qədər razı qala bilər?

 

- Ümumiyyətlə, siyasət elə başdan-başa oyundur. Bütün bu açıqlamalar proseslərin görünməyən tərəfindən xəbər verir. Trampın bu fikirlərinə müxtəlif yanaşmalar ola bilər. Lakin bu, real vəziyyətə heç bir təsir göstərmir.

 

- Rəcəb Tayyib Ərdoğan Rusiya səfərindən qayıdanda bildirib ki, Türkiyəyə verilən vədlərə əməl olunmayıb. Türkiyə Prezidentini narazı salan nədir?

 

- Əsas narazılıq ondan ibarətdir ki, bir neçə gün keçməsinə baxmayaraq, kürd yaraqlıları regionu tərk etməyə tələsmirdilər. “Razılaşmanın real çəkisi nədən ibarəti idi”, - deyə sual yaranırdı. Lakin ABŞ qoşunlarının geri çəkilməsi ilə razılaşmanın bir hissəsi yerinə yetirildi. Amma Türkiyənin əsas məqsədi terrorçuların geri çəkilməsidir. O ki, qaldı Avropa İttifaqının tutduğu mövqeyə, Türkiyə haqlı olaraq Avropa İttifaqının onlara problem yaratmasını qəbul etmir.

- Kreml sözcüsü Dmitri Peskov, Bəşər Əsədin Soçi anlaşmasına görə Putinə təşəkkür etdiyini açıqlayıb. Əsəd proseslərin gedişatından razı idisə, Türkiyəyə nə üçün dəstək nümayiş etdirmirdi?

 

- Bəşər Əsəd Türkiyə Cümhuriyyətini işğalçı dövlət kimi tanıyır. Moskvaya isə ona görə təşəkkür edir ki, Əsədin təbiri ilə desək, Rusiya işğal prosesini dayandıra bilib. Ona görə də təşəkkürü Türkiyə əvəzinə Rusiyaya bildirib. Lakin Əsəd özü də müəyyən qədər istəyinə nail olub. Çünki kürdlərin yaşadığı ərazilərdə öz təsirini artıra bilib. ABŞ qoşunları ərazidən çəkilməyə başlayıb. Kürdlər də təkləndikləri üçün məcburiyyət qarşısında Əsəddən kömək istəyiblər. Bu da Əsəd üçün çox əlverişli məqamdır.

 

- Belə olan halda gedişat Türkiyə üçün nə vəd edir?

 

- Türkiyənin əsas məqsədi öz maraqlarını təmin etməkdir. Türkiyənin son illər apardığı siyasət də bunun bariz nümunəsidir. Belə olan halda da, Türkiyə öz maraqlarını qorumaq üçün ABŞ əvəzinə Rusiya ilə münasibətlər quracaq. Son nəticə olaraq regionda ABŞ-ın mövqeyi zəifləyib, Rusiyanın mövqeyi güclənib. Türklər də bu baxımdan Rusiya ilə əlaqələr yaratmağa daha çox meyl edib.

 

- O zaman proseslərə Rusiya daha çox diqtə edir?

 

- Reallıq onu göstərir ki, regionda ən böyük təsirə malik olan ölkə Rusiyadır. Çünki anlaşmalar da göstərir ki, məhz Rusiya ilə əldə olunmuş razılıqlardan sonra kürdlər regionu tərk etməyə başlayıblar. ABŞ-la əldə olunan razılığın isə kürdlərə heç bir təsiri olmadı. Kürdlərin Amerikaya laqeyd yanaşması Türkiyənin Rusiyaya yaxınlaşmasına səbəb oldu. Çünki Rusiya ilə olan münasibətlər, ən azından Türkiyəyə fayda verir.

 

- Belə çıxır ki, Rusiyanın kürdlər üzərində təsiri ABŞ-dan daha çoxdur?

 

- Tamamilə doğrudur! Hadisələr onu göstərir ki, Rusiyanın kürdlər üzərində təsiri ABŞ-dan daha çoxdur.

Müəllif: Mərahim Nəsib      24 Oktyabr 2019 13:26
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin