“Bir qalanın sirri” filminin surdo-tərcümə vasitəsilə nümayişi keçirilib

“Bir qalanın sirri” filminin surdo-tərcümə vasitəsilə nümayişi keçirilib

“Bir qalanın sirri” eşitmə və nitq qabiliyyəti olmayan uşaqlar üçün sudro-tərcümədə nümayiş olunub

 

Nizami Kino Mərkəzində eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqlar üçün “Bir qalanın sirri” filminin surdo-tərcümə vasitəsilə nümayişi keçirilib. İlk dəfə reallaşdırılan bu formatda filmə baxış uşaqlar, yeniyetmələr üçün sevindirici olub.

 

AYNA-ya danışan layihənin rəhbəri Cəsarət Hüseynzadə bildirib ki, “Bir qalanın sirri” filminin surdo-tərcümə versiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqlar üçün kütləvi informasiya vasitələri vasitəsilə surdoloji maarifləndirmə xidmətlərinin aparılması” layihəsi çərçivəsində hazırlanıb.

 

C.Hüseynzadə qeyd edib ki, layihə çərçivəsində bu filmdən əlavə bir cizgi filminin surdo-tərcümə formatında hazırlanması nəzərdə tutulur. Eyni zamanda, 3 mövzuda maarifləndirici videolar hazırlanaraq surdo-tərcümə olunması həyata keçiriləcək. Hazırlanmış ekran əsəri və cizgi filmi disk formasında eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqlara təqdim olunacaq.

 

Layihə rəhbərinin sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına əsasən, bu gün dünyada 360 milyona yaxın insan eşitmə qabiliyyətinin zəifliyindən əziyyət çəkir. O əlavə edib ki, Azərbaycanda da bu qəbildən olan xeyli sayda insan var. Dövlət tərəfindən həmin şəxslərlə bağlı proqramlar genişlənməkdədir. Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil nazirliklərinin birgə işçi qrupunun hazırladığı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsində eşitmə və ya nitq məhdudiyyəti olan şəxslər üçün əlavə imkanların yaradılması üçün hüquqi baza formalaşdırılır. Qanuna ediləcək dəyişiklikdən sonra televiziya proqramlarında, kino və videofilmlərdə subtitr və ya surdo-tərcümə sisteminin tətbiq edilməsi də nəzərdə tutulur.

 

Məlumat üçün deyək ki,  Azərbaycanda ilk dəfə və davamlı olaraq surdotərcüməli filmlər Nizami Kino Mərkəzində təmənnasız nümayiş olunur.

 


 

Müəllif: Raminə Eyvazqızı      23 Oktyabr 2019 23:55
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin