Yoxluq arzulara sərhəd deyil və ya gəl, gör məni eşq neylədi - VİDEO

Yoxluq arzulara sərhəd deyil və ya gəl, gör məni eşq neylədi -           VİDEO

Gah yellər kimi əsən, gah da sellər kimi coşan, bu yolda divanə kimi yana-yana yürüyən, musiqi sevdasına bələnmiş bu qərib aşiqin harayına hay vermək istədik

 

“İstedad əngəl tanımır” misalını, sanki onun üçün deyiblər. Düzdür, fiziki imkanları məhdud deyil, ancaq həyat şərtləri qarşısında bir çox sədlər yaradıb. Kasıbçılıq, yoxluq daxilindəki istedadın ardınca düşüb zirvələri fəth etməyə imkan verməyib. Ancaq yoxluq, özünün də dediyi kimi, arzularına sərhəd çəkə bilməyib.

 

Çox uzatmadan onu - budəfəki qəhrəmanımızı sizinlə də yaxından tanış edək. Qərib Qurbanov 1991-ci ildə Gəncə şəhərində dünyaya gəlib. 2001-ci ildə ailəsi ilə birlikdə Bakıya köçüb. Ali təhsillidir, Azərbaycan Texniki Universitetinin nəqliyyat fakültəsini bitirib.

 

Qərib Qurbanovun ağlı kəsəndən, özünü dərk edəndən ürəyi musiqi ilə döyünüb, qəlbinə, ruhuna musiqi ahəngi hakim kəsilib. Uşaq yaşlarında Qəribin musiqiyə olan həvəsini duyan atası ona cürə saz (balaca saz) hədiyyə edib. Ancaq maddi imkan yol verməyib ki, o, sazda ifa etmək üçün müəllim yanına getsin. Buna baxmayaraq, ruhdan düşməyib, atasının balaca hədiyyəsini körpə bağrına basaraq özü saz çalmağı öyrənib. Kiçik barmaqlarıyla Qərib saza ruh verib, saz isə onu daha da ruhlandırıb və nəhayət əsl saza (iri saz) qovuşdurub.

Sazda nə qədər ifa etsə də, daxilindəki musiqi yanğısı Qəribi rahat buraxmayıb. Yenə də hansısa musiqi alətində ifa etmək, ruhuna hakim kəsilmiş, özünün də adını qoya bilmədiyi duyğularını dilləndirmək eşqi onu gitara ilə tanışlığa vadar edib. Səkkizinci sinfi bitirən kimi, yay tətilində fəhləlik edərək qazandığı pulla özünə gitara alıb.

 

Ancaq bir müddət sonra anlayıb ki, gitara da onu qane etmir, musiqiyə olan daxilindəki təlabatı bu alət də ödəmir. Sonra pianinoya həvəs göstərib, musiqi təhsili olmasa da, heç bir not bilməsə də, pianinoda da bir neçə melodiya ifa etməyə müvəffəq olub.

 

Qərib Qurbanov uzun axtarışlardan sonra nəhayət ki, könlünün məhbubunu tapa bilib. Bir neçə il öncə, sevənlərin ruhunu möcüzəli səsi ilə riqqətə gətirən neyin avazına, daha dəqiq desək, naləsinə aşiq olub. Təəssüflər olsun ki, Qəribin pul kisəsi qəlbi qədər zəngin olmadığından, o, öz məşuquyla, yəni neylə qovuşa bilməyib. Ancaq ruhuna hakim kəsilmiş bu eşq onu rahat buraxmayıb və Qərib xəyali sevgisini özü yaratmağa çalışıb. Bunun üçün isə köməyinə plastik su borusu yetişib. Ney deyə nəfəs verdiyi su borusunu üflədikcə ruhu rahatlıq tapır, sanki borudan çıxan, yer üzündə olmayan fərqli bir insanın səsi Qəribin ruhuna layla çalır.

 

Necə ki, eşq yolçusu Yunis İmrə “Nə turum var, nə turğum, heç yerdə tutmur qərarım, haqqa minacat etməyə bəlli yerim yoxdur mənim”, - deyirdi, eləcə də Qəribin nə neyi var, nə də xəyallarındakı neylə qovuşmağa maddi imkanı. İçindəki heç zaman sönməyən o musiqi atəşi ilə qol-boyun olub, Yunis İmrə kimi eşq yolunda yana-yana yürüyür. Gah sazı bağrına basıb, “Qoca qartal”ı haraylayır, gah gitaraya sığınıb, “hər bir dərddən olur yaman ayrılıq”, - deyərək ah-nalə edir. Gah da özünün hazırladığı xəyali neydə “Gəl, gör məni eşq neylədi”, - deyə haraylayır.

Qəhrəmanımız bu gün musiqi ilə peşəkar şəkildə məşğul ola bilmir, heç aldığı ali təhsil üzrə də işləmir. Universiteti bitirəndən sonra müxtəlif yerlərə öz ixtisasına uyğun iş üçün müraciət etsə də, əliboş qayıdıb. Bir müddət tikintidə fəhləlik edən Qərib, hazırda ailəsinə yardım etmək və öz xərclərini qarşılamaq üçün marketlərin birində satıcılıq edir.

 

Musiqini isə gəlir mənbəyi kimi görmür, heç musiqi ilə məşhurlaşmaq, tanınmaq kimi sevdası da yoxdur. Deyir ki, “musiqi mənim ruhumun qidasıdır, istirahətimdir, musiqi ifa edərkən, sanki başqa, tam fərqli bir dünyaya səyahət edirəm”.

 

Musiqi onun qanına hopsa da, bu sahədə hər hansı bir gələcək də xəyal etmir. Həm musiqi sahəsində təshilinin olmaması, həm də həyat şərtləri onu buna vadar edir. Çünki işləməli, pul qazanmalıdır, yaşamaq və ailəsini yaşatmaq üçün. Ancaq o, musiqini dərindən öyrənmək istəyindən də vaz keçmir. Ona köməklik olunacağı təqdirdə, musiqi təhsilini artırmağı düşünür. Əgər peşəkar musiqiçilərimiz onun bu istedadını dəyərləndirsə və təmənnasız olaraq ona dərs versələr, Qərib var gücü ilə çalışıb onların etimadını doğrultmağa hazırdır.

 

Qəribin istedadına biganə qala bilmədik, ifa etdiyi sazın zənguləsi ruhumuza işlədi, plastik borudan hazırladığı neydə ifa etdiyi musiqi duyğularımıza toxundu. Gah yellər kimi əsən, gah da sellər kimi coşan, bu yolda divanə kimi yana-yana yürüyən, musiqi sevdasına bələnmiş bu qərib aşiqin harayına hay vermək istədik. Ən azı, Qəribi xəyallarındakı sevdiyinə, neyə qovuşdurmaq üçün.

 

Ümid edirik ki, Qərib Qurbanovu tanıyandan sonra peşəkar musiqiçilərimiz də mütləq onun bu istedadını dəyərləndirəcəklər. Həmçinin səxavətli həmvətənlərimiz ona gerçək ney hədiyyə edəcəklər.

Müəllif: Rumiyyə Miraslan      25 Oktyabr 2019 10:09
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin