Fərdi yaşayış evləri hökumət üçün “qordi düyünü”nə çevrilib

Fərdi yaşayış evləri hökumət üçün “qordi düyünü”nə çevrilib

“Bu istiqamətdə mühüm bir yenilik olması üçün Prezidentin fərmanı və ya Nazirlər Kabinetinin qərarı olmalıdır”

 

Məlum olduğu kimi, ölkə Prezidenti çoxmərtəbəli yaşayış evlərinin istismara qəbulunun asanlaşdırılmasını nəzərdə tutan fərman imzalayıb. Rəsmi məlumatlara görə, fərmanın icrası nəticəsində yalnız Bakı şəhərində 400-dək yaşayış binası istismara qəbul edilir və ediləcək ki, bu da minlərlə mənzilə mülkiyyət hüququnu təsdiq edən sənədin – çıxarışın alınmasına gətirib çıxaracaq.

 

Amma çıxarışın (“kupça”) olmaması yalnız çoxmərtəbəli binaların deyil, Bakı və ətrafında yüz minlərlə fərdi evin də ən ciddi problemlərindən biridir. Xüsusilə 2000-ci illərdə Bakı ətrafında sənədləşmə aparılmadan tikilən fərdi evlərin sayı, bəzi məlumatlara görə, 700 mindən yuxarıdır. Bundan əlavə, Bakı kəndlərində sovet dövründən tikilmiş evlərin çoxunun da “kupça”sı yoxdur.

 

Demək olar ki, çoxmərtəbəli yaşayış evlərinin sənədləşmə məsələsi bitmək üzrədir. Lakin fərdi yaşayış evlərinin sənədləşmə məsələsindən heç bir xəbər yoxdur. Fərdi yaşayış evlərinin sakinləri isə buna görə narahatdırlar. Onların evlərinin sənədləşmə işinin aqibəti isə həm bizlərə, həm də sakinlərə maraqlıdır.

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov AYNA-ya açıqlamasında, Prezidentin verdiyi fərmanın fərdi yaşayış evlərinin sənədləşməsinə aid olmağını deyib: “Fərdi yaşayış evlərinin sənədləşmə məsələsi ilə bağlı müvafiq konsepsiya hazırlanıb, işçi qrupları yaradılıb. İşçi qrupları da yerlərdə torpaqların kadastr uçotunu həyata keçirir. Uçot işinin başa çatdığı rayonlarda kadastr uçotunun aparılması işində qeyr-qanuni tikililərlə bağlı məsələlər öz əksini tapır”.

 

“Yerlərdəki işçi qrupları da prosesə qoşulub. Hazırda bu məsələ ilə bağlı müvafiq konsepsiya hazırlanıb Prezident Administrasiyasına təklif olunub. Yəni bu sahədə ümumi işlər aparılır. Yəqin ki, bununla bağlı da qərar veriləcək”, - deyə Q.Xəlilov bildirib.

 

Məsələ barədə AYNA-ya şərh verən Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlının sözlərinə görə, çoxmənzilli binaların istismarına icazənin sadələşdirilməsi ilə bağlı 2019-cu il 19 fevral tarixli fərman mövcud olsa da, fərdi yaşayış evləri ilə bağlı vəziyyət bir qədər fərqlidir: “Deməli, konsepsiya hazırlanaraq hökumətə təqdim olunub. Amma hələ ki, qərar yoxdur. Yəqin, yaxın zamanlarda onunla bağlı qərar da qəbul olunacaq”.

Ekspert bildirib ki, fərdi yaşayış evlərinin sənədləşdirilməsi istiqamətində yeni bir fərman və ya hər hansı bir normativ hüquqi akta dəyişiklik gözlənilir: “Çünki çoxmənzilli binalardan fərqli olaraq fərdi yaşayış evlərinin sənədləşdirilməsi bir qədər fərqli və daha mürəkkəb bir prosedurdur. Burada söhbət, məsələn, qeyri-təyinatlı ərazilərdə, dövlət torpağı üzərində inşa olunmuş fərdi yaşayış evlərindən gedir”.

 

“O mənada hesab edirəm, bu istiqamətdə mühüm bir yenilik olması üçün ən azından Prezidentin fərmanı və ya Nazirlər Kabinetinin qərarı olmalıdır ki, prosesin icrası ilə bağlı addımlar atılsın”, - deyə R.Osmanlı vurğulayıb.

Müəllif: Ülviyyə Şahin      22 Oktyabr 2019 16:07
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin