Çin və İndoneziyadan sonra üçüncü amansız ölkəyik – Bilirsiniz, nəyə görə?

Çin və İndoneziyadan sonra üçüncü amansız ölkəyik –           Bilirsiniz, nəyə görə?

Fərid Mansurov: “Heyvanlara qarşı şiddətə əl atanlar üçün cəza nəzərdə tutulub, amma icra olunmur”

 

Sahibsiz heyvanlarla bağlı sakinlərin narazılıqları, həmçinin küçə itlərinə, pişiklərinə qarşı zorakılıq halları bitib-tükənmir. AYNA-nın həmsöhbəti olan Azərbaycan Heyvanların Müdafiəsi İctimai Birliyinin inzibatçısı Fərid Mansurov bu mövzudan danışıb.

- Bu gün də ən çox itlər amansızlıqların qurbanına çevrilir. Ona görə də ən çox itlərin müdafiəsi ilə məşğul oluruq. Onları küçənin ortasında vururlar, əzirlər. Sahibləri tərəfindən ən çox atılan heyvanlar da itlər olur. Bəzən onları ac saxlayırlar, quru çörəklə bəsləyirlər, böyük itləri zəncirləyirlər, balalarını kiçik qəfəslərdə saxlayırlar. Tarixə baxsaq, görərik ki, it və at insanların dostu olub. Amma bu gün insanlar öz dostlarına amansız zülmlər verirlər. Azərbaycan, itlərə qarşı amansız davranışa görə Çin və İndoneziyadan sonra üçüncü yerdədir.

 

- Heyvanlarla bu cür davranışın hüquqi cəzası varmı?

 

- Azərbaycanda itlərin öldürülməsi və pis rəftara görə cərimə nəzərdə tutulub. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsində yazılıb ki, hər hansı heyvanın öldürülməsi və ya şikəst edilməsinə görə 500 manat cərimə cəzası tətbiq edilir. Təəssüflər olsun ki, hüquq-mühafizə orqanları bu məsələ ilə maraqlanmır. Əksinə göz yumurlar. Biz sosial şəbəkələrlə, şəxsi görüşlərlə insanları maarifləndiririk. Dövlətdən dəstək olsa və bizə şərait yaradılsa, məktəblərdə və başqa yerlərdə də maarifləndirmə işləri apara bilərik. Nazirlər Kabinetinin də təsdiq etdiyi qaydalar var. Həmin qaydalarda göstərilir ki, sahiblər ev heyvanlarını küçəyə atarlarsa, 300 manat cərimə olunmalıdırlar. Təəssüflər olsun ki, bu qanuna da riayət olunmur.

 

- Bir çox insanlar heyvanların müdafiəsinə qalxsalar da, özləri küçə itlərinə sahib çıxmaqdan imtina edirlər…

 

- Bir çox heyvansevərlər evlərində cins itlərlə yanaşı, küçə itləri də saxlayırlar. Təəssüflər olsun ki, Azərbaycanda cins itlərin hamısı xoşbəxt deyil. “Təzə bazar”da satılan cins itlərin çoxu sahibləri tərəfindən şiddət görmüş itlərdir. Heyvansevərlər həmin bazarda bu cür itləri alıb onları yenidən xoşbəxt həyat verməyə çalışırlar. Hər bir heyvansevərin evində, minimum 2 it, 2 pişik var. Ümumilikdə, ölkəmizdə heyvansevərlik anlayışı Leyla Əliyevanın 2011-ci ildə IDEA təşkilatını yaratmasından sonra gücləndi.