Oğul satqın, dost xain, qız əxlaqsız - "Sonuncu pərdə" alınmadı

Oğul satqın, dost xain, qız əxlaqsız -     "Sonuncu pərdə" alınmadı

"Bakirəliyini pula satan tələbə qız sonda bütün kişilərə bircə sözlə möhtəşəm “dərs verir”"

 

"Pərdə" və "İkinci pərdə" filmləri ilə daha çox tamaşaçı sevgisi və rəğbəti qazanmış rejissor Emil Quliyevin ərsəyə gətirdiyi daha bir film – “Sonuncu pərdə” bu günlərdə tamaşaçılara təqdim olundu.

 

“Park Cinema” kinoteatrı tərəfindən “Alov qüllələri”ndə təşkil olunmuş təqdimat mərasimi çox izdihamı keçdi. O qədər qonaq var idi ki, sözün əsl mənasında, iynə atsan, yerə düşməzdi. Qala gecəsinə təşrif buyurmuş məşhurlardan tutmuş, sıravi tamaşaçılara qədər hər kəs filmin təqdimatını səbrsizliklə gözləyirdi. Filmin öncədən yayılmış anonslarından ehtimal olunurdu ki, budəfəki ekran işi də, ən azı əvvəlkilər kimi möhtəşəm alınıb. Elə ona görə də heç kim dəvəti qaçırmamışdı və buna görə qonaqları bir zala yerləşdirmək mümkün olmadı. Əksər hallarda olduğu kimi, bu dəfə də “qara fəhlələri”, yəni media nümayəndələrini məşhurlardan ayıraraq kiçik zala topladılar.

Park Cinema adlı şəxsin şəkli.

Film başlar-başlamaz isə anlaşıldı ki, “Sonuncu pərdə” sələfləri ilə müqayisədə xeyli sönük qalıb. Filmin personajlarının danışıq təbirincə desək, Emil Quliyev bu dəfə “tutuzdura bilməyib”. Səbələrini açıqlamaq, filmi təhlil etmək, əlbəttə ki, tənqidçilərin, bu sahəyə yaxından bələd olan insanların işidir. Buna baxmayaraq, mən də jurnalist, daha doğrusu tamaşaçı olaraq, filmin bir neçə əmmasını qeyd etmək istəyirəm. Daha doğrusu, filmi izləmək üçün kinoteatrlara üz tutacaq tamaşaçılara bir neçə məsləhət vermək yerinə düşər.

 

Əvvəlcə onu bildirim ki, filmə xarici ölkədən gəlmiş hər hansı bir dostunuzla, qonağınızla, həmçinin azyaşlı övladınızla getməyin. Çünki filmi izlədikdən sonra əcnəbi dostunuzda Azərbaycan haqqında heç də xoş olmayan təəsüratlar formalaşacaq. Düşünəcək ki, bütün Azərbaycan ailələrində hər kəs jarqonla, söyüşlə, təhqirlə danışır. Personajların işlətdikləri vulqar ifadələr sayəsində isə övladınızın söz bazası xeyli “zənginləşəcək”.

 

Xarici dostunuz, həmçinin o qənaətə gələcək ki, Azərbaycanda normal kişi yoxdur. Ona görə ki, filmdə, bir dənə də olsun, müsbət kişi obrazı tapmayacaqsınız, bütün kişi obrazları satan, satılan, ancaq öz mənfəətini güdən, özünü düşünəndir. Sanki kişilyə xas olan bütün dəyərlər məhv olub, satılıb. Oğul atanı, dost dostu, qonşu qonşunu, qohum qohumu, heç tərəddüd belə etmədən, maşına, işə, pula, hətta iki sumka bazarlığa, satıcıdan alınmayan “zdaçi”yə belə satır. Filmin sinopsisində deyildiyi kimi: "Bəzən maddiyyat dostluqdan, vicdandan, insanlıqdan və hətta məhəbbətdən belə üstün olur. Hətta “yüz ilin” dostları belə, bir anın içində hər şeyini tamahına qurban verib səhv yola addım atırlar. Bəlkə də, bu kimlər üçünsə düzgün seçimdir. Yoxsa insani dəyərlər artıq dəyişib?"

 

Hətta Xalq artisti Vidadi Həsənovun canlandırdığı ata obrazı belə, bütünlükdə müsbət deyil, onun da mənfi xüsusiyyətləri var. O, içki düşkünüdür, elə buna görə də ailəsinə “gün ağlaya” bilməyib, həyat yoldaşı bu səbəbdən vaxtsız vəfat edib, ata kimi, böyük oğluna nə normal təhsil, nə də tərbiyə verə bilib.

Park Cinema adlı şəxsin şəkli.

Daha bir məqamı da qeyd etməsəm, olmaz. Filmdən elə anlaşılır ki, bu ölkədə hüquq mühafizə orqanı deyilən bir anlayış, ümumiyyətlə yoxdur. İstənilən şəxs istədiyi vaxt, nəinki bir, hətta bir neçə şəxsi güllələyib öldürə, sonra isə rahatlıqla öldürdüklərinin qanını pulla satın ala bilər.

 

Hə, bunlarla yanaşı, filmi rayonlarda yaşayan qız ataları, anaları izləməsə, daha məsləhətlidir. Ona görə ki, qızlarımızın ali təhsil alması barədə illərdir apardığımız mübarizəni “Sonuncu pərdə” kökündən baltalayır. Biz rayonda yaşayan qızlarımızın erkən nikaha yox, ali təhsilə cəlb olunmasını təbliğ edirik, bu filmdə isə rayondan şəhərə ali təhsil almaq üçün gəlmiş qız əxlaqsız obrazında təqdim edilir. Bu da təbii ki, şəhərə ali təhsil almağa qız övladını göndərən ataların güvəninə zərbə vura bilər.  

 

Atalarımız deyir ki, “igidi öldür, amma haqqına girmə”. İndi mən də Emil Quliyevin haqqına girməmək üçün filmin müsbət tərəflərini də qeyd etmək istəyirəm. Birincisi, millət olaraq, tamamilə satılmamışıq, içimizdə bircə nəfərin olsa belə, mübarizə əzmi ölməyib, hətta ölsə belə, sonunadək dirənməyi, həqiqəti deməyi bacarır. O cümlədən, nə qədər murdar, əclaf olsa da, qadınının ünvanına xoş olmayan sözlər səsləndirən şəxsi gözünü belə qırpadan qanına qəltan edir.

Park Cinema adlı şəxsin şəkli.

Filmdə günümüzün ən aktual problemləri də əks olunub. Məsələn, qəbir yerlərinin pulla, hətta kredit yolu ilə satılmasına, xəstəxanalarımızın xarabalığa bənzəməsinə AYNA tutulub. Pulun varsa, məzarlığın ən dəbdəbəli, şəhərə panoramalı hissəsində dəfn olunacaqsan, pulun yoxdursa, meyitin ortalıqda qalacaq. Maddi imkanın əl verirsə, şəhərin ən prestijli xəstəxanalarının birində müalicə olunacaqsan, əks təqdirdə, morqa bənzəyən Sabunçu xəstəxanasında.  

 

Hə, diqqətimi çəkən daha bir məqamı da qeyd edim, bakirəliyini pula satan tələbə qız sonda filmin bütün kişi obrazlarına bircə sözlə möhtəşəm “dərs verir”. Özünü satmaq bahasına olsa belə, rəfiqələri kimi maşın sahibi olmaq istəyən qızcığaz hər kəsdən qeyrətli çıxır. Bu məqamda isə nədənsə bir anlıq Gi De Moposanın “Gombul”u gözlərimin önündə canlandı. Tamamilə fərqli obrazlar olsalar da, bu obraz da “Gombul” kimi çox uğurlu mesaj verir...

 

Nə isə... Daha çox yazıb kiminsə ağlını qarışdırmaq istəmirəm, bir qədər də özünüz filmi izləyərək analiz etsəniz, daha yaxşı olar. Ancaq bir daha vurğulamaq istəyirəm ki, şəxsi qənaətimcə, Emil Quliyev bundan öncəki  “Pərdə”lərdə ailə-məişət mövzularında daha sanballı iş ortaya qoymuşdu.

 

Sonda qeyd edim ki, “Sonuncu pərdə” prodüseri, rejissoru və ssenari müəllifi Emil Quliyev, ikinci ssenari müəllifi Qorqud Cəfər, quruluşçu operatoru Orxan Abbasovdur. Filmdə Xalq artisti Vidadi Həsənov, Oqtay Mehdiyev, gənc aktyorlar, Cövdət Şükürov, Nofəl Şahlaroğlu, Əlibəy Məmmədli və başqaları rol alıblar.

Müəllif: Rumiyyə Miraslan      20 Oktyabr 2019 20:30
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin