Sahibsiz itlər sığınacağında bir gün – FOTOLAR

Sahibsiz itlər sığınacağında bir gün –       FOTOLAR

“Onlar da qruplara bölünür və hər qrupun öz rəhbəri olur”

 

İt – insana sadiq olan iki heyvandan biri hesab olunur. Amma bəlkə, ən acımasız davrandığımız heyvan da itdir. Onları döyür, öldürür, küçəyə atır, işgəncə veririk...

 

Lakin cəmiyyətimizdə elə insanlar var ki, köpəklərə xüsusi qayğı göstərir, onlara sahib çıxırlar. Rövşən Tahirov da belə insanlardandır. O, 5 ildən artıqdır ki, it sığınacağı yaradıb. Abşeron rayonu Pirəkəşkül qəsəbəsində yerləşən həmin sığınacaqda yüzlərlə it saxlanılır. Bir müddət öncə, Ümumdünya Heyvanların Mühafizəsi günü ərəfəsində, AYNA əməkdaşı, “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzinin baytar həkimləri ilə birlikdə sözügedən sığınacağa baş çəkib...

 

Avtomobilin səsini eşidən itlər həşirə düşdü. Təxminən, 320 it birdən hürüşməyə başladı. Məhz belə it sığınacaqları yaşayış məntəqələrindən uzaqda yerləşməlidir ki, heç kimə mane olmasın. Axı insanların əksəriyyəti itləri səslərinə görə sevmir.

Sığınacağa daxil olmaq istədik. 10-15 it bizi elə qapıdaca qarşıladı. Quyruqlarını bulaya-bulaya üzərimizə tullandılar. Onların içində cəmi 2-3 aylıq olan bir balaca küçük də var idi. Həmin küçük bir neçə dəqiqə keçmədi ki, gözdən itdi. Gözlərimlə onu axtarırdım. Birdən divarın küncündə uzanan bir itin yanında qısılaraq uzandığını gördüm.

 

İt xəstə idi. Ağzında ağızlıq vardı. Həkimdən öyrəndim ki, ağ ciyərlərində problem yaranıb və neçə gündür bu vəziyyətdədir. Bu balaca it isə ona pənah gətirib. Hər ikisi bu sığınacaqda yenidir. Bəlkə də yeni sakin olmaları onları doğmalaşdırmışdı... Bəlkə o balaca it onu öz anası hesab edirdi. Kim bilir…

Həkim-baytarlar xəstə heyvana tibbi yardım göstərdilər, ona sistem asdılar. İt dayanmaq istəmirdi. R.Tahirov onu dilə tutdu, başını sığalladı, nəticədə köpək ram oldu.

 

Qəribə mənzərə idi. İt də xəstə olanda sevgiyə, qayğıya ehtiyac duyarmış. Sistemi asdılar, bir həkim xəstə itin yanında dayandı. Biz isə başqa xəstə itləri müayinə üçün sığınacaqda olan digər yuvalara doğru yol aldıq.