“Şərq Tərəfdaşlığı” istiqamətində daha fərqli şəraitin şahidi olacağıq

“Şərq Tərəfdaşlığı” istiqamətində daha fərqli şəraitin şahidi olacağıq

İsveçli nazir Ann Linde: “Azərbaycan daha fərqli ölkə olduğunu göstərir”

 

İsveçin təzə təyin olunmuş Xarici İşlər naziri Ann Linde bu ölkədə akkreditasiyadan keçmiş bir qrup xarici jurnalist üçün mətbuat konfransı keçirdi. Verilən suallar, əsasən Türkiyənin Suriya ilə sərhəd zonasında apardığı hərbi əməlliyyatlar haqqında oldu.

 

Bu məsələdə İsveçin mövqeyi Avropa İttifaqının və ABŞ-ın mövqeyindən, demək olar, fərqlənmir. Oktyabrın 14-ü axşam saatlarında İsveçin Strateji Məhsullara Nəzarət adlı dövlət qurumunun yaydığı bəyanatda bildirilirdi ki, bu ölkə Türkiyəyə hər cür silah və döyüş sürsatı satışını dayandırmaq qərarındadır.

 

İsveç 2014-2017-ci illər arasında Türkiyəyə 740 milyon avroluq hərbi təyinatlı məhsul satıb: bunlar əsasən barıtdan və partlayıcı maddələrdən ibarət olub. Strateji Məhsullara Nəzarət təşkilatının baş meneceri Karl Yohan Vislander (Carl Johan Wislander) “həmin dövrdən sonra Türkiyəyə silah və döyüş sürsatı olaraq daha 300 milyon avroluq mal satıldığını, lakin hazırda belə ticarət əməliyyatlarının tamamilə dayandırıldığını və satış lisenziyalarının ləğv edildiyini” mətbuata açıqlayıb. İndiyədək Türkiyəyə ixrac edilən hərbi mallar sırasında elektron döyüş tankları, mühafizə avadanlıqları, proqram məhsulları, ilk yardım qutuları, qoruyucu örtüklər və s. vəsaitlər olub.

 

Mətbuat konfransının ərəfəsində, oktyabrın 14-də Lüksemburqda Aİ ölkələri XİN rəhbərlərinin iclasında İsveçin Xarici İşlər naziri Ann Linde də bu ölkənin Türkiyəyə silah və döyüş sürsatı satışını dayandıracağını söyləmişdi. Onun ilk mətbuat konfransının daha çox həmin məsələyə həsr olunduğunu desək, yanılmarıq.

 

Mətbuat konfransında xanım Linde, Press Klub-un Skandinaviya üzrə nümayəndəsinin də suallarını cavablandırıb:

 

– Türkiyənin hərbi əməliyyatları hazırda ən aktual mövzudur, bu barədə çox danışıldı, mənsə fərqli sual vermək istəyirəm. Bu il Şərq Tərəfdaşlığı” proqramının 10 illiyidir. İsveç və Polşa həmin proqramın təşəbbüskarlarıdır. Aİ ilə Azərbaycan arasında köhnə tərəfdaşlıq müqaviləsinin müddəti bitir, yeni müqavilə üzrə 2017-ci ilin fevral ayından başlanmış danışıqlar isə 32 aydır davam edir. Onlar hansı mərhələdədir və ümumiyyətlə bu layihənin davamı, gələcək perspektivləri hecə olacaq?

 

– Sizi bütünlükdə “Şərq Tərəfdaşlığı” proqramı maraqlandırır, yoxsa onun məxsusi Azərbaycana aid hissəsi?

 

– Bəli, Azərbaycana aid hissəsi.

 

– Əgər yeni gəlişmə varsa, bunu gərək araşdırım. Amma ümumi olaraq demək istəyirəm ki, biz noyabrın 4-5-6-da İsveçdə Avropa Şərq Tərəfdaşlığı proqramının 10 illiyini qeyd etməyə hazırlaşırıq. Sizin də vurğuladığınız kimi, proqram layihəsinin təşəbbüskarı İsveç və Polşadır. Biz bütün Şərqi Avropa tərəfdaşlarımızı və əlbəttə ki, ilk növbədə Xarici İşlər nazirliklərinin, habelə cəmiyyətin maraqlı təbəqələrinin nümayəndələrini bu yubiley mərasiminə dəvət etməyə çalışmışıq. Proqrama qoşulmuş 6 ölkə bir-birindən fərqlıdir. Onların bu proqramda iştirakı da fərqlidir. Məsələn, Ukrayna müharibədən çıxmış bir ölkə olsa da, indi islahatlara daha çox meyillidir. Bu yaxınlarda Ukrayna Xarici İşlər naziri ilə məhsuldar görüşümüz oldu. Amma, məsələn, Ermənistan və Azərbaycanda bu prosseslər Ukraynadakı kimi tez getmir, hətta deyərdim ki, çox ləng gedir. Əlbəttə, Gürcüstan və Belarusda da tam fərqli şərait mövcuddur. Moldovada həmçinin. Yəni, üç ölkə – Ukrayna, Gürcüstan və Moldova – üzərlərinə götürdükləri öhdəlikləri, Aİ-nin şərtlərini daha tez yerinə yetirib. Digər üç ölkə haqqında isə bunu deyə bilmərik. Ayrıca Azərbaycandan danışsaq, bu ölkə proqramda iştirak edən digər 5 ölkədən daha fərqli bir ölkədir. Azərbaycanın Aİ-yə yanaşması onun fərqli olduğunu qabarıq göstərir. Amma biz hesab edirik ki, “Şərq Tərəfdaşlığı” istiqamətində danışıqlar davam etməlidir və məncə, lap bu yaxınlarda – 7 noyabrdan sonra yeni və daha fərqli şəraitin şahidi olacağıq.

 

Rahim Sadıqbəyli (Stokholm/İsveç)

Müəllif: Ayna.az      17 Oktyabr 2019 18:11
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin