İran Azərbaycana müasir texnoloji məhsullar satmaq istəyir

İran Azərbaycana müasir texnoloji məhsullar satmaq istəyir

Səfir: “İran şirkətlərinin Azərbaycandan olan həmkarları ilə yeni əməkdaşlıqları qurulacaq”

 

İranın 50-dən çox şirkətinin nümayəndələri Bakıda səfərdədirlər. AYNA xəbər verir ki, bu gün həm İrandan olan, həm də yerli şirkətlərin nümayəndələrinin iştirakı ilə, İran və Azərbaycanın ilk texnologiya şirkətinin biznes forumu keçirilib.

 

Forumda çıxış edən İran İslam Respublikasının (İİR) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə deyib ki, Azərbaycan ilə İran arasındakı iqtisadi, mədəni əlaqələrin genişlənməsi üçün işlər davam etdirilir: “Bu səbəbdən dövlətlərarası əməkdaşlıq çərçivəsində İran şirkətlərinin Azərbaycandan olan həmkarları ilə yeni əməkdaşlıqları qurulacaq. Əməkdaşlığa cəlb olunan İran şirkətləri, əsasən sənaye, avtomobil, polimer, qida sektoru üzrə ixtisaslaşıb”.

 

Səfir bildirib ki, İranda 4500-dən çox müasir texnologiyalar istehsal edən şirkət var: “Onlardan 50-si hazırda Bakıya öz fəaliyyətlərini tanıtmaq üçün gəlib”.

 

Daha sonra çıxış edən İran İnnovasiyalar və Texnologiyalar Fondunun rəhbəri Əli Vəhdət məlumat verib ki, İran müasir tenologiyalar və innovasiyalar üzrə dünyada qabaqcıl yerlərdən birini tutur: “Şirkətlərimiz dünya bazarında nüfuz qazanmış şirkətlərlə rəqabət aparır”.

 

Forumda İranın nüfuzlu şirkətlərindən olan “Pardazesh Company”, “Maqnolia Flavor and Fragrance Co.”, “Takegene Probiotik Products” və başqalarının təmsilçiləri təqdimatla çıxış ediblər.

 

Məlumat üçün deyək ki, səfər çərçivəsində Təbriz Texnologiyalar Parkının nümayəndələri və digər bir qrup şirkət təmsilçiləri Sumqayıt Texnologiyalar Parkında görüş keçirəcəklər. Görüşün nəticəsi olaraq iki ölkə arasında əməkdaşlıq müqavilələri imzalanacağı nəzərdə tutulur.

Müəllif: Ayna.az      16 Oktyabr 2019 15:07
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin