İstanbul azərbaycanlı ədibə qucaq açdı: "Bizim məmurlar anlasınlar ki, dövlətçilik nədir"

İstanbul azərbaycanlı ədibə qucaq açdı: "Bizim məmurlar anlasınlar ki, dövlətçilik nədir"

Aygün Həsənoğlu: "Azərbaycanın dövlət qurumlarına 700-ə qədər layihə və təklif verdim, ancaq maraqlanmadılar"

 

Türkiyədə yaşayan azərbaycanlı dramaturq, İstanbul Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyinin rəhbəri Aygün Hasanoğlunun İstanbul Bələdiyyəsinə təqdim etdiyi təkliflər paketi qəbul olunub. Bu barədə Türkiyədə fəaliyyət göstərən azərbaycanlılara məxsus “Asasmedya” saytında məlumat verilib.

 

Aygün Həsənoğlu özü AYNA-ya açıqlamasında təkliflər paketində yer alan məsələlər barədə danışıb. O bildirib ki, İstanbul Bələdiyyəsinə təqdim etdiyi 19 maddəlik təklif və layihə paketi müsbət qarşılanıb: “Bəyəndiklərini və həyata keçirilməsi üçün lazımi işlərin görüləcəyini dedilər. Əslində, təkliflər paketini hələ bələdiyyə seçkilərindən əvvəl hazırlamışdım. Lakin seçki uzandığı üçün gözləməyə məcbur oldum. Sentyabrın 19-da 19 təklifdən ibarət məktubumu bələdiyyənin dəftərxanasına təhvil verdim. Mənə sənəd nömrəsi verdilər, bu nömrə ilə internetdən məktubumun icrasını izləyə biləcəyimi bildirdilər”.

“Təkliflər arasında binaların tikilməsi zamanı hər mənzilə günəş düşməsinin gözlənilməsi, binaların altında avtomobil parklarının, damında isə Yaponiyada, Çində olduğu kimi, kiçik yaşıl parklar salınması, metrobusların tramvaylarla əvəz edilməsi, plastik qabda satılan məhsulların marketlərin qarşısında günəş altında qoyulmasının qadağan edilməsi kimi məsələlər vardı. Həmçinin şəhərdə zəlzələ və digər təbii fəlakətlərdən qorunmaq üçün sığınacaqların tikilməsinə də xüsusi yer ayırmışdım", - deyə həmsöhbətimiz bildirib.

 

Həsənoğlunun sözlərinə görə, paketdə Azərbaycanla bağlı təkliflər də yer alır: "İstanbulda küçələrə Nizami Gəncəvinin və Hacı Zeynalabdin Tağıyevin adının verilməsini təklif etmişəm. Qeyd etmişəm ki, fərqli ölkələrin ən böyük şəhərlərinin adlarının küçələrə verilməsi, şəhərin tarixi yerlərində tarixi şəxsiyyətlərin abidələrinin qoyulması çox müsbət addım olar. Həmçinin ölkənin tarixini əks etdirən çadırların qurulmasını, İstanbulda fərqli xalqların mədəniyyət günlərinin keçirilməsini irəli sürmüşəm”.

 

Dramaturqu oktyabrın 10-da İstanbul Bələdiyyəsinə dəvət ediblər: “Bələdiyyənin Layihələr və Tədqiqatlar Şöbəsinin (ETĞD VƏ PROJELER) müdiri Dr.Hikmət Erkanla görüşümüz, haradasa 2 saata qədər çəkdi. Hikmət Erkan əvvəlcə İstanbula olan diqqətimə və münasibətimə görə təşəkkürünü bildirdi. Təkliflərimin diqqətlərini cəlb etdiyini, ona görə də şəxsən görüşmək istədiyini dedi, əlavə etmək istədiyim bir fikir olub-olmadığını soruşdu”.

 

“Təbii ki, söhbət zamanı yeni təkliflərim də oldu. Məsələn, Hacı Zeynalabdin Tağıyev tərəfindən İstanbulda tikilmiş binaya onun rəsminin və barəsində məlumatın vurulmasının vacibliyini vurğuladım. Həmin binada bir otaq ayrılarsa, orada Türkiyə ilə Azərbaycanın qarşılıqlı yardımlarını əks etdirən bir muzey aça biləcəyimizi dedim. Eyni zamanda, Sultan Əhməd kimi meydanlarda satıcıların milli geyimdə olmasını, burada önəmli şəxsiyyətlərin abiələrinin qoyulmasını, meydanda müxtəlif milli tədbirlərin keşirilməsinin maraqlı olacağını da qeyd etdim. İstanbulun siyasi simasının mədəniyyət simasına çevrilməsinin əhəmiyyətindən danışaraq, mədəniyyətin xalqları birləşdirdiyini nəzərə alaraq, bu şəhəri dünya mədəniyyətlərinin birləşdiyi bir şəhərə çevirmək üçün silsilə və kompleks tədbirlər təşkil edilməsinin vacib olduğunu dedim”, - həmsöhbətimiz vurğulayıb.

 

A.Həsənoğlunun sözlərinə görə, son dərəcə səmimi keçən söhbətdə Hikmət Erkan onu sona qədər dinləyib, əməkdaşı isə qeydlər aparıb: “Sonra Hikmət bəy bu təklifləri bəyəndiyini və müvafiq şöbələrə göndəriləcəyini bildirdi, mənim bələdiyyə sədri ilə şəxsən görüşməli olduğumu dedi. Söhbət əsnasında İstanbul Eminönü limanında bir paraxodda Xocalı-Qarabağ sərgisi təşkil etmək arzumu da çatdırdım. Hikmət bəy əlaqədar təşkilatlarla mənim yanımdaca əlaqə saxlayaraq bütün prosesi öyrəndi və izah etdi. İstanbulda Beynəlxalq Terror və Soyqırımlar Muzeyi açmaq istədiymi qeyd etdiyimdə Hikmət bəy bu layihəyə dəstək verə biləcəklərini bildirdi. İstanbulda Azərbaycan Mədəniyyət Mərkəzinin və məktəbinin yerləşəcəyi bir bina tikmək üçün əraziyə ehtiyacımız olduğunu bildirərək məsləhət istədim. Hikmət Erkan bələdiyyənin bu işlə məşğul olacağını deyərək əlaqəni kəsməməyi məsləhət gördü və qapılarının hər zaman açıq olduğunu bildirdi”.

 

“Beynəlxalq Terror və Soyqırımlar layihəsini və Azərbaycan məktəbinin tikilməsi üçün ərazi istədiyimizi Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun sədri, millət vəkili Şamil Ayrıma da təqdim etmişdim. Şamil bəy də bu layihələri bəyəndi və mümkün qədər dəstək olacağına söz verdi. Eyni zamanda Şamil bəyə 17 seriyalıq bir ssenarimi təqdim etdim. Bu ssenari 1916-1932-ci illərdən bəhs edir”, - deyə dramaturq qeyd edib.

 

Aygün Həsənoğlu onu da bildirib ki, indiyə qədər Azərbaycan dövlət qurumlarına da 700-ə qədər layihə və təklif verib: “Ancaq bir dəfə də maraqlanmadılar. Əvəzində neçə layihəmi məmurlar mənimsəyərək öz adlarına çıxdılar. İndi bizim bəzi məmurlar anlasınlar ki, dövlətçilik nədir”.

Müəllif: Rumiyyə Miraslan      17 Oktyabr 2019 10:15
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin