“Türk Şurası toplantısının nəticələrini ən qısa zamanda görəcəyik”

“Türk Şurası toplantısının nəticələrini ən qısa zamanda görəcəyik”

Toğrul İsmayıl: “Avrasiya İqtisadi Birliyinin əhəmiyyətini itirdiyi bir vaxtda, Türk Birliyinin varlığı olduqca vacibdir”

 

Xəbər verdiyimiz kimi, bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII Zirvə Görüşü keçirilib. Toplantıya 6 ölkənin rəhbərləri qatılıb.

 

VII Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov və Macarıstanın Baş Naziri Viktor Orban işitirak edib.

 

Bakıda keçirilən toplantı barədə AYNA-nın suallarını, Türkiyənin TOBB Universitetinin professoru, beynəlxalq münasibətlər üzrə ekspert Toğrul İsmayıl cavablandırıb.

- Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının toplantısı türk dövlətləri arasında inteqrasiya, xüsusən də iqtisadi inteqrasiya istiqamətində addımlarının atıldığının göstəricisidir. Həssas bir dönəmdə bu addımların atılmasının özü də müsbət göstəricidir. Həm də ki, bu toplantıda böyük ruh yüksəkliyi var idi. Doğrudur, liderlər bir sıra məsələləri, əsasən rus dilində müzakirə edirdilər, amma buna baxmayaraq zirvənin əsas mahiyyətinə bu prizmadan yanaşmaq da düzgün olmaz. Düşünürəm ki, bu zirvənin nəticələrini ən qısa zamanda görəcəyik. Xüsusilə də Rusiyada yaşanan iqtisadi böhran nəticəsində və Avrasiya İqtisadi Birliyinin gözdən düşdüyü zamanda Türk Birliyinin varlığı olduqca vacibdir.

 

- Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayev görüş ərəfəsində türkdilli dövlətlər” ifadəsini “türk dövlətləri” ifadəsi ilə əvəzləməyi təklif edib. Təklifin qəbul edilməsi nə qədər əhəmiyyətlidir?

 

- Nazarbayev hər zaman olduğu kimi, bu dəfə də məntiqli təklif irəli sürüb. Çünki biz türkdilli dövlətlər yox, türk dövlətləriyik. Türkdilli kəlməsi ruslar tərəfindən ifadə edilən bir sözdür. Türkdilli və rusdilli deyimi, etnik mənsubiyyəti olmayan, lakin türk dilində danışan qruplaşmalar anlamına gəlir. Bu cəhətdən Rusiya Federasiyasını belə, türkdilli dövlət sayımaq olar. Lakin Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstan kimi ölkələr türkdilli dövlətlər sayıla bilməz. Çünki bu dövlətlər milli mənsubiyyət baxımından türk dövlətlərdir. Bu məsələyə siyasi baxımdan nəzər salanda da görərik ki, türkdilli dövlətlər artıq Rusiyanın təsirindən xilas olaraq türkləşməyə cəhd edir.

 

- Görüş əsnasında o da təklif olunub ki, toplantıda iştirak edən ölkələr arasında ortaq məhkəmə sistemi yaradılsın. Bu sistem dərəcədə uğurlu ola bilər?

 

- Bu, mümkündür. Çünki bu sitemin dünyada da praktikası var. Türk dövlətləri beynəlxalq layihələrdə iştirak etmək əvəzinə, öz aralarında bu cür sistem qursa, problemləri daha asan yolla həll edə bilər.

- Toplantıya qatılan dövlətlərin əksəriyyəti vaxtilə SSRİ-nin tərkibində olub və hazırda Rusiya özünü hələ bu MDB məkanında nüfuz sahibi hesab edir. Türk birliyinə Moskvanın münasibəti necədir?

 

- Dünyada ABŞ-ın, ərəb ölkələrinin və başqa dövlətlərin liqaları var. Bu baxımdan türklərin də bir araya gəlməsinin hansısa bir ölkəyə qarşı olmaması başa düşülməlidir. Bu cəhətdən Rusiya da bu siyasi birliklə məsafəsini, maraqlarını qoruyacaq və “soyuq müharibə” dövründəki stereotiplərdən xilas olmağa çalışacaq.

 

- TDƏŞ-in Bakıya səfər etdiyi gün, ATƏT-in Minsk Qrupunun həmsədrləri də Yerevana səfər ediblər. Sizcə, təsadüfdür?

 

- Düşünürəm ki, hansısa xüsusi plan var. Çünki belə görüşlər əvvəlcədən planlaşdırılır. Ermənistanın Rusiya ilə sıx əlaqəsi var və Ermənistanı Rusiyadan asanlıqla ayırmaq mümkün deyil. Çünki belə olan halda Ermənistan həm daxili, həm də xarici siyasətini dəyişməyə məcbur olaraq. Ki, bu da yeni prosesdir və Ermənistan buna hələlik hazır deyil. Ermənsitanın asan və rahat fəaliyyət göstərməsi Rusiyadan asılıdır və Rusiyadan istədiyi qədər həm siyasi, həm də iqtisadi baxımdan mənfəət əldə edir.

Müəllif: Mərahim Nəsib      15 Oktyabr 2019 19:12
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin