“Haray, haray, mən Türkəm” deyən gəncə SƏRT CƏZA

“Haray, haray, mən Türkəm”  deyən gəncə     SƏRT CƏZA

İranda azərbaycanlı gənci 13 il müddətinə azadlıqdan məhrum ediblər

 

Cənubi Azərbaycanın "Traktor" komandasının azarkeşinə 13 il həbs cəzası kəsilib. Bu barədə AYNA-ya Cənubi Azərbaycanda yaşayan soydaşlarımız məlumat veriblər.

 

Bildirilib ki, "Traktor" komandasının azarkeşlərinin başçılarından biri olan Kazım Səfabəxş  (Kazım Koroğlu kimi tanınır – red.) 25 noyabr 2018-ci il tarixdə "Traktor"un önəmli oyunlarından birində həbs olunub. 30 yaşlı gənc Tehran məhkəməsinin qərarı ilə 13 il müddətinə azadlıqdan məhrum edilib.

Tehran İnqilab Məhkəməsi Kazım Səfabəxşə 24 iyun tarixində bir neçə ittihamla 13 il həbs cəzası kəsib. Hazırda o, Tehranın qatı cinayətkarların saxlandığı, məhkumlara verilən işgəncələrin ağırlığı ilə dünyada tanınan “Evin” zindanında saxlanılır.

 

Yaxınlarının verdiyi məlumata görə, K.Səfabəxş bu əməllərdə ittiham olunur: Birinci, bölücü qrup yaratmağa görə 10 il həbs. İran qanunlarına görə, icazəsiz qrup qurmaq və idarə etməyin cəzası 2 ildən 10 ilə qədərdi. Bu qurulan qrupun idarə heyəti, logosu olmalıdır. "Traktor" tərəfdarı olan Kazım Səfabəxşin isə belə bir nizam-intizamlı qrupu yoxdur. O, sadəcə “Telegram” sosyal şəbəkəsində 21 nəfərdən ibarət “Dəliqanlılar” adlı söhbət qrupu yaradıb. İkincisi, iğtişaşlar yaratmağa görə 2 il həbs.  Gəncə bu ittiham “Traktor”un oyunlarında şüarlar səsləndirmək və səslətdirmək, stadionda polislərlə dava-dalaş salmağa görə irəli sürülüb. Üçüncüsü, İran hökumətinin əleyhinə danışmaq və işləmək. Bu ittihamın açıqlamasında isə gəncə Türk milli kimliyini göstərmək üçün tutduğu Bozqurd işarəsi, “Traktor”un oyununda səsləndirdiyi “Ölmək var, dönmək yox” şüarı əsas göstərilib.

 

Kazım Səfabəxşin ittihamları arasında, Tehranda keçirilən kitab sərgisində türkcə kitablardan ibarət guşə qurması və orada “haray, haray mən Türkəm” banneri açması, həmçinin yerlərdə Azərbaycan bayrağı dalğalandırması da yer alır.

 

Əslən Meşkindən olan və anası ilə birlikdə Tehranda yaşayan gənc fəalın anası yaşlı olduğuna və farsca bilmədiyinə görə oğlunun məhkəmələrini izləyə bilmir.

Müəllif: Ayna.az      26 İyun 2019 18:16
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin