O qadın döyüşçüyə qələbə borcum var...

O qadın döyüşçüyə qələbə borcum var...

Qarabağ xatirələri...

 

O vaxt vəziyyət çox ağır idi. O qədər ağır idi ki, ümid bir Allaha qalmışdı, bir də döyüşçülərin qeyrətinə. Düşmən irəliləyirdi.

 

Bir gün yol kənarındakı köhnə çayxanada oturmuşdum. Çayxana bir növ ərzaq-silah məntəqəmizə dönmüşdü. Məlumatları da bir-birimizdən burada alırdıq. Günorta vaxtı bir yük maşını gəldi. Maşından üst-başı toz içində, qısa çal saçları arxaya daranmış bir qadın endi. Çox yorğun görünsə də, yerişi qətiyyətliydi. Üzü yanıb qaralmışdı. Gözləri o qədər dərin, baxışları elə sərt idi ki, adam onun önündə kiçilirdi. Ətrafı diqqətlə gözdən keçirdikdən sonra, “Lazım olan şeyləri maşına yükləyin!”, – deyib, yaxınlıqdakı masada oturdu. Cibindən bir qutu siqareti çıxarıb masaya qoydu. Gözümü qadından çəkə bilmirdim. Kötük kimi bərkimiş qabar barmaqları və əlinin dərisi cadar-cadar idi. Siqaret yandırıb çəkməyə başladı. Üzü bir qədər mülayimləşdi.

Flora Mikayilova adlı şəxsin şəkli.

Nədənsə anam yadıma düşdü. Utana-utana ona yaxınlaşdım. Sanki elə bunu gözləyirdi. “Otur”, – deyib, yanındakı kətili göstərdi. Səsi də sərtləşmişdi qadının. Sual verməyə macal tapmadım. Elə bil ürəyini boşaltmağa fürsət axtarırmış: “Sumqayıtdanam. Həbs olunmuşdum, işim ağır idi. Müharibəyə özüm könüllü gəlmişəm. Bilirsiz, sovet vaxtı da cərimə batalyonu var idi. İndi də biz ən qabaqdayıq. Mənə burda etibar var. Son nəfəsimədək də vuruşaçağam. Öldü var, döndü yox! Erməniləri yaxşı tanıyıram, onlara imkan vermək olmaz!

- Cay içirsiz ?

- Yox, nə çay tələsirəm!

- Maşın hazırdı?  

- Hə.

- Nə tez gedirsiz? (üzunə təəccüblə baxdım)

- A bala, bu davada hər an can gedir e! Nəyi tezdir?

 

Bunları deyib siqaret qutusunu da mənə tərəf itələdi və qalxdı. Maşının sükanı arxasına keçdi. Heç mənə tərəf baxmadı da. Getdi... Nə adını bildim, nə kimliyini, nə yaşını...

 

O vaxt çağırışçıydım. Əskəri xidmət vaxtım bitən kimi evimizə dönməyin həsrətiylə yaşayırdım. Təcrübəm də, həyat bilgim də az idi. Düzü, canımda qorxu vardı. Can şirin şeydi, əlbəttə. Ancaq hərbi geyimi geyinəndə qəbul etməlisən ki, o, həm də sənin kəfənindir.

 

O möhtəşəm qadını görəndən sonra başa düşdüm ki, Nigar, Həcər kimi qadınlarımız indi də var. Bu, beş-on dəqiqəlik görüş həyatımı dəyişdi. Daxilimdəki qorxunu yendim. Qadının təsirindən uzun müddət qurtura bilmədim. Yəqin ki, şəhid oldu...

 

Çox şeylər gördük, yaşadıq, itirdik. Bundan sonra xidməti bitirib evimə dönməyi ar bildim. İndi də xidmət edirəm. Yəqin, Qarabağ işğaldan azad edilənədək də buralarda olacağam. Mənim bir kişi kimi həm vətən, həm də anam yaşında olan bir Azərbaycan qadını, igid döyüşçü qarşısında borcum var. Bizim Qarabağda həlak olmuş şəhidlərimizə qələbə borcumuz var!

 

P.S. Bu sətirlər Bakıda jurnalist işlədiyim illərdə həmsöhbət olduğum bir döyüşçünün xatirələridir. Bəlkə indi də xidmət edir, dəqiq bilmirəm. Təəssüflər olsun ki, onun da həmin qadınla bağlı dəqiq məlumatı yox idi. Ümid edirəm ki, bu yazını oxuyan keçmiş döyüşçülərdən kimsə həmin qadını tanımış olar və bizə bir xəbər verər.

 

Flora Mikayılova, AYNA üçün

26 İyun 2019 16:15
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin