Dövlət qurumu sahibkarlıqla məşğuldur – PARADOKS

Dövlət qurumu sahibkarlıqla məşğuldur –               PARADOKS

“Rəsmi orqanlar kimi bir çox MMC-lərin yaradılması sahibkarların inkişafı, onların fəaliyyəti üçün əngəllər törədir”

 

Azərbaycan fındıq ixracına görə dünya ölkələri sırasında Türkiyə və Gürcüstandan sonra gəlir. Deyilənə görə, bir az da cəhd etsək, rəqabətdə Türkiyə ilə təkbətək qalarıq. Kənd Təsərrüfatı Nazirliyinin bu arzusu yaxın illərə bağlıdır. Bəs müstəqil ekspertlər fındığımızın gələcəyi ilə bağlı nə düşünürlər?

 

Aqrar sektor üzrə mütəxəssis Vahid Məhərrəmov AYNA-ya açıqlamasında deyib ki, hələlik fındıqla bağlı Türkiyə dünyada liderdir: “Azərbaycan Gürcüstanı keçə bilmir, biz istəsək, buna layiq olmaq imkanlarımız çoxdur. Çünki son bir neçə ildə fındıq sahələri də artırılıb. Tutaq ki, 2013-cü ildə 29 min hektar ərazi idisə, indi 75 min hektara çatıb. Əgər bu fərq varsa, deməli biz çoxdan Gürcüstanı keçməliydik. Əslində sahələri artırdıqda məqsəd həmin sahəni gəlirli obyektə çevirmək də olmalıdır”.

“Amma bizim fındıq sahələri genişləndikcə, məhsuldarlıq düşür, məhsuldarlıq düşdükcə də, gəlir azalır. Bunun səbəbləri var. Uzun müddətdir torpaqla işlənilmir, kifayət qədər mineral gübrələrin verilməməsi, torpağın gücdən düşməsi, suvarma sistemlərinin azlığı məhsuldarlığı aşağı salır. Fermerlərin məlumatsızlığı da burada rol oynayır. Onların aqrotexniki qaydalara düzgün əməl etməsi əsas şərtlərdən biridir. Yerli əhalinin fındıq və quru meyvələrin bahalığı ilə bağlı gileyi də məhsuldarlığın azlığı ilə əlaqədardır. Daxili bazarda hökm sürən xaos, monopoliya da məhsulun baha olmasına təkan verir”, - Məhərrəmov bildirib.

 

Sabiq deputat, iqtisadçı alim Nazim Bəydəmirli AYNA-ya şərhində deyib ki, Azərbaycanda nəinki fındıqçılıq istehsalı, başqa məhsullar üçün də münbit coğrafi şərait var: “Çox təəssüf ki, məmur sahibkarlığı ucbatından ölkədə bu sahədə azad rəqabət yoxdur. Halbuki Türkiyənin təcrübəsindən çıxış edərək ixrac potensialını artırmaq mümkündür. Bizdə fındıq sahəsində xırda fermerler daha çoxdur, fındıq və digər məhsulların istehsalı üçün ucuz maliyyə resurslarına çıxışı asanlaşdırmaq lazımdır. Fermerlər fındığı təmizləmək və çeşidləmək üçün avadanlıqlarla, kiçik kreditlərlə təmin edilməli, mini sexlər açmaqla onlara güzətlər olmalıdır”.

Ekspertin fikirincə, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar Ticarət Şirkəti “Antiinhisar fəaliyyəti haqqında” Qanunun ziddinə fəaliyyət göstərir: “Çünki dövlət qurumu özü sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz. Ümumiyyətlə isə rəsmi orqanlar kimi bir çox MMC-lərin yaradılması sahibkarların inkişafı, onların fəaliyyəti üçün əngəllər törədir. Bizim sahibkarlara dəstək üçün yaxşı dövlət proqramlarımız var. Amma hamısı sadəcə kağız üzərindədir, fəaliyyətlər qənaətbəxş deyil. Dövlət məmur sahibkarlığının qarşısının alınması üçün tədbirlər görmədikcə, ixracat potensialı və istehsal sahəsində irəliləməyimiz qeyri-mümkündür”.

 

Qax sakini, fərdi fındıq təsərrüfatı olan Adil Vəliyev də AYNA-ya danışıb ki, rayonda əvvəlki illərə baxanda bu il vəziyyəti qənaətbəxş hesab etmək olar: “Biz hər il əkmə, becərmə, gübrələmə, yığma işini eyni qaydada görürük. Hər il fərqli miqdarda məhsul götürürük. Bu il ötən ilə baxanda məhsul boldur. Üstəlik, bir neçə il əvvəl kilosu 5 manata qəbul edilən fındıq ötən il 1 manatdan təhvil verilirdi. Bu il isə rayonun fındıq qəbuletmə məntqəsinə məhsulumun kilosunu 3 manat 60 qəpikdən vermişəm. Qiymət məntəqə məhsulun keyfiyyətini analiz etdikdən sonra təyin olunur. Fındığın keyfiyyətindən asılı olaraq qiymət arta-azala bilir”.

Müəllif: Raminə Eyvazqızı      9 Oktyabr 2019 13:33
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin