Bütün yollar Azərbaycanda birləşir

Bütün yollar Azərbaycanda birləşir

Bədxahlarımız belə etsəydi, deməyə başqa sözlər tapılardı…

 

Çindən Amerikaya qədər nüfuzlu ali təhsil mərkəzlərində dərs demiş, kitabları dərc edilmiş tarixçimiz Cəmil Həsənlinin Ankarada simpoziumda iştirakına Azərbaycan səfirliyinin mane olmaq cəhdi barədə xarici mediadan xəbər aldıq. Yeni təfəkkür, ictimai münasibətlərdə islahatlar zərurətindən danışdığımız bir dövrdə belə hadisə bizi çox narahat etdi. Artıq Vaşinqtonda olan alimin özü ilə danışdıq, sonra Türkiyədəki həmkarlarımızdan tədbirin təşkilat komitəsinin üzvləri ilə əlaqə yaratmağı xahiş etdik. Bilirsinizmi, bizi daha çox nə təəccübləndirdi? Əsas təşkilatçılardan biri, tanınmış universitet professoru əhvalatı təsdiq etsə də, adının çəkilməməsini istədi – Azərbaycana yolunun kəsiləcəyindən ehtiyatlandı… 

 

Sentyabrın 27-28-də baş tutmuş “Ortaq tarix, mədəniyyət, təhsil və sivilizasiya” mövzusunda simpoziumun ərəfəsində Türkiyənin Ekonomik İş Birliyi Təşkilatının Təhsil İnstitutu 15 ölkənin səfirliyinə dəvət məktubu göndərib. Proqramda çıxışçılar arasında Cəmil Həsənlinin adını görən səfirliyimiz onun tədbirə buraxılmamasını tələb edib, əks təqdirdə gəlməyəcəyini bildirib. Səbəb açıq söylənilməsə də, heç kimdə şübhə doğurmayıb: Cəmil Həsənli müxalifətçidir. Çünki onun elmi konfranslarda iştirakı ilə bağlı eyni problemləri Azərbaycan səfirlikləri bir sıra başqa ölkələrdə də yaradıblar, əksər hallarda etirazla üzləşiblər.

 

Bu halda da təşkilatçılar səfirliyimizin istəyi ilə hərəkət etməyiblər və Şərqi Avropa, Orta Asiya, Yaxın-Uzaq Şərq ölkələrinin diplomatik nümayəndələrinin qatıldığı mühüm elmi hadisə Azərbaycan elçiliyinin təmsilçiləri olmadan açılıb.

Azərbaycan səfirliyi hansısa siyasi partiyanı, hətta hökumət qurumunu deyil, bütövlükdə dövləti təmsil edir. Bəs onu partiya təmsilçiliyi səviyyəsinə endirən, dövlət adından əcaib tələblər irəli sürməyə vadar edən qərarları kim çıxarır? Elçiliyin davranışının 16 ölkənin nüfuzlu alimləri arasında Azərbaycan haqqında necə fikir formalaşdıracağı hesaba alınırmı? Əslində, sırf siyasi yönümdən yanaşanda da Cəmil Həsənlinin simpoziumdakı çıxışının Azərbaycana heç bir aidiyyatı yox idi. Onun mövzusu “Müasir Orta Asiya bölgəsində mədəniyyət və təhsil strategiyaları” adlanırdı. Proqramda isə professor Həsənlinin siyasətçi deyil, Turan agentliyinin eksperti olduğu göstərilirdi. Belədə, səfirliyin reaksiyası şəxsi təqib anlamına gəlmirmi?

 

İctimai münasibətlərdə bir çox problemlərimizin mənbəyi məhz Azərbaycan vətəndaşlarına siyasi bölgüçülük prinsipi ilə yanaşma tərzi olub. Bu prinsipi xaricdə də yeritməklə, qaşınmayan yerdən qan çıxarmaqla Azərbaycan rəsmilərinin ölkəyə gətirdiyi qazanc nə olur? Təsəvvür edin ki, Azərbaycan dövlətinin rəsmi təmsilçiliyi başqa dövlətləri öz ölkəsinin vətəndaşına, tanınmış aliminə qarşı demarşa çağırır və əməlində tək qalır!

 

Bədxahlarımız belə etsəydi, deməyə başqa sözlər tapılardı. Bizimsə bütün yollarımız Azərbaycanda birləşir!

 

Arif Əliyev

Mehman Əliyev

Müəllif: Ayna.az      4 Oktyabr 2019 17:20
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin