Gecə sərnişindaşıma xidməti bərpa olunur, həm də gündüz qiymətinə

Gecə sərnişindaşıma xidməti bərpa olunur, həm də gündüz qiymətinə

Nuridə Allahyarova: “Əgər sınaq müddəti uğurlu olsa, dağlıq relyefli ərazilərə də gecə reysləri tədricən işə düşəcək”

 

Nazirlər Kabineti (NK) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) şəhərlərarası gecə reyslərinin bərpasına dair təklifinə razılıq verib. NK-nin qərarına əsasən, DANX tərəfindən xidmətin həyata keçirilməsi zamanı tam təhlükəsizlik qaydalarına əməl olunması və reyslərin təşkili zamanı bütün risklərin nəzərə alınmasına dair Bakı Beynəlxalq Avtovağzal Kompleksinə tapşırıq verilib və artıq müvafiq müqavilələr bağlanıb.

 

Yenilik barədə AYNA-ya danışan DANX-nin sektor müdiri Nuridə Allahyarovanın sözlərinə görə, artıq bir neçə gündür reyslər uğurla başa vurulur: “Bu reyslərə 4 istiqamətdə test rejimi deyirik. Çünki gecə reyslərindən uzun fasilə - 9 il keçdiyindən hələlik bütün istiqamətlərə birbaşa reys açılması riskli ola bilər və bu səbəbdən ilkin olaraq 4 istiqamət nəzərdə tutulub”.

“Həm də üzü payız-qış mövsümünə getdiyimizdən, hava şəraiti də bu məsələdə rol oynayır. Əgər bu sınaq müddəti uğurlu olsa, dağlıq relyefli ərazilərə də gecə reysləri tədricən işə düşəcək. Növbəti ildən ehtiyac yaranarsa, prosesə yeni daşıyıcılar cəlb olunacaq”, - qurumun təmsilçisi bildirib.

 

Bakı-Gəncə-Bakı, Bakı-Qırmızı Körpü-Bakı, Bakı-Mingəçevir-Bakı, Bakı-Tərtər-Bakı istiqamətində test rejimindəki reysləri iritutumlu, müasir, komfortlu, Almaniyanın “MAN” şirkətinə məxsus “Neoplan” avtobusları həyata keçirəcək. Ümumiyyətlə isə, gecə reyslərinin çıxış saatları axşam saat 20.00-dan gecə 01.00-dək nəzərdə tutulub, avtobuslar səhərədək yolda olacaq. Sürücü sayı 2 olmaqla növbəli şəkildə işləyəcəklər.

 

Gecə reyslərinə biletlərin qiymətinə gəlincə, sektor müdiri bildirib ki, Tarif Şurasının günorta istiqamətlərinə tətbiq etdiyi qiymət cədvəli eyni ilə gecə qiymətlərinə şamil edilir. Yəni hər hansı qiymət fərqi yoxdur.

 

Nəzərə çatdıraq ki, bütün istiqamətlərə şəhərlərarası gecə reysləri 2020-ci ilin martından başlayacaq.

 

Xatırladaq ki, 2010-cu il may ayının 6-dan etibarən Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzaldan (hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksi) şəhərlərarası istiqamətdə uzaq məsafələrə yola düşən avtobusların qrafikində dəyişiklik edilmişdi. Tapşırığa əsasən, gecə saatlarında avtobusların Bakıya doğru və əks istiqamətdə hərəkətinə qadağa qoyulub. Saat 01:00-dan 06:00-dək isə sürücülərin istirahət vaxtı kimi müəyyən edilmiş, Bakıdan müxtəlif istiqamətlərə gedən avtobusların yoladüşmə vaxtı saat 20:00-dan sonra məhdudlaşdırılmışdı.

 

O dövr üçün bu qərarın əsaslandırılmasına dair gətirilən arqumentlər sırasında ölkə yollarında baş verən çoxsaylı nəqliyyat qəzaları nəticəsində həlak olan və xəsarət alanların sayının artması, əlaqədar qurumların bədbəxt hadisələri diqqətdə və nəzarətdə saxlama cəhdlərinin mümkünsüzlüyü, magistral şose yollarındakı vəziyyətin ürəkaçan olmaması, bu yolla hərəkət etməyə məcbur köhnə, texniki cəhətdən istismar üçün əlverişli olmayan avtonəqliyyat vasitələri ilə sərnişin daşınmasının təhlükəli olması faktları həqiqətən ehtiyatlanmağa səbəb verirdi.

Müəllif: Raminə Eyvazqızı      4 Oktyabr 2019 16:14
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin