Bakıda 3 min hektar bağ, park və xiyaban ərazisi olmalıdır

Bakıda 3 min hektar bağ, park və xiyaban ərazisi olmalıdır

Şəhər yerlərində məskunlaşma ərazilərinin sahəsi əhalinin sayına görə müəyyən edilməlidir

 

Media əhli iqtisadçı-ekspert defisitindən gileylənir. Hərçənd ki, bu sahədə xeyli danışan-yazan insan var.

 

Amma kimsə soruşmur ki, bu ölkədə niyə şəhərsalma ilə məşğul olan bircə müstəqil araşdırma təşkilatı, ən azından media ilə müntəzəm işləyən müstəqil mütəxəssislər yoxdur, niyə zaman-zaman onların araşdırma və monitorinq hesabatları dərc edilmir?

 

Hələ bir dəfə görməmişəm ki, hansısa bir mütəxəssis Azərbaycanda qüvvədə olan, hökumətin 2001-ci ildə təsdiqlədiyi şəhərsalma normalarının tələbləri ilə mövcud vəziyyəti müqayisə edə, mövcud vəziyyətin şəhərsalma standartlarına nə dərəcədə uyğun-gəlib gəlmədiyini həmin normatv sənədə istinadla şərh edə.

 

Məsələn, həmin normalara görə, şəhər yerlərində məskunlaşma ərazilərinin sahəsi əhalinin sayına görə müəyyən edilməlidir. Belə ki, yalnız çoxmərtəbəli binaların tikildiyi ərazilərdə hər 1000 nəfər üçün mərtəbələrin sayından asılı olaraq 7-10 hektar ərazi ayrılmalıdır.

 

Daha dəqiqi, 3 mərtəbəyədək binalarla məskunlaşma olduğu halda, hər 1000 nəfər üçün 10 ha, 9 mərtəbəyədək olduqda 8 ha, 9 və daha çox mərtəbəli binalar olduqda 7 ha torpaq sahəsi olmaldır. Həyətyanı sahələr əsasında məskunlaşma olduqda, hər 1000 nəfər üçün 20 ha nəzərdə tutulmalıdır - yəni hər hektara 50 nəfər.

 

İndi siz bu standartı götürün, Bakı və Abşeronda kütləvi tikinti aparılan, şəhərciklər salınan məkanlara gedin və hər hektara düşən sakin sayının neçə yüz nəfər təşkil etdiyini özünüz görəcəksiniz.

 

Məsələnin başqa maraqlı tərəfi yaşıllıqların həcmi ilə bağlıdır. Bu gün Bakıda, Xırdalanda, Sumqayıtda yaşıllıqların real həcmi nə qədərdir və mövcud standartlar nə qədər olmasını tələb edir? Standartın 6.1-ci maddəsində yazılır: "Şəhər tikililəri hüdudlarında yaşıllıq ərazilərin xüsusi çəkisi (tikinti ərazisinin yaşıllaşdırma səviyyəsi) 40%-dən, yaşayış rayonu sərhədləri daxilində isə (mikrorayon ərazisinin yaşıllaşdırma sahəsinin cəmi də daxil olmaqla) 25%-dən az olmamalıdır".

 

6.2-ci maddəyə görə isə, iri və böyük şəhərlərdə (əhalisi 250 min nəfərdən çox olan) hər nəfərə düşən yaşıllıq ərazisi 10 kv.metrdən az olmamlıdır. Yəni Bakıda 3 mln. nəfər yaşayırsa, azı 3 min hektar bağ, park və xiyaban ərazisi olmalıdır.

 

Media Bakı Şəhər İcra Hakimiyyətinə sorğu göndərib bu tip rəqəmləri aydınlaşdıra bilər. Bu standartlarda yolların həcmi və ictimai nəqliyyatla bağlı maraqlı normalar var. Hissə-hissə onları da paylaşacam.

Müəllif: Rövşən Ağayev, iqtisadçı-ekspert      3 Oktyabr 2019 17:05
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin