Gömrükdəki kitab qalmaqalına dair rəsmi açıqlama

Gömrükdəki kitab qalmaqalına dair rəsmi açıqlama

DGK: Pünhani Əsgərli tərəfindən ölkə ərazisinə kommersiya məqsədilə gətirilən 200 ədəd kitab müvəqqəti saxlanc anbarında yerləşdirilib

 

Sosial şəbəkələrdə və bəzi xəbər saytlarında Pünhani Əsgərli adlı şəxsin ölkəyə gətirdiyi kitabların Gürcüstanla sərhəddə yerləşən "Qırmızı Körpü" gömrük postunda "qanunsuz" olaraq saxlanılması barədə həqiqətə uyğun olmayan məlumatlar yayımlanaraq gömrük orqanlarına qarşı əsassız ittihamlar irəli sürülüb.

 

Bu barədə AYNA-ya Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib. Bildirilib ki, Pünhani Əsgərli tərəfindən ölkə ərazisinə kommersiya məqsədilə gətirilən kitablara (200 ədəd) dair sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 263 nömrəli qərarı ilə təsdiq edilmiş "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları"nın müddəalarına uyğun olaraq gömrük orqanına təqdim edilmədiyinə görə Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən keçirilən malların müvəqqəti saxlanca götürülməsinə dair Akt tərtib edilərək mallar müvəqqəti saxlanc anbarında yerləşdirilib.

 

“Həmçinin bildiririk ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinə əsasən fiziki şəxslərin gömrük sərhədindən keçirdiyi malların gömrük rəsmiləşdirilməsi onlar tərəfindən gömrük rüsumlarının və vergilərin ödənilməməsi və ya müvafiq icazə sənədinin olmaması səbəblərinə görə başa çatdırılmadıqda, həmin şəxsin seçimi əsasında mallar müvəqqəti saxlanc anbarında yerləşdirilməli, yaxud gömrük ərazisindən geri qaytarılmalıdır”, - deyə DGK-dan qeyd olunub.

Müəllif: Ayna.az      2 Oktyabr 2019 16:48
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin