Almaniyada yaşayan azərbaycanlı həkim: “Öz ölkəmdə edə bilmədiklərimi burada etdim”

Almaniyada yaşayan azərbaycanlı həkim: “Öz ölkəmdə edə bilmədiklərimi burada etdim”

Gülşən Əhmədli: “Azərbaycanla Almaniyanın tibb təhsilini müqayisə etmək istəməzdim, çünki ürəkağrıdıcı nəticələr alınar”

 

Azərbaycandan kənarda yaşayıb-yaradan xeyli sayda soydaşımız var. Onlar dünyanın müxtəlif ölkələrində, müxtəlif sahələrdə çalışırlar – mühəndislikdən siyasətə qədər, biznesdən həkimliyə qədər, mediadan incəsənətə qədər...

 

Əhmədlilər ailəsi də həmin soydaşlarımız sırasındadır. Abbaş və Gülşən Əhmədli cütlüyü Almaniyada yaşayır. Hər ikisi “M1 Med Beauty” klinikasının Bremen şöbəsinin aparıcı plastik-estetik cərrahıdır. AYNA-nın budəfəki qonağı da Gülşən Əhmədlidir.

 

- Azərbaycan Tibb Universitetini fərqlənmə ilə bitirdim. Universitetdə oxuduğum müddətdə qarşıma məqsəd qoymuşdum ki, xarici ölkədə təhsilimi davam etdirəcəyəm. Ona görə də tələbə olduğum müddətdə ingilis dilini mükəmməl öyrənmişdim. Amma alman dili haqqında təsəvvürüm yox idi. Sadəcə Azərbaycanda çalışdığım zaman Almaniyanın təbii otlardan hazırlanan dərman firması ilə tanış oldum. Onların kurslarında iştirak edirdim. Kurslarda Almaniyadan gələn professorlar dərs deyirdilər. Bu zaman başladım alman dilini öyrənməyə.

Həm də alman dili o zaman çox ucuz tədris olunurdu. Kurslar Almaniya səfirliyinin nəzdində keçirilirdi deyə, bu, mənə uyğun oldu. Müəllimlərimin də yaxşı olması alman dilini sürətli öyrənməyimə səbəb oldu. Daha sonra 1 illik Almaniyada kursumu davam etdirdim və qərara gəldim ki, artıq Almaniyada qalıb təhsil almalıyam. Bir sözlə, Almaniyaya köçməyim belə baş verdi.

 

- Almaniyada nələr sizi özünə cəlb etdi ki, məhz o ölkəni seçdiniz?

 

- Yaralı yerimə toxundunuz. 2002-ci ildə Azərbaycan Tibb Universitetini bitirmişəm. Universitetdə ixtisas seçimi gələndə ailəm istəyirdi ki, ginekoloq ixtisasını seçim. Amma mən həmişə plastik cərrah olmaq istəyirdim. Təəssüflər olsun ki, plastik cərrah ixtisası yox idi. O zaman ailəmin fikri ilə razılaşıb ginekoloq olmaq qərarına gəldim. Amma universitetdə bildirdilər ki, ginekoloq yeri dolub, başqa ixtisas seçə bilərəm. Yaxşı ki, ginekoloqluq sahəsinə getmədim. Daha sonra isə elmi dərəcə almaq üçün müraciət etdim. Qarşımda böyük sədlər yaratdılar. Bütün bunlar mənim xaricə getməyimə yavaş-yavaş stimul verirdi. Düşünürdüm ki, xaricdə istədiklərimə daha tez çata bilərəm. Orada olan həkimlər kimi. Almaniyada sosial sığortanın olması, insanların həyata baxışı və yaşam tərzləri məni özünə çəkdi. Gəldiyim gündən işlərimi görə bildim. Hətta elmi iş də götürüb, layiqincə yerinə yetirə bildim. Öz ölkəmdə edə bilmədiklərimi Almaniyada etdim. Çünki Almaniyada çalışqan insanlara dəyər verilir. Daha sonra fikirləşdim ki, öz ölkəm, ailəm, övladlarım üçün Almaniyada yaşayıb, işləməklə daha çox töhfə verə bilərəm. Məhz buna görə də Almaniyada yaşamağı seçdim.

- Almanlar əcnəbi həkimə öz sağlamlıqlarını etibar edirlər?

 

- Almaniyada xaricdən gələn insanlar üçün ilk vaxtlar çətin olur. Amma həmin xarici vətəndaş özünü tanıdıb, təsdiq edə bilirsə, almanlar ona hörmətlə yanaşırlar. Azərbaycanda xarici həkimlərə daha çox inam var. Burada isə belə deyil. Almanlar öz millətlərini çox sevirlər. Amma Alman Akademik Mərkəzi məni seçdi və mənə inanırlar, etibar edirlər. Onu da deyim ki, Almaniyada həkimlərə çox ehtiyac var. Hətta almanlar çətin sahələri seçmirlər. Məsələn, beyin, ürək cərrahiyyəsinə getmirlər. Bu sahə üzrə işləyənlər, məhz xarici həkimlərdir. Ümumilikdə deyim ki, almanlar bizim kimi deyillər. Onlar çalışırlar ki, həmyerliləri onları müayinə etsin.

- Həm Azərbaycanda, həm də Almaniyada tibbi təhsil almısınız. Bu ölkələr arasında nə kimi təhsil fərqləri var?

 

- Mən Almaniyaya gəlib ixtisaslaşma üzrə təhsil almışam, eyni zamanda işləmişəm. Azərbaycanda isə mütəxəssis olmaq üçün külli miqdarda pul ödəyirsən, onun müqabilində az maaş alırsan. Azərbaycanla Almaniyanın tibb təhsilini müqayisə etmək istəməzdim. Çünki ürəkağrıdıcı nəticələr alınar. Almaniyada kitabxanalar zəngindir, kitabxanalarında hər cür şərait var. Amma mən oxuduğum illərdə Azərbaycanda kitabları tapmaq çox çətin idi. İndi tələbələr deyirlər ki, bir qədər inkişaf var. Amma hələ də müəyyən dəyişiklər olsa, praktika sistemi dəyişsə, yaxşı olar. Almaniyada praktika dövründə sənətin dərinliklərinə yiyələnmək olur. Azərbaycanda isə bir illik praktikada buna nail olmaq olmurdu.

 

- Niyə məhz estetik cərrahiyyə?

 

- Bu sahəyə həmişə marağım olub. Estetik cərrah kimi işə başlamazdan öncə cərrahiyyənin bir neçə növü üzrə işləmişəm. Konstruktiv, əl və yanıq cərrahiyyəsi üzrə işləmişəm. Təcrübə qazanandan sonra isə estetik cərrah kimi işləməyə başlamışam. Estetik cərrahiyyə ilə məşğul olana qədər düşünürdüm ki, Almaniyada estetik əməliyyatlara maraq olmaz. Amma yanılmışam. Etiraf edim ki, son illər bu ölkədə kifayət qədər estetik əməliyyata maraq artıb.

- Azərbaycanda plastik əməliyyatlar həyata keçirirsiniz?

 

- Həyat yoldaşım da plastik cərrahdır. İldə bir-iki dəfə Azərbaycana gəlirik. Azərbaycanda, məhz bizi tərəfimizdən estetik əməliyyat olunmaq istəyənlər olur. Amma çalışırıq, Azərbaycanda çox əməliyyat etməyək. Çünki vətənə istirahət üçün, uzun zaman görmədiyimiz qohumları görmək üçün gəlirik. Amma Azərbaycan tibbinə lazım gələrsə, kömək etməyə hazıram. Dəfələrdə Azərbaycan Dövlət Tibb Universitetinə öz professorumu aparmışam, o, tələbələrə master-klasslar keçib. Tələbələrə daim kömək etməyə çalışıram. Özüm də yüksək zirvələrə yüksəlməyə cəhd edirəm ki, Azərbaycanı Almaniyada daha yaxşı təmsil edə bilim.

 

- Maraqlıdır, Almaniyada da plastik əməliyyat vasitəsilə standart burun düzəldirlər? Silikon və gelə, bizdəki kimi, çoxmu maraq var?

 

- Əlbəttə ki, xeyr. Bəzən xəstə gəlib deyir ki, “mən belə burun istəyirəm”. Mən razılaşmıram. Ona bildirirəm ki, “sənin üz cizginə yaraşan formada etməliyik”. O, israr edirsə, mən onu əməliyyat etməkdən imtina edirəm. O ki qaldı silikon və gellərə, buna qarşı deyiləm. Lakin onu qocalan zaman, bədən formasını itirdiyində etmək lazımdır. Almaniyada da bu sahəyə son illər maraq artıb.

Müəllif: Təranə Xudabaxşiyeva      5 Oktyabr 2019 11:00
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin