Elina Hacıyevanın valideynlərindən gözlənilməz qərar

Elina Hacıyevanın valideynlərindən gözlənilməz qərar

Mərhumun valideynləri Adil İsmayılovun müsbət təşəbbüsünə razılıq verməyiblər

 

Elina Hacıyevanın ölümü faktına görə başlanmış cinayət işi üzrə, valideynlərinin razılığı olacağı təqdirdə, məhkəmə baxışında iştirak etməyə, onların adından hüquqşünas Səbuhi Axundovun etdiyi xahişə müsbət cavab verib, HƏ demişdim. Səbuhinin deməsinə görə, mərhumun valideynləri razılıq verməyiblər, bunsuz mənim prosesdə iştirakım qeyri-mümkündür.

 

S.Axundov, valideynlərlə görüşməmişdən əvvəl tələskənlik edib mənə bir neçə sual ünvanlamşıdı. Axundovun son statusunda özü bir çox məqamlara aydınlıq gətirdiyindən, qalan suallara cavab vermək istərdim.

Qeyd edim ki, öz təşəbbüsümlə vəkil kimi adətən heç bir işə qoşulmuram. Sonuncu dəfə bir neçə il əvvəl hüquqşünas-maarifçinin müdafiəsinə qoşulmağım, deyilənə görə, mənim təşəbbüsümlə olub. O, işdən sonra özümə söz vermişəm ki, bir də bu səhvi təkrarlamayım.

 

Bir məsələyə də aydınlıq gətirim. Bu işlə tanış olmağıma səbəb Sevinc xanımın “Facebook”dakı 17 sentyabr tarixli müraciəti oldu. Çox xahiş edirdi ki, vaxt sərf edib yazdığını axıra qədər diqqətlə oxuyaq. Mən də xahişini yerə salmayıb statusu diqqətlə oxudum.

 

Sevinc xanım yazmışdı ki, “İş üzrə bütün materiallar bizdədir və artıq maneə kimi istintaq sirri də aradan qaldırılıb. Bəlkə içinizdə bizdən daha savadlı və təcrübəli olanınız var?! Bütün materialları arzu edən şəxslərə təqdim edə bilərik”.

 

Statusun sonunda Sevinc xanım hörmət etdiyi səmimi və peşəkar həmkarlar və jurnalistlərə müraciət edərək yazırdı ki, “Bu işin ictimaiyyətdə maraq və narahatçılıq doğurduğunu nəzərə alaraq, hamınızı məhkəmə proseslərini izləməyə çağırırıq. Cinayət işlərinin aparılmasında peşəkarlığı ilə seçilən vəkillərimiz, gəlin, iş materialları ilə tanış olun. Bizim gördüyümüz işlərdən, yazdığımız vəsatətlərdən və s. ilə bağlı hər hansı bir təklif, irad, əlavə və s. Varsa, buyurun, gəlin, bir yerdə bu iş üzərində çalışaq”.

Bu çağırışdan sonra Elinanın vəkillərinə ayrı-ayrılıqda müraciət etdim, nə kömək edə biləcəyimlə maraqlandım. Təqdim etdikləri materiallarla tanış olduqdan sonra əzmlə çalışdıqlarını, qarşılarına qoyduqları məqsədə, demək olar ki, çatdıqlarını gördüm və bu barədə özlərinə də dedim.

 

Bilirsiniz ki, hazırda Elinanın valideynlərinin hüquqlarının müdafiəçisi kimi bu işdə üç vəkil - Sevinc Əliyeva, Azər Nağıyev və Emin İsayev iştirak edir. Emin İsayevlə əvvəldən tanışlığım olmasa da, cinayət işinin materiallarını o, mənə gətirib və müzakirələr aparmışıq. Görüşlərimizdən sonra bu gənc və özünün də etiraf etdiyi kimi təcrübəsiz vəkil özü barəsində çox xoş təəssürat yaratmağı bacarıb. Tərbiyəli, səmimi və etibar edilə biləcək bir insandır. Hazırda Eminin səhhətində müəyyən problemlər var, inşallah, tezliklə sağalar.

 

Sevinc Əliyevanı və Azər Nağıyevi isə əvvəldən tanımışam. Məni qədər olmasalar da, özlərindən razı, özgüvənli və təcrübəli vəkillərdir, bir az reklama ehtiyacları var. Son hərəkətləri və bu işə olan münasibətləri ilə barələrində olan fikirlərimdə yanılmadığımı bir daha sübut edərək, göründükləri kimi olmasalar da, olduqları kimi görünə biliblər. İnanıram ki, onlar qarşılarına qoyulan məqsədə doğru bundan sonra da inamla gedib istədikləri nəticəyə nail olacaqlar.

 

Hazırki vəziyyətdə mənim bu iş üzrə edəcəyim hamı kimi kənardan müşahidə etmək və işin nəticəsini gözləmək olacaq. Bir daha bu işə qayıtmamaq ümidi ilə, hələlik bu qədər...

 

Vəkil Adil İsmayılov

 

Redaksiyadan qeyd: Elina Hacıyeva cari il aprelin 4-də Bakıdakı 162 saylı məktəbdə intihar edib. Fakt üzrə Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi başlayıb. Hələlik bu ittiham üzrə məsuliyyətə cəlb edilən olmayıb.

Müəllif: Ayna.az      29 Sentyabr 2019 13:30
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin