Təhlükəli tendensiya - Əhalinin də sayı artıb, cinayətin də

Təhlükəli tendensiya -       Əhalinin də sayı artıb, cinayətin də

İlham İsmayıl: "Bu vəziyyətin yaranmasının başlıca səbəbi işsizlik və yoxsulluqdur"

 

Tarixən dünyanın ən böyük problemlərindən biri olan cinayətkarlıq, ələlxüsus da iqtisadi cinayətkarlıq hər zaman olduğu kimi, bu gün də aktual məsələlərdən biridir. Bu problem bütün dünyaya öz mənfi təsirlərini göstərdiyi kimi, ölkəmizdə də böyük problemlərə yol açıb.

 

Maraqlıdır ki, cinayətkarlığın artımı hazırda hansı dərəcədədir? Bu problemlər özünü daha çox hansı istiqamətdə göstərir? Belə halların qarşısını almaq üçün hansı addımlar atılmalıdır? AYNA-nın əməkdaşı bu suallara ekspertlərdən  cavab almağa çalışıb.

Image result for Qubad İbadoğlu

İqtisadçı-ekspert Qubad İbadoğlunun sözlərinə görə, Azərbaycanda cinayətkarlıq sürətlə artmağa davam edir: “Rəsmi məlumatlara görə, Azərbaycanda 2003-cü ilin əvvəlindən ölkə əhalisinin sayı 18 fazizdən çox və ya 1 milyon 731 min nəfər çoxalıb. Bu dövrdə qeydə alınmış cinayət sayı isə 1,74 dəfə artaraq, 15206-dan 26381-ə çatıb”.

 

Q.İbadoğlu qeyd edib ki, cinayətlərin tərkibində iqtisadi cinayətkarlıq daha çox inkişaf edib: “Bu vəziyyətin yaranmasının başlıca səbəbi işsizlik və yoxsulluqdur. Çünki tədqiqatlar da sübut edir ki, işsizliyin 1 faiz artması cinayətlərin 1,2 fazi artmasına gətirib çıxarır”.

Image result for İlham İsmayıl

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə AYNA-ya açıqlamasında bildirib ki, əvvəlcə cinayətlərin hansı istiqamətdə artmasına fikir vermək lazımdır: “Bütün bu problemlərin səbəbi ölkədəki vəziyyətlə əlaqədardır. Kriminal hallar o zaman artır ki, ölkədə vəziyyət yaxşı olmur. Daha doğrusu, sosial vəziyyət yaxşı olmur. Çünki sosial vəziyyət yaxşı olsa, kriminal hallar da azalmağa doğru gedər. Bu vəziyyət insanları dələduzluqdan tutmuş, firmaların, şirkətlərin iqtisadi cinayətkarlığına qədər, o cümlədən oğurluq hadisələrinə qədər gətirib çıxarır”.

 

“Kriminal halların artması zaman keçdikcə ölkədəki sabitliyə ciddi zərər vura bilər. Çünki qanuna riayət olunmayandan sonra, oğruların, canilərin sayı da artacaq Diqtə edənlər qanundan çox canilər olacaq. Bütün bunlar da xaosa gətirib çıxaracaq”, - deyə ekspert əlavə edib.

 

İ.İsmayılın sözlərinə görə, belə halların qarşısını almaq üçün hüquq mühafizə orqanları öz vəzifələrini kompramissiz yerinə yetirməlidir: “Çünki onlar öz vəzifələrini düzgün yerinə yetirsə, cinayətlərin qarşısı alınacaq. Belə olan halda cəmiyyət biləcək ki, cinayətin mütləq surətdə cəzası var. Cinayətkar cəzalananda cinayətlərin sayı da azalacaq”.

Image result for Çingiz Qənizadə

Millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə isə bu statistikanın reallığı əks etdirmədiyini deyib: “Əvvəla onu qeyd etmək lazımdır ki, ölkədə tam sabitlik və stabillik mövcuddur. Bunu inkar etmək olmaz. Digər ölkələrdəki xaosa baxanda da qətiyyətlə buna əmin olmaq olar”.

 

“O ki, qaldı cinayətlərin artmasına, bu məsələyə dəqiq yanaşmaq lazımdır. Sosial şəbəkələrdə yayılan məlumatların hamısı həqiqəti əks etdirmir. Nə qədər ki, rəsmi qurumlar tərəfindən bu statistika barədə açıqlama verilməyib, fikir bildirmək də düzgün deyil. Bu gün sosial şəbəkələr istədikləri rəqəmləri götürüb yaya və bunun üzərində müzakirə aça bilərlər. Ona görə də nə qədər ki, bu məlumat rəsmən təsdiqlənməyib, münasibət bildirmək də düzgün deyil”, - deyə Ç.Qənizadə əlavə edib.

Müəllif: Mərahim Nəsib      28 Sentyabr 2019 10:20
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin