Vergi Məcəlləsində yenidən köklü dəyişikliklər gözlənilir

Vergi Məcəlləsində yenidən köklü dəyişikliklər gözlənilir

Minimum əməkhaqqının gəlir vergisindən azad edilməsi təklifi dəstəklənir

 

Xəbər verdiyimiz kimi, iqtisadçı-ekspert minimum əməkhaqqından vergi tutulmaması barədə təklif irəli sürüb. O bildirib ki, bu aydan ölkəmizdə minimum əməkhaqqı 250 manata çatdırılsa da və həmin məbləğ minimum olsa da, gəlir vergisinə cəlb olunmaqdadır: “Belə ki, mövcud qanunvericiliyə əsasən, qeyri-neft və qeyri-dövlət sektorunda çalışmayan və güzəştli kateqotiyaya düşməyən işçi ilə 250 manatlıq əmək müqaviləsi bağlanıbsa, ona ödənilən pul daha az olur. Qanunvericiliyə əsasən, həmin əməkhaqqından 7 manat ((250 manat - 200 manat) x 14 faiz) - gəlir vergisi, 7,50 manat (250 manat x 3 faiz) - sosial ayırma və 1,25 manat (250 manat x 0,5 faiz) - işsizlikdən sığorta tutulur. Bu zaman işçiyə ödəniləcək məbləğ 234, 25 ((250 manat - 7 manat - 7.50 manat - 1.25 manat) manat olur”.

“Deməli, minimum əməkhaqqı məbləğinə uyğun müqavilə bağlayan işçi 250 manat deyil, 234 manat 25 qəpik alır. Sosial ayırmaların həyata keçirilməsi işçinin pensiya təminatı üçün vacib olduğundan sosial ödənişlər anlaşılandır. Onsuz da minimum əməkhaqqından alınan gəlir vergisi büdcədə ciddi paya malik deyil. Buna görə də, minimum əməkhaqqının gəlir vergisindən azad edilməsinə ehtiyac var. Bu baxımdan, fiziki şəxslərin əməkhaqqının gəlir vergisindən azad olunan hissəsinin 200 manatdan 300 manatadək artırılması daha məqsədəuyğun olardı. Doğrudur, Vergi Məcəlləsində vergidən azad olunan məbləğ minimum əməkhaqqı ilə əlaqələndirilməyib. Qeyri-neft və qeyri-dövlət sektorunda çalışan və aylıq maaşı 8 min manatdan az olanların növbəti 7 il müddətində belə güzəştlərdən istfidə etdiyini nəzərə alsaq, o zaman digər sektorlarda vergidən azad olunan məbləğin artırılmasına ehtiyac var. Bu, minimum əməkhaqqı səviyyəsində maaş alan vətəndaşın daha çox əməkhaqqı almasına səbəb olar”, - deyə Bayramov vurğulayıb.

 

Təklifi AYNA-ya şərh edən Milli Məclisin üzvü Vahid Əhmədov deyib ki, bizdə 250 manata qədər maaş alanların əməkhaqqının uçotunun aparılması sistemi yoxdur: “Bu, özəl sektora deyil, dövlət sektorunda çalışan, 250 manata qədər əməkhaqqı alanlara şamil edilməlidir. Əlbəttə, həmin insanlardan gəlir vergisini müəyyən qədər aradan götürmək olar ki, onlar vergi ödəməsinlər. Təbii ki, bunu da hesablamaq və bu məsələlərə baxmaq lazımdır”.

Deputatın sözlərinə görə, dövlət büdcəsi müzakirəsində bu məsələyə baxılacaq: “Çünki bu məsələ gündəmdə var. Mənim bununla əlaqədar Maliyyə və Vergilər nazirlikləri ilə danışıqlarım gedir. Amma bunun uçotunu aparan orqan özəl fondlar olsaydı, bunu etmək mümkün olardı. Çox təəssüf ki, Azərbaycanda özəl fondlar yoxdur. Hamısı dövlət fondlarıdır”.

 

Bakı Hesabat Mərkəzinin (BHM) direktoru, vergi mütəxəssisi Mehti Babayev də AYNA-ya açıqlamasında sözügedən təklifi dəstəklədiyini bildirib: “Sosial olaraq düzgün yanaşmadır. Əgər minimum əməkhaqqından söhbət gedirsə, bu, bir sosial normadır. Ən aşağı dərəcə ilə əməkhaqqı alan bir vətəndaşdan vergi tutulursa, burda ədalətsizlik görə bilərik. Əlbəttə, bu, yeni artımdır. Cənab Prezidentin sərəncamına görə minimum əməkhaqları sentyabrın 1-dən artırılıb. Çox güman ki, hökumət buna baxacaq”.

“Bizdə olan məlumata görə, bu ilin sonuna Vergi Məcəlləsində dəyişiklik gözlənilir. Hətta Vergi Məcəlləsinin bütövlükdə yenidən hazırlanması və təsdiqlənməsi gözlənilir. Qeyd etdiyiniz təklif də dəstəklənməli və nəzərə alınmalıdır”, - ekspert vurğulayıb.

 

M.Babayev məsələnin özəl sektora aid olmadığını qeyd edib: “Bu, yalnız dövlət təşkilatlarına, neft-qaz sektorunda çalışan işçilərə şamil olunan məsələdir. Onsuz da, qeyri-dövlət müəssisələrində çalışanlar üçün 250 manat yox, 8 min manata qədər olan gəlirlərdən gəlir vergisi tutulur. Sosial sığorta da eyni qaydadadır. Düzdür, sosial sığorta haqları əslində gələcəyə bir hesablama haqqıdır. Yəni vətəndaşın bir sosial qutusu var və orda pul yığılır, fondlaşdırılır və gələcəkdə də dolayısı ilə pensiya vaxtında vətəndaşın özünə qaytarılır. Amma əməkhaqqından tutulan gəlir vergisinin birbaşa qayıdışını vətəndaş hiss etmir. Yenə deyirəm, çox güman ki, Vergi Məcəlləsində dəyişiklik olunacaq və bu normalara da baxılacaq”.

Müəllif: Ülviyyə Şahin      26 Sentyabr 2019 18:55
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin