Qalmaqalla gündəmə gələn “Sərincə”dən reportaj

Qalmaqalla gündəmə gələn “Sərincə”dən reportaj

Və ya Bakıdan Şonqara doğru: BP ittihamlara aydınlıq gətirdi

 

Bir neçə gün öncə BP şirkətinə məxsus “Sərincə” obyektinin ekologiya və ətraf mühitə zərər vurması ilə bağlı, sabiq millət vəkili Sabir Rüstəmxanlının ittihamlarını yayımlamışdıq. Məlumatda bildirilirdi ki, Abşeron rayonunun Şonqar qəsəbəsində yerləşən sözügedən müəssisə ətrafa ciddi ziyan vurur və sakinlərin təsərrüfatla məşğul olmasına maneələr yaradır.

 

Material AYNA-da işıq üzü gördükdən sonra BP şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı, məsələni yerində araşdırmaq üçün əməkdaşımızı “Sərincə”yə dəvət etdi və yola düşdük.

Şəhərin səs-küylü, boğunuq ab-havasından yenicə uzaqlaşmışdıq ki, Tamam Bayatlı vəziyyət barədə məlumat verməyə başladı: “BP “Sərincə”dəki tullantıların emalı və saxlanması, daşınması və orada idarə olunması əməliyyatlarına məsuliyyətlə yanaşmaq öhdəliyi götürüb. Obyektin müvafiq lisenziyası var və obyekt sənayenin tələblərinə və dünyada tullantıların idarə olunması üzrə mövcud beynəlxalq qaydalara tam uyğun fəaliyyət göstərir”.

 

Qaradağ ərazisindən keçdikcə, maraqlı məlumat əldə etdik. Belə ki, ərazidəki kəndlərin əksəriyyəti, buradakı daş karxanalarında fəaliyyət göstərən sakinlər tərəfindən yaradılıb. İnsanlar uzaq yolu gedib-gələ bilmədikləri üçün, yaxın ərazilərdə “gecəqondular” yaradıblar və zamanla “gecəqondular” kəndlərə, qəsəbələrə çevrilməyə başlayıb.

Karxanalarda çalışanlar, yaxınlıqdakı dağlardan, təpələrdən yonduqları daşları karxanalara daşıyır, onlardan hörgü daşları hazırlayırlar. Bu səbəbdən ərazilərdəki dağların, təpələrin get-gedə “əridiyi” müşahidə olunur.

 

Bir saatlıq məsafədən sonra gəlib yetişdik “Sərincə”yə. Müəssisə 2000-ci ildə tikilib və fəaliyyətə başlayıb. Burada əvvəlcə, hər birinin tutumu 750 kub olan iki çala qazılıb. 2004-cü ildə isə əraziyə təmizləyici qurğular gətirilib, çənlər quraşdırılıb.

Sahəyə dənizdən gələn şlamlar var ki, bu şlamlar xüsusi çalalarda toplanır. Böyük əksəriyyəti də təmizləmə prosesindən keçir. Sonra həmin çalalardan köçürülür xüsusi avadınlıqlara. O avadanlıqlar da qızdırıcı termo vasitəsi ilə həmin məhlulları bir-birindəın ayırır, məhlullar yağ və su əsaslı olur. Məqsəd də ondan ibarətdir ki, məhlulları təmizləyərək onlardan yenidən istifadə etmək mümkün olsun.

 

Ərazidə yerləşən qurğuların özləlliyi ondan ibarətdir ki, burada kimyəvi maddələrdən istifadə olunmur. Daha doğrusu, müəssisənin əməkdaşları belə deyirlər. Kimyəvi təmizləmə nəticəsində 2 məhsul əmələ gəlir: Su və torpaq. Yığılan torpaq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi ilə Sumqayıta aparılır və xüsusi yoxlamalardan keçir. Yeni məhlunun əmələ gəlməsi üçün də sudan və yağdan təkrar istifadə olunur. Çalaların ətrafında hansısa sızmalar olmasın deyə, xüsusi monitorinq quyuları təşkil olunur.

 

Şirkətin əməkdaşı Nicat Həsənov bildirdi ki, proseslər başlamamışdan əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılıq əldə olunur: “Bütün əməliyyatlar Nazirliyin razılığı ilə həyata keçirilir. Belə ki, ətraf mühitə mənfi təsirlər olmasın deyə, ətraf mühitin ilkin vəziyyəti qiymətləndirilir və əgər hansısa ziyanlar olarsa, onun qarşısının hansı üsullarla alınması dəyərləndirlir”.

 

Ərazidə 2 təmizləmə üsulu yerləşir. 1-cisi dolayısı yolla termo təmziləmə, 2-cisi sürtünmə üsulu ilə termo təmizləmə. Dolayısı yolla təmizləmə üsulu ondan ibarətdir ki, proses su ilə həyata keçirilir. Sürtünmə üsulu ilə olan proses isə yağla həyata keçirilir.

 

Ərazidə fəaliyyət göstərən avadanlıqlar hərəkət etdikcə, torpaq buxarlanır və təmizlənməyə başlayır. Təmizlənmiş torpaq xüsusi aparatların içinə tökülür, sonra həmin torpaqlar müvəqqəti saxlanma yerlərinə göndərilir və daha sonra analizlər götürülür. Bu çalaların divarları da xüsusi avadanlıqlarla mühasirə olunur.

 

Tamam Bayatlının sözlərinə görə, əvvəlki və indiki platformalarda mümkün qədər avtomatlaşdırmadan istifadə edilir: “Bacardıqca insan əməyini azaltmağa çalışırıq. Çünki bütün proseslərə, demək olar ki, kompüterlər nəzarət edir. Ümumiyyətlə, neft və qaz sahəsində hər şey avtomatlaşmaya doğru gedir. Çalışırıq ki, bu proseslərdə insan müdaxiləsindən az istifadə olunsun”.

“Hazırda dünya neft və qaza alternativ enerji axtarır. Bu enerji də küləkdən, günəşdən və canlılardan alınan bioenerjidir. Çünki biz bu gün meşə sahəsində, yaşıl zonalarda fəaliyyət göstərmirik. Biz bu gün təhlükəli tullantılar olan zonada çalışırıq. Ona görə də bu sahənin ekoloji aspektləri olmalıdır”, - deyə həmsöhbətimiz vurğuladı.

 

“Sərincə”nin əməkdaşları onu da qeyd etdilər ki, bütün hesabatlar audit şirkətlər tərəfindən yoxlanılır: “Düzdür, biz özümüz düzgün fəaliyyət göstərdiyimizə əminik, lakin digər şirkətlər bizim açıqlamamızın düzgün olduğuna əmin olmaq üçün daim şirkəti yoxlamadan keçirirlər. Əgər belə bir işdə audit cəlb edə biliriksə, demək ki, fəaliyyətimiz düzgün istiqamətdədir. Həm də bu, bir tələbdir ki, 3-cü tərəf bizim hesabatımızı təsdiqləsin”.

 

Müşahidələrimiz əsnasında, obyektin nəzdində BP-yə məxsus radioaktiv hava stansiyasının yerləşdiyinə şahid olduq. Bu stansiya küləyi, yağışın miqdarını, havanın quruluğunu və Günəşin radiasiyasını öyrənmək üçün fəaliyyət göstərir.

 

“Biz gündəlik olaraq havanın temperaturunu, yağışın miqdarını, küləyin və Günəşin radiasiyasını bu qurğular vasitəsilə öyrənirik. Yəni hansısa mənbələrdən əldə etmirik. Hətta bizim bu stansiyaya toxunmaq imkanımız da yoxdur. Audit tərəfindən stansiya açılır, kompüterə köçürülür və məlumat şirkətə göndərilir. Yəni ki, bu proses də tamamilə 3-cü şəxsə həvalə edilmiş bir işdir”, - T.Bayatlı bildirdi.

 

Şirkətin rəsmisi Nicat Həsənov isə onu diqqətə çatdırdı ki, hazırda “Sərincə”də 30 nəfər əməkdaş çalışır və onların da əksəriyyəti yaxınlıqdakı Şonqar və Qızıldaş kəndlərinin sakinləridir.

Müəllif: Mərahim Nəsib      26 Sentyabr 2019 14:12
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin