Hava proqnozu ilə bağlı maraqlı yenilik olacaq

Hava proqnozu ilə bağlı maraqlı yenilik olacaq

Yeni yaradılan sayt qeyri-müəyyənlikləri aradan qaldırmağa imkan verəcək

 

Azərbaycanda hava məlumatlarının daha operativ çatdırılması məqsədilə Ekologiya və Təbii  Sərvətlər Nazirliyi (ETSN) tərəfindən yeni sayt yaradılıb. AYNA xəbər verir ki, bu barədə ETSN-in Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bu gün keçirilən mətbuat konfransında açıqlama verib.

 

“Hava şəraitinin necə olacağı hamını maraqlandırır. Müasir dövrdə insanlar hava proqnozlarını öyrənib öz planlarına düzəlişlər edirlər. Bu informasiyanın əhaliyə daha dolğun, operativ çatdırılmasının yollarından biri də sosial şəbəkələr və saytlardır. Saytlarda çox sayda müxtəlif xarici mənbələrə aid olan proqnozlar yayımlanır. Əhali bunların hansının doğru, hansının yalnış olduğunu, hansının rəsmi məlumat olduğunu adətən araşdırmadan qəbul edir. Müxtəlif mənbələrdə eyni məkan və eyni gün üçün olan fərqli məlumatlar onlarda çaşqınlıq yaradır”, - deyə Nazirlik rəsmisi bildirib.

 

Onun sözlərinə görə, ETSN tərəfindən yaradılan meteo.az saytı bu qeyri-müəyyənlikləri aradan qaldırmaqla, əhaliyə, ölkəmizə gəlmək istəyən insanlara daha dolğun, digər mənbələrdən fərqli olaraq ölkəmizin yerli şəraitini, relyefini, Xəzər dənizinin təsirini və digər amilləri nəzərə almaqla hazırlanan proqnozları əldə etmək imkanını verəcək: “Saytımızdan faktiki hava şəraiti, Bakı üçün həftəlik hava proqnozu, ayrı-ayrı bölgələr üzrə hava məlumatları əldə edə bilərsiniz. Həmçinin gözlənilən əlverişsiz və təhlükəli hadisələr haqqında xəbərdarlıqlar açıq mətnlə yanaşı, dünya təcrübəsində geniş istifadə olunan rəngli şkalada əks etdiriləcək”.

Müəllif: Ayna.az      25 Sentyabr 2019 16:23
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin