Vurğun Əyyub son mənzilə yola salınıb

Vurğun Əyyub son mənzilə yola salınıb

V.Əyyub Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində "Dədə Qorqud" qəbiristanlığında torpağa tapşırılıb

 

Ləğv edilən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk sədri, uzun illər Müsavat Partiyası başqanının birinci müavini olmuş Vurğun Əyyub dəfn olunub. AYNA xəbər verir ki, əvvəlcə Vurğun Əyyubla yaşadığı binanın həyətində vida mərasimi keçirilib.

Mərasimdə V.Əyyubun ailə üzvləri, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı, sabiq təhsil naziri Firudin Cəlilov, sabiq deputat, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər, partiyanın hazırkı başqanı Arif Hacılı, sabiq deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli, onun müavini Seymur Həzi, V.Əyyubun rəhbərliyində təmsil olunduğu Azərbaycan Demokratiya və Rifah Hərakatının üzvləri, siyasətçilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Mərhumla vida mərasimində saz çalınıb. V.Əyyubun cənazəsi alqışlarla son mənzilə yola salınıb. V.Əyyub Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində "Dədə Qorqud" qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, V.Əyyub uzun müddətmiş xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Onun səhhəti dünəndən ağırlaşıb və sentyabrın 22-də komaya düşüb. Filologiya elmlər namizədi Vurğun Əyyub ictimai-siyasi xadim olmaqla yanaşı, 1992-1993-cü illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (indiki Dövlət İmtahan Mərkəzi) rəhbəri, həmçinin Müsavat Partiyasının başqanının birinci müavini olub.

Müəllif: Ayna.az      24 Sentyabr 2019 18:47
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin