Həbsdəki jurnalist aclıq aksiyasını dayandırıb

Həbsdəki jurnalist aclıq aksiyasını dayandırıb

Əfqan Muxtarlı bir neçə gün əvvəl aclıq aksiyasına başlamışdı

 

Həbsdə olan jurnalist Əfqan Muxtarlı aclıq aksiyasını dayandırıb. AYNA xəbər verir ki, bu barədə Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA-ya məlumat verib.

 

Qeyd edək ki, iki il əvvəl Gürcüstanda həbs olunaraq Azərbaycana gətirilən jurnalist Əfqan Muxtarlı, bir neçə gün əvvəl aclıq aksiyasına başlamışdı. Onun həyat yoldaşı Leyla Mustafayeva bu barədə belə açıqlama vermişdi: “Əfqan zəng etmişdi, 16 saylı cəzaçəkmə müəsisəsində baş verənlər, haqsızlıq, məhbuslara edilən işgəncələr, təzyiqlər onu bezdirib. Bu səbəbdən etiraz məqsədiylə açlığa başlayıb. Lakin bu aclıq onun səhhəti üçün təhlükəlidir, vəziyyəti pisləşə bilər. Şəkərli diabet xəstəsi olduğu üçün komaya da düşər”.

 

O, Ə.Muxtarlının bəyanatını da yaymışdı: “20 sentyabrda vəkilim Nemət Kərimliyə qarşı edilən qanunsuzluğa və zorakılığa etiraz əlaməti olaraq aclıq aksiyasına başlayıram. Rəis müavini Emin Eminəliyev siyasi məhbuslara qarşı qəddarlığı ilə seçilib. Bundan əvvəl Məmməd İbrahimə qarşı zorakılıq etmişdir, məhbuslara qarşı amansız və qəddardır. Onun barəsində prokurorluğa olan şikayətlər araşdırılmır”.

 

Ölkə rəhbərliyindən baş vermiş hadisə barədə obyektiv araşdırma tələb edən jurnalist vurğulayıb ki, Emin Eminəliyev və başqa zorakılıq edən əməkdaşlar cəzalandırılmalıdır: “Vəkilə qarşı olanlar mənim hüquqlarımı pozmağa yönəlib, əvvəllər Nemət Kərimli bir il müddətinə vəkillikdən mərhum edilib. İndiki hücumlar avropalı deputatlar Sunna Thorhildur və Dunya Myatoviçlə görüşdən sonra baş verib”.

 

Xatırladaq ki, araşdırmaçı jurnalist Əfqan Muxtarlı 2017-ci il mayın 29-da oturum izni aldığı Gürcüstandan Azərbaycana gətirilib. O, qanunsuz sərhədi keçməkdə, hüquq mühafizə orqanlarına müqavimət göstərilməkdə, qaçaqmalçılıqda təqsirli bilinərək 6 illiyinə həbs cəzası alıb.

Müəllif: Ayna.az      24 Sentyabr 2019 18:01
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin