Beş milyonluq “halal” pul və beş manatlıq “korrupsiya” – AXI NİYƏ?!

Beş milyonluq “halal” pul və beş manatlıq “korrupsiya” –     AXI NİYƏ?!

Səhər yeməyini İstanbulda, naharı Parisdə, axşam yeməyini Tokioda yeyən gül balalar üçün əsl şokolad vannası da problem deyil

 

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək, imtahan verməlisən.

 

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

 

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

 

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

 

Bu ruslar kef millətdir, eee. Nə var-nə var, Putin deyib ki, “korrupsiya ilə mübarizə aparacağıq”, oranın məmurları o dəqiqə başlayıblar qurbanlıq keçi axtarmağa. Və bu “keçini” iri korrupsionerlər arasında yox, ortadan da aşağı pillədə olan məmur zümrəsinin içərisində tapıblar.

 

Eynən bizdəki kimi. Bizdə də korrupsiya ilə mübarizə sahəsində ilk olaraq, adətən milyonların “dalına” keçənləri yox, poliklinika laboratoriyasında 1-2 manat pambıq pulu alan həkimi və ya laborantı həbs edirlər. Bu da olur mübarizə.

 

Söhbət ötən həftə Rusiyanın Ulyanovsk vilayətinin İT korporasiyasının rəhbəri Svetlana Openışeva ətrafında yaranan qalmaqaldan gedir. Azərbaycan mətbuatının buna marağının səbəbi isə bu məmurun “korrupsiya” pullarını Azərbaycanda xərcləməsidir. Svetlana xanım Azərbaycanda “şokolad vannası”ndan paylaşdığı fotoya görə müzakirələrə səbəb olub.

O, Naftalandakı 5 ulduzlu hotellərin birində müalicə məqsədli şokalad rəngində maye ilə dolu vannadan çəkdirdiyi şəkli “Instagram” hesabında paylaşaraq, “Çox şokolad olmur” şərhini yazıb. Məmurun bu paylaşımı əksər izləyicilər tərəfindən tənqid olunub. Baş vermiş qalmaqal fonunda Ulyanovsk qubernatoru Sergey Morozov açıqlama verib. O, Openışeva barəsində xidməti araşdırma aparmağa dair tapşırıq verdiyini, onun lüks həyatı nümayiş etdirdiyinə görə işdən çıxarıla biləcəyini bəyan edib.

 

Təbii ki, qubernator səhv edib, necə deyərlər, sosial şəbəkədə boş yerə tənqid edənlərin axınına düşüb və ilkin olaraq, elə fikirləşib ki, onun əməkdaşı nəinki harınlayaraq şokolad vannası qəbul edib, hətta bu harınlığı sosial şəbəkələrdə yaymaqdan da çəkinməyib. Düzdür, ona başa salıblar ki, “ay qubernator, bu, Naftalanda neft vannasıdır, şokolad deyil”. Amma, eynən bizdəki kimi, Rusiyada da rəhbərlik heç zaman səhv eləmir, axı.

 

Odur ki, qubernator öz səhvini belə “düzəldib”: “İstənilən qeyri-təvazökarlığın qarşısı alınacaq. Bir çoxlarının xaricə getməyə imkanı yoxdur. Amma mən baxıram, xanım Openışevanın bacarığına, qərara almışam ki, xidməti araşdırma aparılsın. Daha təvazökar olmaq lazımdır. Öz maddi imkanlarını belə nümayiş etdirmək düzgün deyil”.

 

Bu işdən ən karlı çıxan Naftalan sanatoriyaları olub, çünki Rusiya mətbuatında onların babat reklamı getdi. Amma yəqin ki, qubernator da öyrənə bilər ki, Azərbaycan sanatoriyalarında 5 ulduzlu hoteldə müalicəvi "şokolad vannası"nın 1 həftə dəvam edən proseduru, gündə 3 dəfə yemək daxil olmaqla, ən az 1099 manatdır. Yəni Svetlananın qazancı üçün bu məbləğ heç nədir. Bu hay-küydə məqsəd bu deyildi axı…

 

Görəsən, Ulyanovsk qubernatoru Sergey Morozov Putinin sərəncamını belə canfəşanlıqla, Azərbaycansayağı yerinə yetirməklə, başa düşürmü ki, bu, gülüncdür? Görəsən, eyni dəst-xəttlə hərəkət edən azərbaycanlı məmurlar da anlamırlar ki, korrupsiya ilə mübarizə çərçivəsində 5 manat, 100 manat, lap elə 1000 manat alan adamları tutmaq, bu mübarizəyə yalnız gülünc ton müşayəti verir?

 

Axı niyə anlamırlar? Məgər onlar bilmirlər ki, qolunda 1,5 milyon avroluq saatı Avropada oğurladan, “zerkalnı” nömrəli ultra-bahalı maşınlarla Monakoda, Sürixdə “qonkaya” çıxan, bahalı dükanlardan dəyəri milyonlarla ölçülən ləl-cəvahirət alan, “qızıl gənclik” adlanan balaların atalarının maaşları heç o sadalanan ölkələrə bilet pulu etmir? Bəs onların pulunun mənşəyi ilə maraqlanmağa necə, cəsarətiniz varmı?

Korrupsiya və ruşvətin məbləğ fərqi olmur, amma 5 milyonluq “halal” pulun “qeyb olmasına” göz yumub, 5 manat alan hansısa büdcə işçisi üçün o boyda Baş Prokurorluğun, o boyda Korrupsiya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarını narahat etmək gülünc deyilmi? Və ya mətbuat-QHT sahəsinə buraxılan milyonlarla məbləğin qaranlıq taleyini araşdırmadan, hansısa QHT-ni sıxmaq üçün balaca bir məbləğə görə Vergilər Mazirliyini narahat etmək, sizcə mübarizədir?

 

Bəli, mübarizədir, amma bu mübarizəyə yuxarıdan başlamaq lazımdır. Ən azı ona görə ki, saymadığınız xalq bir yana, Prezidentin də iştirak etdiyi müşavirədə korrupsiya ilə mübarizədə uğurlardan danışarkən, heç olmasa, içinizdə özünüzü gülmək tutmasın...

 

O ki, qaldı Ulyanovsk qubernatoru Sergey Morozova, yəqin o da bilir ki, həm Rusiyada, həm də Azərbaycanda hansısa dövlət postu tutan, obrazlı desək, səhər yeməyini İstanbulda, günortanı Parisdə, axşamı isə Tokioda yeyən, qızıl unitaz həvəskarları az deyil. Heç əsl şokolad vannası da onlar üçün problem deyil. Bəlkə birinci onlardan başlayaq? Bu xalq da inansın ki, qanun təkcə “yiyəsiz” büdcə təşkilatı işçisi – müəllim, həkim və s. üçün deyil. Niyə də yox? Axı niyə?!

Müəllif: Yoldaş Mircəfər      23 Sentyabr 2019 10:15
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin