“Kupça” yolu gözləyənlərin diqqətinə: REALLIQDAN AGAH OLUN

“Kupça” yolu gözləyənlərin diqqətinə:         REALLIQDAN AGAH OLUN

ƏMDK: Bəzi MMC-lər vətəndaşlara çıxarış verilməsində maraqlı deyil

 

Prezident İlham Əliyev 29 mart 2019-cu il tarixdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə fərman imzalayıb. Fərmana əsasən, daşınmaz əmlaka dair çıxarışlar yalnız elektron qaydada veriləcək.

 

AYNA əməkdaşı fərmandan irəli gələn məsələlərin necə həll edildiyi və hazırda prosesin hansı mərhələdə olduğunu öyrənmək məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) mətbuat katibi Qulu Xəlilova müraciət edib.

O bildirib ki, yeni fərmanla bəzi çoxmənzilli yaşayış binalarına çıxarışların verilməsi sadələşdirilib: “Uzun müddətdir ki, Bakı və digər böyük şəhərlərdə inşa edilmiş yeni çoxmərtəbəli binalarda, bəzi hallarda istismara icazə aktları olmadığı üçün vətəndaşlar mənzillərinə çıxarış ala bilmirdilər. Çünki Daşınmaz Əmlakın Dövlət Reyster Proqramına əsasən, çoxmərtəbəli binalarda mənzillərə dair çıxarış almaq üçün şərtlərdən biri də binanın dövlət tərəfindən istismara qəbul edilməsidir. Amma yeni  tikilən binaların bəzilərində istismara icazə aktı olmurdu. Çünki binaların bəziləri tikinti normalarına uyğun inşa edilmirdi və ya qəzalı vəziyyətdə olurdu”.

 

“Prezident İlham Əliyev tərəfindən 29 mart tarixində imzalanan fərmana əsasən, adiyyatı dövlət qurumlarına bu barədə bir çox tapşırıqlar verildi. Bu fərmanla Əmlak Məsələləri Dövlət Komitəsinin də üzərinə bir sıra vəzifələr qoyuldu. Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi binanın istismarına icazə verəndən sonra bizim qurum artıq işə başlayır. Bizim üzərimizə düşən vəzifələrdən biri odur ki, binaya istismara icazə aktı verildikdən sonra Komitə olaraq mənzillərə çıxarışlar veririk. Bu vəzifəni reallaşdırmaq üçün xüsusi qrup da yaradılıb” – deyə müsahibimiz qeyd edib

 

Mətbuat katibi onu da əlavə edib ki, vətəndaşların işini asanlaşdırmaq üçün ƏMDK tərəfindən kampaniyalar da həyata keçirilir: “Bu kampaniya “Əmlakını qeydiyyata al, mülkiyyətinə sahib ol” adlanır. Kampaniyaya əsasən, çıxarış veriləcək binaların həyətlərinə gedərək orada maarifləndirmə işləri görürük ki, vətəndaşlar əziyyət çəkməsinlər. Həmin binalarda yaşayan sakinlərdən çıxarış almaq üçün lazım olan sənədləri toplayırlar ki, yaxın zamanda çıxarış verilən zaman proses daha asan olsun. Çıxarış almaq üçün MTK ilə imzalanmış protokolla çıxarış, mənzilin dəyərinin ödənilməsi ilə bağlı maliyyə arayışı və vətəndaşın şəxsiyyət vəsiqəsi tələb olunur”.

 

Q.Xəlilov bildirib ki, bu günə kimi 500-dən çox binaya çıxarışların verilməsi üçün ilkin sənədlər toplanıb: “350-dən çox mənzilə isə çıxarış verilib. Bu rəqəmlər hər gün daha da çoxalır. Proses sürətlə davam etdirilir”.

 

ƏMDK sözçüsü bəzi MMC-lərin çıxarış almaq istəmədiyini də vurğulayıb: “Bəzi şəxslər və MMC-lər tərəfindən tikilən binalara çıxarışların verilməsində problemlər yaranır. Çünki binanı tikən şəxslər binanı kompleks şəkildə öz adına çıxarış almalı, sonra mənzilləri alan şəxslərlə alqı-satqı etməlidirlər. Bu zaman da vergi ödəməlidir. MMC və bəzi şəxslər vergidən yayınmaq üçün binaya çıxarış verilməsində maraqlı olmur. Bir neçə belə MMC və şəxslər var. Belə binanın sakinləri aktiv olub, binanı aldıqları sahibkarlardan çıxarış almasını tələb etməlidirlər. Əks halda onlara çıxarış verə bilməyəcəyik”.

 

Q.Xəlilovun sözlərinə görə, artıq çıxarışlar kağız üzərində deyil, elektron qaydada verilir: “Bir dəfə bizə müraciət etməklə sənədləri təqdim etmək kifayətdir. Sənədlər hazırlanır, daha sonra vətəndaşa elektron çıxarış təqdim edilir”.

Mətbuat katibi çıxarışların qiymətinə də aydınlıq gətirib: “Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə mənzillələ bağlı dövlət rüsumunu vətəndaş banklar vasitəsilə ödəyir. Dövlət rüsumu isə mənzillərin kvadrat metrinə görə dəyişir. Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytında (http://www.stateproperty.gov.az/dedrx/index.php/az/) əmlakın hesablama qurğusu mövcuddur ki, hər bir vətəndaş həmin hasablama sistemindən istifadə edərək mənzilinə çıxarış almaq üçün lazım olacaq məbləğı öyrənə bilər”.

 

“Əgər vətəndaşlardan bina sahibləri, MMC-lər qanunsuz pul tələb edirlərsə, bunun Əmlak Məsələləri Üzrə Dövlət Komitəsi ilə heç bir əlaqəsi yoxdur. Əlavə pul tələb olunarsa, vətəndaşlar bizə müraciət etsinlər. Biz də onlara yardım edək. Yalnız banklara rüsumu ödəməlidirlər, heç kimə pul verməsinlər” – deyə ƏMDK sözçüsü vurğulayıb.

Müəllif: Təranə Xudabaxşiyeva      30 İyun 2019 10:30
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin