Əsas səhifə Haqqımızda Xəbər lenti

Vəziyyətdən narazı olan məmur və deputatlara müraciət

Vəziyyətdən narazı olan məmur və deputatlara müraciət

Bəsit həqiqəti dərk edə bilmirlər ki, hər şeyə hökumət nəzarət etməli deyil

 

Hökumət üzvlərindən, məmurlardan, təyin edilmiş deputatlardan tez-tez, "filan sahəyə nəzarət olmalıdır, artırılmalıdır", kimi fikirlər eşidirik. İnternetə, süni qiymət artımına, nəqliyyatda vəziyyətə, büdcə hesabına keyfiyyətsiz görülən işlərə - demək olar ki, hər sahəyə “nəzarət artırılmalıdır” deyən rəsmilər anlamırlar ki, fikrin özü absurddur:

 

1) Tutalım, nəzarət artırılmalıdır, artırın, səlahiyyət sizdədir. Daha mənə - vətəndaşa nədən şikayət edirsiniz?

 

2) Ən yaxşı nəzarətçi vətəndaşdır, vətəndaş cəmiyyəti və müxtəlif maraq qrupları olanda dövlətin işi asan olur. Siz vətəndaş təşəbbüskarlığını öldürün, sonra da nəzarət edə bilmədiyinizi deyin - hanı məntiq?

 

3) İnternet azad məkandır, AzTV deyil ki, nəzarət edəsiniz. Hə, təhqirlərdən narahatsınızsa, normal, ədalətli məhkəmə sistemi qurun, təhqir edənlər cəzalansın, cərimə ödəsinlər - özü də təhqirlə danışan məmur-deputatlar da cəza görsünlər, bu iş bitsin. Ya da azad mətbuatın çalışmasına imkan verin, TV-lərdə alternativ fikirlər olsun, camaat da internetdən yox, TV ekranından həqiqəti görsün, bu iş nizama düşsün, vəssalam.

 

4) Normal ölkələrdə süni qiymət artımı olmur, rəqabətli mühit yaradın, məmuru ya biznesdən, ya kreslosundan qoparın, bazar qiymətləri özü tənzimləsin.

 

5) Nəqliyyatda vəziyyəti düzəltmək üçün seçkili mer institutu təsis edin, vətəndaş öz qulluqçusunu özü seçsin, o da adam kimi işləyib nəqliyyatda düzən yaratsın.

 

6) Büdcə pulunu oğurlamayın, şəffaf tenderlər keçirin, şirkətlər normal yarışsın və keyfiyyətli iş ortaya çıxsın.

 

Sovet təfəkkürlü müəllimlər hələ də bəsit həqiqətləri dərk edə bilmirlər, düşünürlər ki, hər şeyə hökumət nəzarət etməlidir - elə deyil. Hökumətin özünə vətəndaş nəzarət edəndə hər şey düzəlir.

Müəllif: Natiq Cəfərli, REAL təmsilçisi, iqtisadçı-ekspert      18 Sentyabr 2019 18:48
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin