Nə hökumət yaxın durur, nə sahibkarlar - MÜŞKÜLƏ DÜŞMÜŞÜK

Nə hökumət yaxın durur, nə sahibkarlar -       MÜŞKÜLƏ DÜŞMÜŞÜK

Yay tətili başlayıb, lakin şagirdlərin tətili üçün dövlət hesabına yay düşərgəsi yoxdur

 

Artıq məktəblilərin yay tətili başlayıb. Ancaq valideynlərin qayğıları bitməyib, əksinə daha da artıb. Bu qayğılar isə övladlarının yay tətilini səmərəli keçirməsi ilə bağlıdır. Əksər valideynlər arzu edirlər ki, uşaqları öz tətillərini (ən azı müəyyən hissəsini) məktəblilər üçün nəzərdə tutulmuş yay düşərgələrində keçirsinlər. Amma... Amması ondan ibarətdir ki, ölkəmizdə fəaliyyət göstərən yay məktəblərinin, demək olar ki, hamısı özəldir və qiymətləri də “əl yandırır”. Dövlət hesabına bir dənə də olsun yay düşərgəsi yoxdur.

 

Təəssüflər olsun ki, bu məsələ ilə bağlı nə dövlət qurumları, nə də qeyri hökmət təşkilatları (QHT) tərəfindən hər hansı bir addım atılır. AYNA-nın əməkdaşı bu problemin həlli yollarını araşdırıb.

 

Təhsil eksperti Nabatali Qulamoğlu bildirib ki, dövlət bu işdə pul xərcləmək istəmir, iş adamları də bu məsələdə maraqsızdırlar: “Çünki onlar öz imkanlarını bəyan etməyə qorxurlar. Böyük əksəriyyəti isə hökumətdə kimlərəsə bağlı adamlardır. Bir sözlə, bu məsələnin həllinə pessimist yanaşıram”.

O, məktəblilərlə bağlı daha bir problemi qabardıb: “Təhsil Nazirliyi belə məsələlərin həllində imkansızdır. Bilirlər ki, Prezident Administrasiyası icazə verməsə, bu, mümkün deyil. Lagerdən öncə məktəb tikmək lazımdır. Bu dəqiqə Bakıda bir sinifdə 41 şagird təhsil alır, amma hökumət məktəb tikmir, çünki bunun marağında deyil”.

 

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrət də məsələyə münasibət bilidirib: “Sovet vaxtı pioner düşərgələri var idi. Belə düşərgələr uşaqların inkişafında da böyük rol oynayırdı. Bu gün həmin düşərgələri yaratmaq üçün dövlət də vəsait ayıra bilər, eyni zamanda iş adamlarını da təşviq etmək olar. Tender elan edilə bilər. Həmin sahibkarları 5 illik vergidən azad etməklə, həmin sahədə olan boşluğu doldurmaq olar”.

 

“Və ya sahibkarlara pulsuz torpaq sahələri ayrıla bilər. Əlbəttə ki, əlavə güzəştlər də nəzərdə tutmaq olar. Həmçinin qiymətlərin tənzimlənməsində də dövlətin nəzarəti şərt olmalıdır. Çünki özəl sektor bu işlə özü məşğul olsa, qiymətlərin şişirdilməsi halları baş tutacaq. Bu da əksər valideynlərin cibinə uyğun olmayacaq” – A.Həsrət qeyd edib.

 

“Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin sədri Ülkər Abdullayevanın fikrincə, Sovet dönəmində olduğu kimi, indi də təhsildə fərqlənən uşaqların dincəlməsi üçün dövlət məktəblərinin bazası əsasında belə düşərgələr, yay məktəbləri təşkil etmək mümkündür: “Bunun üçün dövlət müvafiq vəsaitlər ayıra bilər. Təbii ki, müxtəlif ailələrdən gəlmiş, müxtəlif yaşda olan uşaqlara nəzarət etmək, onların normal qidalanmasının, sağlamlığının qeydinə qalmaq, onları təhlükəsiz şəkildə ekskursiyalara aparmaq, təbiətlə təmaslarını, əyləncələrini təşkil etmək, vətənpərvərlik ruhunda tərbiyə etmək, üstəlik qazandıqları bilikləri qismən təkrarlamaq üçün könüllü pedaqoqlar tələb olunur. Həmin pedaqoqlara da stimul üçün qonorar vermək lazım gəlir”.

Ü.Abdullayeva bu məsələnin həllində QHT-lərin rolundan da danışıb: “Qeyri-hökumət təşkilatları yalnız donorların külli miqdarda maliyyə dəstəyi olacağı təqdirdə hansısa yay məktəbləri layihələrini həyata keçirə bilər. Amma bunun sistemli olacağına zəmanət yoxdur. Bütün ölkəni əhatə edə biləcək pulsuz yay məktəbləri təşkil etmək QHT-lər üçün mümkünsüzdür. Yalnız ciddi dövlət dəstəyi olacağı təqdirdə, bu işi sistemli təşkil etmək olar”.

 

QHT rəhbəri onu da qeyd edib ki, o, yay məktəblərinin təşkili ilə bağlı yaxşı ideyalar, parlaq layihələr təqdim edə bilər: “Maliyyə dəstəyi olarsa, yüksək səviyyəli lagerlər təşkil etmək mümkündür. Hazırkı çətin və stresslə dolu, uşaqların qadgetlərdən asılı qaldığı bir vaxtda, gələcək nəslin tərbiyəsi, öz yaşıdları ilə gözəl münasibətlər qurması üçün yay məktəbləri əvəzolunmazdır”.

Müəllif: Təranə Xudabaxşiyeva      28 İyun 2019 10:04
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin