Əsas səhifə Haqqımızda Xəbər lenti

Fəxri xiyabanlar haqda maraqlı faktlar: Çoxu düşünür ki, Bakıda iki belə məkan var...

Fəxri xiyabanlar haqda maraqlı faktlar: Çoxu düşünür ki, Bakıda iki belə məkan var...

İlk dəfə birbaşa çiyinlərdə Fəxri Xiyabana gətirilən məşhur - onun dəfnində o zamandək görünməmiş izdiham yaşanıb

 

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşeinin (Aleksandr Ata) vəfat etdiyi barədə məlumat vermişdik. A.İşein uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. 1952-ci ildə Rusiyanın Yaroslavl şəhərində anadan olan A.Ata? 1998-ci ildə Bakı yeparxiyasının yepiskopluğu statusu təyin olunub və 1999-cu ildə o, bu dərəcəyə yüksəldilib. 2012-ci ildən dərəcəsi arxiyepiskop idi.

 

O, Birinci Fəxri Xiyabanda torpağa tapşırılıb. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Aleksandr Atanın dəfn mərasiminə əklil göndərib. Mərasimdə iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib ki, Aleksandr Ata Azərbaycan tarixində Birinci Fəxri Xiyabanda dəfn edilən ilk din xadimidir.

 

Beləliklə, AYNA Azərbaycanda və dünyada olan Fəxri xiyabanlarla bağlı kiçik araşdırma aparıb.

 

Xatırladaq ki, Bakının mərkəzində Fəxri Xiyabanın yaxınlığında Şəhidlər Xiyabanı yerləşir. 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən paytaxta yeridilib və nəticədə yüzlərlə insan şəhid olub. Bu kütləvi qətliamdan sonra şəhid olan soydaşlarımızı dəfn etmək üçün Şəhidlər Xiyabanı yaradılıb. Buna qədər isə həmin ərazi Çəmbərəkənd qəbiristanlığı, Dağüstü Park və Kirov Parkı kimi fəaliyyət göstərib. Azərbaycan tarixində görkəmli olan şəxslərdən bəziləri Çəmbərəkənd qəbiristanlığında dəfn edilib.

No description available.

Fəxri xiyabanların yaradılması sovetlərdən qalma ənənədir və bu adda yalnız Azərbaycanda kütləvi məzarlıq mövcuddur. Çoxları Bakıda iki Fəxri Xiyabanın olduğunu bilsə də, əslində paytaxtda üç Fəxri Xiyaban fəaliyyət göstərir: Birinci, İkinci və Üçüncü Fəxri xiyabanlar.

 

İkinci Fəxri Xiyaban “Yasamal Dağüstü – 1” qəbiristanlıq kompleksinə daxil olsa da, Üçüncü Fəxri Xiyaban Badamdar qəsəbəsi yaxınlığında yerləşir. Birinci Fəxri Xiyabanın yaradılması Azərbaycan Kommunist Partiyası MK-nın sabiq I katibi Mircəfər Bağırovun adı ilə bağlıdır. 1948-ci il avqustun 27-də M.Bağırovun tapşırığı ilə Azərbaycan SSR Nazirlər Soveti Birinci Fəxri Xiyabanın salınmasına dövlət maliyyəsi ayırıb.

 

1948-49-cu illərdə Çəmbərəkənd və şəhər qəbiristanlığında dəfn olunmuş bir neçə mərhumun nəşi Fəxri Xiyabanda yenidən torpağa tapşırılıb. Onların arasında Cəlil Məmmədquluzadə, Əbdürrəhimbəy Haqverdiyev, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Hüseyn Ərəblinski, Süleyman Sani Axundov, Cabbar Qaryağdı, Rüstəm Mustafayev, Əzim Əzimzadə, Hüseynqulu Sarabski və digərlərini misal göstərmək olar.

No description available.

İlk dəfə birbaşa çiyinlərdə Fəxri Xiyabana gətirilən məşhur isə Üzeyir bəy Hacıbəyli olub. Onun dəfnində böyük izdiham yaşanıb və Sovet Azərbaycanı tarixində ən kütləvi dəfn mərasimi olub.

 

Dünyada

 

Qeyd etdiyimiz kimi, başqa heç bir dövlətdə Fəxri Xiyaban modeli olmasa da, buna bənzər məzarlıqlar mövcuddur. Misal üçün Moskvada “Kreml divarı nekropolu” adlandırılan məzarlıq mövcuddur. Kremlin divarının yaxınlığındakı Moskva Qırmızı meydanında “xatirə qəbiristanlığı” kimi də adlandırılan bu məzarlıqda əsasən partiya xadimləri, hərbi rəhbərlər, 1917-ci il Oktyabr İnqilabının iştirakçıları dəfn olunub. 1974-cü ildən bəri nekropol dövlət tərəfindən mədəniyyət abidəsi kimi qorunur. Azərbaycanın görkəmli dövlət xadimi Nəriman Nərimanov da bu məzarlıqda dəfn olunub.

No description available.

Kremlin ikinci məzarlığını Leninin mavzoleyi saymaq olar. 1924-cü ilin yanvarın 21-də Leninin vəfatından sonra yaradılan bu mavzoleydə sonradan İosif Stalin də dəfn edilib. Bir müddət sonra onun nəşini mavzoleydən çıxarıblar.

 

Rusiyanın üçüncü tanınmış məzarlığı isə Moskvada “Novodeviçiy” qəbiristanlığıdır. Burada da kifayət qədər məşhur şəxslər dəfn edilib. Rusiyanın ilk Prezidenti Boris Yeltsin də onların arasındadır. Azərbaycanın görkəmli oftamoloqu Zərifə Əliyeva da bu məzarlıqda dəfn olunsa da, sonradan onun cənazəsi Azərbaycana gətirilib.

 

ABŞ-ın Los Anceles şəhərində yerləşən “Glendale Forest Lawn” məzarlığı da məşhurdur. Meşə Çəmənlik Xatirə Parkı adlandırılan bu məzarlıq 1906-cı ildə bir qrup iş adamı tərəfindən xeyriyyə məqsədilə yaradılıb. Bu məzarlıqda yüzlərlə məşhur şəxs dəfn olunub. Maykl Cekson, Villiam Lavrence Boyd, Jean Harlov, Valt Disney, Louis Feinberg, Lon Chaney və s.

No description available.

Britaniyanın Edinburq Hersoqunun Vindsor Qəsri Birləşmiş Krallıqda ən ali məzarlıq sayılır. Burada yalnız Kral ailəsinə mənsub şəxslər dəfn edilir.

 

Bir məqamda qeyd edək ki, bəzi məşhurlar var ki, öz həyətlərində dəfn ediliblər. Misal üçün, Gürcüstanın sabiq Prezidenti, SSRİ-nin keçmiş xarici işlər naziri Eduard Şevardnadze öz vəsiyyətinə uyğun olaraq həyətində, həyat yoldaşının yanında dəfn edilib.

 

İnkişaf etmiş dövlətlərin əksəriyyətində isə xüsusi məzarlıqlar yoxdur. Orada belə hesab edirlər ki, insanın yaşadığı müddətdə qazandığı nailiyyətlər onu onsuz da xatirələrdə yaşadır və bu mənada məşhurları bir arada tutmağın adı yoxdur.

 

Qayıdaq Azərbaycana

 

Bakıda Fəxri Xiyaban yaradılandan sonra bir qayda olaraq vəfat edən məşhur şəxslər burada dəfn olunur. Sovet hakimiyyətinin qurulmasına və möhkəmlənməsinə kömək etmiş bolşeviklərdən də bu gün Fəxri Xiyabanda dəfn olunanlar var.

 

Heydər Əliyev, Zərifə Əliyeva, Lütfi Zadə, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Leyla Bədirbəyli, Ziya Bünyadov, Əbülfəz Elçibəy, Əliş Ləmbəranski, Məmməd Araz, Xəlil Rza, Nəbi Xəzri, Cabir Novruz, Yusif və Vaqif Səmədoğlu qardaşları (ataları Səməd Vurğun da orda dəfn olunub), Nəsibə Zeynalova və digərləri müstəqillikdən bu yana Birinci Fəxri Xiyabanın daimi sakinləridir.

 

İkinci Fəxri Xiyabanda dəfn edilən məşhurlara gəldikdə isə, bu məzarlıqda da uyuyan məşhurlarımız az deyil. Bir müddət Azərbaycan SSRİ-yə rəhbərlik etmiş Vəli Axundov və Kamran Bağırov, xalq yazıçısı Mircəlal Paşayev, xalq artistləri Rasim Ocaqov, Lütvəli Abdullayev, Emin Sabitoğlu, Ağasadıq Gəraybəyli, Səyavuş Aslan, Hacıbaba Bağırov, Yaşar Nuri, Mikayıl Mirzə, Əliabbas Qədirov, Məlik Dadaşov, Rəfael Dadaşov, məşhur futbolçular Tofiq Bəhramov və Anatoli Banişevski, Milli qəhrəmanlarımız – Polad Həşimov, 44 gün davam edən Vətən müharibəsinin 100-dən çox şəhidi, o cümlədən sabiq nazirlər Natiq Əliyev, Azad Rəhimov, Sirus Təbrizli və digərləri İkinci Fəxri Xiyabanda uyuyurlar.

No description available.

No description available.

Birinci Fəxri Xiyabanda uyuyan cütlüklər də az deyil. Mərhum Prezident Heydər Əliyev və xanımı, görkəmli oftamoloq-alim Zərifə Əliyeva cütlüyü, Azərbaycan mədəniyyətində silinməz izlər qoymuş Cövdət Hacıyev - Əminə Dilbazi cütlüyü, Üzeyir Hacıbəyli - Məleykə Terequlova-Hacıbəyli cütlüyü, Cəlil Məmmədquluzadə - Həmidə Cavanşir cütlüyü bu qəbildəndir.

 

Bütün canlılar kimi, insan da həyata bir dəfə gəlir və sonda hər kəs bu dünyanı tərk edir. Gedərkən özü ilə heç kəs heç nə apara bilmir. Harada dəfn olunmasından asılı olmayaraq, əsas olan insanın qoyub getdikləri, xatirələridir.

 

Allah bütün dünyasını dəyişənlərə rəhmət eləsin!

Müəllif: Azər Niftiyev      15 İyun 2021 22:57
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin