Əsas səhifə Haqqımızda Xəbər lenti

Kəndli ilə şəhərli arasında “Meyvəli” səddi: Biri pula tamarzıdır, digəri məhsula

Kəndli ilə şəhərli arasında “Meyvəli” səddi: Biri pula tamarzıdır, digəri məhsula

Vahid Məhərrəmov: “Bu boyda şəhərdə cəmi bir topdansatış mərkəzi var, bütün şərtləri də o, diqtə edir və digər sahibkarlara işləməyə imkan vermirlər, onları incidirlər”

 

Hazırda mövsüm olsa da, bazarda meyvə-tərəvəzin qiyməti ucuzlaşmır. Bazara gedib-gələnlər ürəyi istədiyi kimi meyvə-tərəvəz ala bilmədiyini söyləyirlər. Çünki qiymətlər bahadır.

 

Digər tərəfdən də kəndçi məhsulunun qapıda qalmasından şikayətçidir. O da deyir ki, əziyyətlə becərdiyi məhsulu Bakıya aparıb sata bilmir. Məhsul xarab olur, onun da əziyyəti boşa gedir.

 

Mövcud vəziyyəti AYNA-ya şərh edən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmlinin sözlərinə görə, qiymətlərin baha olmasına səbəb bazarda rəqabət mühitinin olmamasıdır: “Əvvəla, onu deyim ki, bazar monopoliyada olduğu üçün bizim kəndçilər və ya arada olan vasitəçilər kəndlərdən, rayonlardan ucuz məhsulu Bakı şəhərinə gətirib normal satış həyata keçirə bilmirlər. Bu, onunla bağlıdır ki, ölkədə cəmi bircə dənə topdansatış mərkəzi var - “Meyvəli”. Bu boyda ölkədə bir dənə topdansatış mərkəzinin olması o deməkdir ki, həmin topdansatış mərkəzi monopolistdir. Yəni alıcıya da, satıcıya da qiyməti o, diqtə edir”.

Vahid Məhərrəmov: “Ərzaq təhlükəsizliyinə təminat yoxdur” » Sfera.az  Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək  ünvanı

“Əgər Bakı şəhərində və ya ümumilikdə respublikada topdansatış yerləri bir neçə dənə olarsa, əlbəttə, bu zaman rəqabət mühiti yaranar. Məhsulun rayonlardan Bakıya və digər şəhərlərə daşınması asanlıqla həyata keçirilər. Bazarda rəqabət olduğu üçün məhsul satışı tələb-təklifə uyğun həyata keçirilər. Yəni qiymət diqtə olunmaz, normal qiymət formalaşar və buna uyğun da alış-satış həyata keçirilər”, - deyə həmsöhbətimiz bildirib.

 

“Mövcud vəziyyətdən təkcə istehlakçılar əziyyət çəkmir”

 

Ekspert deyib ki, istehsalçıların satış həyata keçirmələri üçün normal şərait yaradılmır: “Bu gün onların istehsal etdiyi pomidor ucuz qiymətə təklif edilsə də, görürük ki, Bakı şəhərində həmin təklif edilən qiymətdən 4-5 dəfə baha satılır. Bu da bazarın monopoliyada olması ilə bağlıdır. Mənə dəfələrlə zənglər gəlir ki, məhsullarını hara, necə gətirib sata bilərlər. Onlar məhsulu gətirib burada satış həyata keçirə bilməzlər. Gərək bunun üçün icazə verilə. Heç olmasa mövsümdə icazə verilməlidir ki, kəndli məhsulunu gətirib hündürmərtəbəli binaların həyətində satış edə bilsin. Bu halda həm məhsul kəndlinin əlində qalıb xarab olmaz, həm də istehlakçılar nisbətən onlara sərf edən qiymətə mənzilinə yaxın yerdən məhsulu əldə edə bilər”.

 

“Bunun üçün isə imkan yaratmırlar. Sahə müvəkkilləri onları incidirlər, imkan vermirlər. Bu gün pomidor istehsalçılarının sayı mən hesab edirəm ki, 10 minə yaxındır. Onlar fərdi təsərrüfatlarında, quraşdırdıqları istixanada pomidor istehsal edirlər, amma onu sata bilmirlər. Bir müddət əvvəl – ötən ilin dekabr ayında Azərbaycandan Rusiyaya pomidor ixracı qadağan edildiyində də onlar sata bilmədilər. Əllərində olan məhsulu zibilliyə tökdülər. Çünki o məshulu daşıyıb Bakıya gətirmək, ucuz qiymətə satmaq sahibkara sərf etmədi. İstehsal baha başa gəlir. İstixana şəraitində yetişdirilən pomidorla açıq şəraitdə yetişdirilən pomidorun maya dəyərində çox ciddi fərq var. İstixana şəraitində yetişdirilən pomidor 4-5 dəfə baha başa gəlir”, - deyə Məhərrəmli vurğulayıb.

 

O, fərdi sahibkarlara şərait yaradılmaısın vacib hesab edir: “Onlara satışı təşkil etməyə imkan verilməldir. Kənd Təsərrüfatı Nazirliyi bu qədər insanın səsini eşitmirmi? Ölkədə hamı vəziyyətdən xəbərdardır. Kənd Təsərrüfatı Nazirliyi niyə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Nazirlər Kabinetinin sədri ilə bu məsələləri müzakirəyə çıxarmır? Bu məsələnin həlli istiqamətində addımlar atmır? Mövcud problem həllini tapmalıdır. Müəyyən yerlərdə icazə verilməlidir ki, kəndli məhsulunu sata bilsin”.

 

Mtəxəssis problemin uzun zamana dayandığını söyləyib: “Uzun müddətdir ki, bu problem öz həllini tapmır. Bir müddət vasitəçilər var idi, sonra həmin vasitəçilər də aradan götürüldü. “Meyvəli” monopoliyaya aldı, həmin vasitəçilər də aradan çıxarıldı. Hər şeyin qaydası var. Digər ölkələrdə kəndli məhsulu istehsal edir, arada tədarükçülər olur ki, onlar məhsulu fermerdən alır, ya marketlərə paylayırlar, ya da bazarlarda satış həyata keçirirlər. Təəssüf ki, bizdə bu, bazar qaydasına uyğun həyata keçirilmir”.

 

“İctimaiyyət aldadılır”

 

Müsahibimizin fikrincə, “Kənddən şəhərə” yarmarkalarının özü də ictimaiyyəti aldatmaq üçün bir üsuldur: “Həmin yarmarkalarda çox cuzi məhsul satılırdı. Oraya mal gətirənlərin də əksəriyyəti möhtəkirlər idi. Onlar bazarda sata bilmədikləri məhsulu yarmarkada satırdılar. Bakı şəhərində 4-5 topdan satış mərkəzi yaratmaq problem deyil. Hətta bölgələr üzrə bunu həyata keçirmək mümkündür. Heç hökumətin maliyyə resursu ayırmağına gərək yoxdur. Yer verildikdən sonra adamlar tapılacaq ki, topdan satış bazası yaradacaq”.

 

“Bu zaman rəqabət mühiti yaranacaq. Rəqabət olduqda qiymət də real olacaq. Biz digər ölkələrlə müqayisələr aparırıq. Məlum olur ki, bizdə alıcılıq qabiliyyəti aşağı olduğu halda, qiymətlər Gürcüstandan, Türkiyədən iki dəfə bahadır. Bu araşdırmanı aprel ayında aparmışdıq”, - Məhərrəmli əlavə edib.

 

“Fermerləri maarifləndirmək lazımdır”

 

Müsahibimizin sözlərinə görə, bazarda bəzi məhsulların az olması fermerlər arasında problemlərlə mübarizədə maarifləndirmə tədbirlərinin kifayət qədər həyata keçirilməməsi ilə bağlıdır: “Son illər ərik istehsalında azalmanın olduğunu görürük. Bundan bağbanlar da şikayətlənirlər. Onlar məhsul yetişdirməkdə çətinliklərlə qarşılaşırlar. Xəstəliklər ciddi yayılır, qarşısını ala bilmirlər. Buna görə də məhsulda azalma baş verir və bazarda qıtlıq yaranır”.

 

Ekspert son illərin iqlim dəyişikliyinə də toxunub: “İqlim dəyişikliyi, havanın bir müddət yağışlı keçməsi bəzi göbələk xəstəliklərinin geniş yayılmasına səbəb olur. Bu da məhsulun azalmasına, keyfiyyətin pisləşməsinə səbəb olur. Vaxtında aqrotexniki qaydalara əməl etmək lazımdır ki, belə problemlər üzə çıxmasın. Bunun üçün Kənd Təsərrüfatı Nazirliyi kəndliləri, fermerləri maarifləndirmə tədbirləri həyata keçirməlidir”.

 

“Ölkəyə gətirilən dərman preparatlarının keyfiyyəti zəifdir”

 

“Fermerlər xəstəliyin qarşısını almaqda aciz olduqlarından şikayətlənirlər. Biz tez-tez fermerlərdən şikayətlər eşidirik ki, nə qədər çalışsalar da, bəzi xəstəliklərin qarşısını ala bilmirlər. Onlar belə əsaslandırırlar ki, dərman preparatlarının keyfiyyəti aşağıdır. Bu da təəssüf ki, ilbəil təkrarlanır və istehsalın azalmasına, məhsulun əmtəəlik görünüşünün korlanmasına və əlbəttə, qiymətin bahalaşmasına səbəb olur”, - deyə həmsöhbətimiz bildirib.

 

Məhərrəmli məhsullarda əvvəlki dadın olmaması ilə bağlı şikayətlərin səbəbini belə açıqlayıb: “Bizdə bu işlə adi adamlar məşğul olur. Digər ölkələrdə isə kənd təsərrüfatı üzrə təhsil almış aqronomlar məşğul olurlar. Onlar keyfiyyətə önəm verirlər. Ona görə ki, keyfiyyətli olması məhsulun həm uzun müddət xarab olmaması, həm əmtəəlik görünüşünün yaxşı olması, həm də dadının yaxşı olması deməkdir. Bizdə isə bu sahə üzrə demək olar ki, az sayda mütəxəssis qalıb. Onların da təcrübəsindən istifadə olunmur. Onlar treninqlər keçirməli, fermerləri başa salmalıdır ki, hansı mövsümdə hansı işlər görülməlidir ki, məhsul keyfiyyətli olsun, bol məhsul əldə edilsin”.

Müəllif: Aləmdə Nəsib      15 İyun 2021 15:22
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin