Əsas səhifə Haqqımızda Xəbər lenti

Yaşayışımız nə qədər bahalaşıb – Ekspertlər rəsmi rəqəmlərlə razılaşmır

Yaşayışımız nə qədər bahalaşıb – Ekspertlər rəsmi rəqəmlərlə razılaşmır

Müstəqil araşdırmaçılar DSK-nın hesabatının reallıqla ziddiyyət təşkil etdiyinə əmindirlər

 

Dövlət Statistika Komitəsi (DSK) ölkədə 4%-lik inflyasiya ilə bağlı bir hesabat yayımladı. Lakin yerli analitiklər bu cür təxminlərlə razılaşmırlar.

 

Qiymətlərin artması əhali üçün əsas başağrısı olaraq qalır və inflyasiya ilə bağlı rəsmi məlumatlar isə ekspertlər üçün əsas qıcıqlandırıcı amil olmaqda davam edir. Statistik rəqəmlər qida bazarındakı vəziyyətdən çox fərqlidir.

 

DSK-nın hesabatlarına görə, bu ilin yanvar-may aylarında Azərbaycanda inflyasiya 4,2% təşkil edib. Eyni zamanda, may ayında əhaliyə mal və xidmətlərin qiymətləri əvvəlki aya nisbətən orta hesabla dəyişməz qalıb. Qida məhsulları illik ifadədə 4,8%, qeyri-ərzaq məhsulları 3,8%, əhaliyə pullu xidmətlər 3,4% bahalaşıb. May ayında Komitə ərzaq məhsullarının qiymətlərində orta hesabla 0,6% azalma qeydə alıb. Qurumdan verilən məlumata görə, qeyri-ərzaq mallarının qiymətləri ay ərzində orta hesabla 0,6%, əhaliyə göstərilən xidmətlərin qiymətləri 0,5% bahalaşıb.

nemət əliyev iqtisadçı

İqtisadçı ekspert Nemət Əliyev AYNA-ya şərhində bu rəqəmlərin reallıqla ziddiyyət təşkil etdiyini deyib: “Reallıqda əmtəə bazarında bahalaşma 20%-ə çatıb, istehlak bazarında 16% bahalaşma qeydə alınıb. Bu bahalaşma davam edərsə, əhalini çox çətin günlər gözləyir”.

 

Mütəxəssisin sözlərinə görə, Azərbaycanın ərzaq və qeyri-ərzaq bazarında bu ilin yanvar-aprel aylarında topdansatış qiymətləri təxminən 27% artdığından, yalnız idxal olunan mallar 13%-dən çox bahalaşıb: “Yəni 27:(100:50) ≈13.5% (burada “50” rəqəmi idxalın faizidir). Eyni zamanda hesabatda yerli malların qiymətləri belə, nəzərə alınmayıb, baxmayaraq ki, son bir il ərzində onlar da bahalaşıb. Yerli istehsal məhsulları seqmentində qiymət artımının idxal qiymətlərindəki artımın ən azı 50%-ni təşkil etdiyini qəbul etsək, ümumi əmtəə bazarında qiymətlərin 20% artması ilə qarşılaşırıq. Daxili istehlak bazarında bahalaşma hətta 16%-i də keçib”.

Natiq Cəfərli: “Dolların başqa bir valyuta ilə əvəzlənəcəyini düşünmürəm”

İqtisadçı ekspert Natiq Cəfərli də AYNA-ya açıqlamasında DSK-nın inflyasiya ilə bağlı məlumatlarının real vəziyyəti əks etdirmədiyini bildirib: “Təəssüf ki, ölkəmizdə inflyasiyanın hesablanması üçün alternativ mənbələr yoxdur. Ancaq bunsuz da Dövlət Statistika Komitəsinin məlumatlarının siyasiləşdirildiyi və inflyasiya, yaşayış səviyyəsi, işsizlik və s. barədə açıqlanan rəqəmlərin gerçəklikdən uzaq olduğu aydındır. Və bu, əlbəttə ki, çox pisdir. Axı, hökumət və ekspertlərin problemlərə təsirli şəkildə cavab verməsinə və qərarlar qəbul etməsinə imkan verən əsas amil obyektiv statistikadır”.

 

Həmsöhbtimizin sözlərinə görə, ölkə daxilində bahalaşmaya pandemiya səbəbindən dünya qiymətlərinin artması və hökumət tərəfindən tənzimlənən tariflərin bahalaşması səbəb olur. Nəhayət, ölkədə rəqabətli bazar yoxdur - məhsulların istehsalı və idxalı dar bir dairənin əlindədir. Bu baxımdan mütəxəssislər məsələyə dəfələrlə orta idxal rüsumunun malların dəyərinin 40%-ə çatdığı gömrük “töhfəsi”nə işarə edirlər.

 

Bütün bunların fonunda, koronavirus pandemiyası qlobal istehlak səbətindəki əsas məhsulların qiymətlərini qaldırıb. Eyni zamanda, idxaldan asılı olan ölkəmizin bu proseslərdən kənarda qala bilməyəcəyi də aydındır. Birləşmiş Millətlər Təşkilatına görə, qlobal qida qiymətləri indeksi 39,7% artıb. Artma nisbətləri son 10 ilin ən sürətli göstəricisidir.

 

Beləliklə, dünyada kərə yağı, şəkər, dənli bitkilər, süd məhsulları və ətin qiyməti artıb. Bunun səbəbi pandemiya idi: təchizatçılar istehsalda, işçilərin işində və nəqliyyatda fasilələrdən əziyyət çəkirdilər. Mayın əvvəlində BMT, dünya ərzaq qiymətlərinin son 11 ayda artmağa davam etdiyini və aprel ayında 7 illik ən yüksək səviyyəyə çatdığını elan etdi. İndi qiymətlər 12 aydır ki artmaqdadır - bu, 2011-ci ilin sentyabrından bəri ən yüksək göstəricidir.

Müəllif: Tanya Samsonova      14 İyun 2021 13:10
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin