Əsas səhifə Haqqımızda Xəbər lenti

“Bayden Qarabağ məsələsində Rusiya - Türkiyə uzlaşmasını qəbul edəcək”

“Bayden Qarabağ məsələsində Rusiya - Türkiyə uzlaşmasını qəbul edəcək”

Elxan Şükürlü: “Ərdoğanın Bayden-Putin görüşünün nəticəsini gözləmədən Azərbaycana səfəri o deməkdir ki, Rusiya və Türkiyə razılaşdırılmış plan üzrə hərəkət edir”

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov yenidən Qarabağın statusu məsələsindən danışıb. Amma bu dəfə əvvəlkilərdən fərqli olaraq, Rusiya xarici siyasət idarəsinin rəhbəri  status məsələsinə başqa formada izah verib. “Primakov qiraətləri” forumunda çıxışı zamanı Rusiya XİN başçısı bildirib ki, Dağlıq Qarabağın statusu məsələsi ATƏT-in Minsk Qrupunun iştirakı ilə nəticələndirilə bilər: “İndiki mərhələdə azərbaycanlılarla ermənilərin yenidən bir yerdə təhlükəsiz yaşamaları və iqtisadi rifahları ilə bağlı məsələlər həll olunur. Əgər biz belə bir həyatı təmin edə bilsək, onda bir neçə ildən sonra statusla bağlı bütün problemləri həll etmək daha asan olacaq".

 

Dağlıq Qarabağın statusu ilə bağlı məsələnin hələ həllini tapmadığına diqqət çəkən Lavrov “Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzi fəaliyyət göstərir. Bu, ümumi razılığın çox faydalı komponentidir və türkiyəli həmkarlarımızın prosesə cəlb olunmasını hiss etdirir. Bu, sabitləşdirici faktordur" deyib.

 

Lavrovun bu açıqlamasının ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin Azərbaycana səfər etdiyi gün verməsini analitiklər təsadüf saymırlar. Rusiya XİN rəhbərinin Rikerin Bakı səfəri zamanı, eyni zamanda Vladimir Putin – Co Bayden, Co Bayden – Rəcəb Tayyib Ərdoğan görüşü ərafasi Qarabağın statusu məsələsinə toxunmasının müəyyənd airələrə mesaj olduğu qənaəti formalaşır.

 

Lavrovun yanaşması, Qarabağ ətrafında cərəyan edən proseslərlə bağlı AYNA-nın suallarını Ədalət Partiyasının sədr müavini, politoloq Elxan Şükürlü cavablandırıb:

Rusiya Koçaryan variantından imtina edir?

- Elxan bəy, Rusiyanın XİN başçısı S.Lavrov Qarabağla bağlı fikirlər səsləndirdi, yenidən Qarabağın statusundan danışdı. Azərbaycan Prezidenti səviyyəsində “status yoxdur və olmayacaq” deyildiyi halda, Rusiya XİN başçısının bu məsələni gündəmə gətirməsi, sizcə, nə ilə bağlıdır?

 

- Lavrovun Qarabağ ermənilərinin statusu ilə bağlı söylədikləri, əslində Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin bu mövzuda indiyədək dediklərinin yenidən təkrarından başqa bir şey deyil və bizdən çox, Ermənistana, bu ölkədə mövqelərini yenidən bərpa etməyə çalışan Qərbə ünvanlanıb. Bunun indi şişirdilib istiqamətinin dəyişdirilmiş şəkildə təqdimatı, guya ki, Rusiyanın Azərbaycana hansısa mesjları çatdırmaq istəyi kimi qələmə verilməsi də daha çox bunu “rus sülhməramlıları” mövzusunda dirçəlmək istəyənlərin təbliğatıdır. Məgər, Lavrov Rusiya üçün Putindən daha önəmli fiqurdur ki? Lavrovdan öncə, Rusiya Prezidenti V.Putin ötən ilin sonunda keçirdiyi mətbuat konfransında açıqca bəyan etmişdi ki, beynəlxalq hüquqa görə, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və uzun illər Ermənistanla Azərbaycan arasında mübahisə predmeti olan status məsələsinin həlli də gələcəyin işidir. Yəni ki, bu məsələ gündəlikdən çıxarıldı və atıldı qeyri-müəyyən müddətə...

 

Rusiya Prezidenti Putinin bu cür mövqeyi isə Azərbaycan tərəfini tam qane edir. Çünki Azərbaycan tərəfi 44 günlük savaşadək ATƏT-in Minsk Q rupunun vasitəçiliyi ilə aparılan danışıqlarda məhz bu prinsiplərdən çıxış edirdi. Ermənistana təklif edirdi ki, onlar əvvəlcə işğalçı qoşunlarını Dağlıq Qarabağın inzibati ərazisinə daxil olmayan rayonlardan çıxarsınlar, sonra əyləşək, Qarabağ ermənilərinin status məsələsini müzakirə edək. Ancaq Ermənistan “Siz statusu verin, biz sonra qoşunları çıxaraq” şərti qoyurdu və bu səbəbdən danışıqlar da uzana-uzana gedirdi...

 

İndi - 44 günük Qarabağ savaşı isə artıq ATƏT Minsk Qrupu xəttiylə indiyədək masaya qoyulan bütün variantları dəfn edib. Artıq ermənilər bundan sonrakı sülh danışıqlarında “ərazi əvəzinə, status və sülh” prinsipindən çıxış edə bilməyəcəklər. Ermənistana ən böyük güzəşt olunub – atəşkəs razılaşması. Atəşkəs razılaşmasını məhz Ermənistan - Paşinyan hökuməti Putinə yalvararaq əldə edib. İndi danışıqlarda şərtləri artıq Azərbaycan tərəfi diktə edir və ermənilərə bildirir ki, sülh istəyirsinizsə, işğlıçı və separatçı niyyətlərinizdən əl götürün, adam kimi Azərbaycan ərazisində yaşayın. Əl çəkməyəcəklərsə, bundan ən çox ziyan çəkən yenə ermənilərin özləri olacaqlar. Lavrov da, əslində atəşkəs razılaşmasının müddəalarını yerinə yetirməkdən yayınan Ermənistana və bu status məsələsindən istifadə etməklə danışıqlar prosesinə qayıtmaq istəyən Qərbə bunu başa salmaq istəyib. Açıq deyib ki, indiki mərhələdə status məsələsinin qabardılması atəşkəs razılaşmasının yerinə yetirilməsinə, münasibətlərin yumşaldılmasına mane olan faktordur və bunu gələcəyə saxlamaq gərəkdir.

 

- Ancaq görünən odur ki, ermənilər status məsələsindən əl çəkməyəcəklər və bu işə də ABŞ və Fransa ilə yanaşı, artıq Rusiyanı da qoşurlar. Yəni ki, Minsk Qrupunu yenidən dirçəldirlər. Sizcə, Minsk Qrupunun təkrar aktivləşdirilməsi məsələnin uzanması və bizim əleyhimizə çevrilməsiylə nəticələnməyəcəkmi?

 

- Rusiya ilkin mərhələ üçün istəyinə nail olub – 10 noyabr atəşkəs razılaşması əsasında sülhməramlı kimi bölgəyə yerləşib və hər iki tərəfi, azı, 5 il müddətində birbaşa özüylə hesablaşmaq məcburiyyətində qoyub. Rusiya indilikdə status məsələsinin qabardılmasını və bu dalğada Qarabağda vəziyyətin yenidən gərginləşib irimiqyaslı silahlı münaqişəyə çevrilməsini qətiyyən arzulamır. Çünki Qarabağda yeni münaqişə Rusiyanın təkbaşına sülhməramlı missiyanı yerinə yetirə bilmədiyi təəssüratını yaradar və bölgəyə digər dövlətlərin hərbçilərini çağırmaq üçün əsas yaradır. Necə ki, Paşinyan məhz sərhəd gərginliyini əsas götürərək, Qərbə müraciət etdi. Qərb ölkələrinin hərbi qüvvələrinin bölgəyə gəlişi isə Rusiyaya qətiyyən gərək deyil. Rusiya üçün indi ən önəmlisi odur ki, Qarabağa yerləşməsinə legitimlik statusu əldə etsin. Buna da Minsk Qrupunda sülh danışıqlarının bərpasıyla nail ola bilər. Çünki Minsk Qrupunun sənədlərində atəşkəsi təmin etmək üçün sülhməramlıların yerləşdirilməsi nəzərdə tutulurdu, ancaq sülhməramlıların hansı dövlətlərdən olması açıq saxlanılırdı. Rusiya indi göstərməlidir ki, o, bölgədə təkbaşına atəşkəsi təmin edə bilir, tərəflər onu eşidir və Qərbin – ABŞ və Fransanın böyük sülh sazişinin imzalanması üçün aparılan danışıqlara cəlbinə də etiraz etmir.

 

Qaldı, sülh danışıqlarının uzanmasının bizim əleyhimizə çevrilə biləcəyi təhlükəsinə, mən bu fikri də real saymıram. Çünki danışıqların uzanmasının bizə yox, daha çox Ermənistana ziyanı var. Biz artıq istəyimizə nail olmuşuq və zaman, geopolitik durum bizim lehimizə işləyir. Məncə, bunu Ermənistanda da yaxşı başa düşürlər və 20 iyunda orada keçiriləcək seçkilərdən sonra 10 noyabr və 11 yanvar b’yanatlar;n;n müddəlarının sürətlə yerinə yetirilməsinə başlanılacaq.

 

- Maraqlıdır ki, Lavrov Qarabağ məsələsini Ermənistan-Azərbaycan sərhədində baş verənlərdən ayırdı və sərhəddə baş verənlərin sülhməramlılara aid olmadığını bildirdi. Doğrudanmı, bunlar ayrı-ayrı məsələlərdir?

 

- Azərbaycan-Ermənistan sərhədindəki gərginliklər ötən ay məhz Lavrovun İrəvana və Bakıya səfərlərindən sonra çıxıb. Səbəb də odur ki, Rusiya Azərbaycan və Ermənistan arasında dövlət sərhəd xəttinin keçəcəyi ərazilərin tam müəyyənləşməsini və tərəflərin qarşılıqlı şəkildə bir-birlərinin ərazi bütövlüklərini tanımalarını istəyir. Gələcəkdə sülh sazişinin imzalanması üçün bu, çox gərəklidir və hazırda bu proses işçi qruplar, komissiyalar səviyyəsində keçmiş SSRİ xəritələri əsasında aparılır. Ancaq Ermənistandakı seçkilərdə qələbə qazanmaq istəyən  tərəflər sərhəddəki vəziyyətdən qarşılıqlı şəkildə bir-birlərinin əleyhinə istifadə edirlər. Təsadüfi deyil ki, məhz sərhəddəki gərginlikdən sonra Köçəryanın reytinqi sürətlə artdı və o, Paşinyanı tam təslimçilikdə, dövlət sərhədlərini qoruya bilməməkdə, Azərbaycana güzəştə getməkdə suçladı. Paşinyan da dərhal məsələni Rusiyanın əleyhinə çevirdi və erməni cəmiyyətinə o fikri aşıladı ki, problemi yaradan Rusiyadır və Rusiya ilə müttəfiqlik Ermənistana heç nə vermir, mütləq Qərbi bölgəyə gətirmək gərəkdir...

 

Hazırda Lavrov sərhəddəki gərginliyi Qarabağdakı durumdan ayırmaqla, ermənilərə o mesajı verir ki, rus hərbçilərinə Qarabağda olduğu kimi, Ermənistanın dövlət sərhədlərində də çox ciddi ehtiyac var və əgər ermənilər təhlükəsiz şəraitdə yaşamaq istəyirlərsə, bütün dövlət sərhədlərini Rusiya hərbçilərinə həvalə etməlidirlər. Necə ki, Zəngəzur dəhlizinə nəzarət Rusiya FTX-yə həvalə edilib.

 

– Elxan bəy, nədənsə, siz Lavrovun açıqlamalarında Azərbaycanın əleyhinə olan məqamlara toxunmursunuz, daha çox Ermənistana ünvanlı fikirlər üzərində durursunuz. Doğrudanmı, Lavrovun bəyanatlarının Azərbaycana toxunacaq tərəfləri yoxdur?

 

-  Azərbaycan qardaş Türkiyə ilə razılaşdırılmış şəkildə bölgədə “rus planı”nın həyata keçməsinə razılıq verən əsas tərəfdirsə, Rusiya Azərbaycandan niyə narazı olmalıdır ki? Rusiyanın problemi KTMT-dən qopmaq istəyən Ermənistanla və onun qərbyönmülü hakimiyyəti Paşinyanla idi, Azərbaycanının hesabına da böyük ölçüdə bu problemini həll etdi. Rusiya artıq Ermənistanda hərbi, siyasi və iqtisadi baxımdan yenidən möhkəmlənib və 20 iyun seçkilərindən sonra bunu daha açıq görəcəyik. Birdəfəlik bilmək gərəkdir ki, 44 günlük savaş və ondan sonrakı müddətdə Rusiya-Azərbaycan-Türkiyə üçlüyü bir hərəkət edib və bu, indi də davam edir. Zəngəzur dəhlizinin açılmasından sonra isə bu münasibətlər daha da inkişaf etdiriləcək. Fikir verdinizsə, Lavrov atəşkəsə nəzarət edən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətini də qənaətbəxş saydı. Eyni zamanda həmin gün Moskvada Rusiya və Türkiyə XİN nümayəndələrinin məsləhətləşmələri keçirildi...

Putin və Ərdoğan İlham Əliyevi təbrik etdilər - Şafaqna Azərbaycanca

- Yeri gəlmişkən, Rusiya və Türkiyənin Ermənistanın fəallaşdırmaq istədiyi Minsk Qrupunu yaxın buraxmayacağı, özlərinin yeni formatda sülh danışıqlarını davam etdirəcəyi haqda fikirləri real sayırsınızmı?

 

- 44 günlük savaş tək Azərbaycanın yox, həm də Rusiya və Türkiyənin geopolitik qələbəsidir. Türkiyə Rusiya ilə bərabər artıq atəşkəsə nəzarət edir və rus sülhməramlılarının özünü necə apardığına göz qoyur. Bundan sonra Minsk Qrupu yenidən fəallaşsa belə, onlar mövcud reallıqlarla barışmaq məcburiyyətindədirlər. Çünki onların 28 ildə edə bilmədiklərini Azərbaycan, Türkiyə və Rusiya birgə etdi. Düşünürəm ki, iyunun 14-16 aralığıda keçirilən Bayden-Ərdoğan və Bayden-Putin görüşlərində də Dağlıq Qarabağ münaqişəsinin həllində əldə edilmiş bu reallıqlar ABŞ tərəfindən qəbul ediləcək və gələcək sülh danışıqlarında ABŞ və Rusiya uzlaşdırılmış mövqe ifadə edəcəklər. Bu isə o deməkdir ki, Azərbaycan uğurlarına beynəlxalq zəmanət əldə etmiş olacaq və sülh prosesində, Qarabağdakı tikinti-quruculuq işlərində daha arxayın şəkildə davranacaq.

 

- Lavrovun bəyanatı ABŞ-dövlət katibinin köməkçisi Bakıda olarkən, özü də Bayden-Ərdoğan və Bayden-Putin görüşləri öncəsi, həmçinin Ərdoğanın Bakıya, Şuşaya gözlənən səfəri ərəfəsində səsləndirildi. Sizcə, bu, təsadüf idimi?

 

- Əlbəttə, təsadüf deyil. Əksinə, həm Lavrovun açıqlamalarının, həm də Ərdoğanın səfər proqramının elanının Filip Rikerin Azərbaycanda olduğu bir vaxtda verilməsi bütün mövqelərin artıq aydın olduğu və tərəflərin uzlaşdırılmış bir siyasət həyata keçirdikləri mənasına gəlir. Mənim gözləntim odur ki, Bayden-Ərdoğan və Bayden-Putin görüşlərində Qarabağ məsələsi ilə bağlı Türkiyə və Rusiyanın razılaşdığı mövqe qəbul ediləcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bayden-Putin görüşünün nəticəsini gözləmədən Azərbaycana və xüsusən də təhlükəsizlik baxımından riskli bölgə sayılan Şuşaya səfəri o deməkdir ki, Rusiya və Türkiyə Qarabağ məsələsində vahid və razılaşdırılmış plan üzrə hərəkət edir, tərəflər bir-birlərinə problem yaratmaq niyyətində deyillər. Əksinə, Ermənistandakı 20 iyun seçkilərindən sonra həm Türkiyənin, həm də Rusiyanın və ABŞ-ın marağında olan Zəngəzur dəhlizinin açılması prosesi sürətlənəcək.

 

- Bəs Ermənistandakı seçkilərdən nə gözləyirsiniz? Seçkilərin pozulma və ya ikinci tura keçirilmə ehtimalı varmı? Köçəryanın Rusiyanın dəstəyi ilə hakimiyyətə gətirilməsi, sizcə, Zəngəzur dəhlizinin açılmasının qarşısını almazmı?

 

- Mən inanmıram ki, xarici oyunçular Ermənistanda seçkilərin pozulmasında və hakimiyyətin məhz bu ərəfədə dəyişməsində maraqlı olsunlar. Əgər böyük güclər Qarabağ məsələsi ilə bağlı reallıqları qəbul edir və uzlaşırlarsa, o deməkdir ki, bu uzlaşmanı pozacaq situasiyanın pozulmasına imkan verməyəcəklər. Paşinyan isə artıq Ermənistanda bu uzlaşdırılmış siyasəti həyata keçirməyə hazır əsas fiqur olaraq görünür və qəbul edilir. Ruslar onu 20 yanvara – Bayden administrasiyası fəaliyyətə başlayanadək dəyişməliydilər, ancaq bacarmadılar, çünki erməni cəmiyyəti ayağa qalxmadı, əksinə, Qarabağdakı məğlubiyyətinə baxmayaraq, onun arxasında durdular. Xalqın müdafiə etdiyi adama sülh razılaşmasını imzalatmaq isə daha asandır və bütün xarici güclər də Paşinyana ermənilərin dəstəyini görür. Sadəcə, ruslara o lazımdır ki, qarşıdakı seçkilərdə öz qüvvələrini, xüsusən də Putinin dostu, Rusiyaya sədaqətiylə seçilən Koçaryanı və tərəfdarlarını parlamentə keçirə bilsinlər. Rusiya buna nail olsa, artıq onun əliylə Paşinyana davamlı şəkildə təzyiq imkanı əldə edəcək. Odur ki, mən Rusiyanın Köçəryanın indiki şəraitdə Ermənistanda Baş nazir olması üçün çalışcağını düşünmürəm. Onun baş nazir olması Birgə Bəyanatı poza və xüsusən də Rusiyanın Türkiyə və Azərbaycanla münasibətlərini gərginləşdirə bilər ki, bu da indiki halda Rusiyaya qətiyyən gərəkli deyil... Rusiya üçün ən uyğunu elə atəşkəs razılaşmasını Paşinyanın əliylə həyata keçirmək və Köçəryanın gələcək hakimiyyət yolunu “təmizləmək”dir.

 

Bununla belə, mən 20 iyunda - seçki günü Rusiyanın Ermənistanda qan tökülməsində maraqlı olduğunu da düşünürəm. Çünki Rusiya bilir ki, Paşinyan “Qarabağ klanı”nı özünün şəxsi düşməni sayır və elə birinci turdaca qalib gəlmək, təkbaşına hökumət qurmaq üçün hər şeyə əl atacaq, rəqiblərinə qarşı olduqca sərt davranacaq. Seçki günü qan tökülməsi “Ermənistanın Saakaşvilisi” adlandırılan Paşinyanın demokart imicini alt-üst etməklə yanaşı, Köçəryana da onu seçkilərdə qan tökdüyünə görə həbsə atdıran Paşinyandan qisas alması üçün yaxşı bir zəmin yaradacaq.

Müəllif: Anar Bayramoğlu      12 İyun 2021 10:20
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin