Əsas səhifə Haqqımızda Xəbər lenti

Qarabağda əndazəni aşan proseslər: “Sərt üzümüzü göstərməyin vaxtıdır”

Qarabağda əndazəni aşan proseslər: “Sərt üzümüzü göstərməyin vaxtıdır”

Ərəstun Oruclu: “Azərbaycan müharibə qazanan ölkə kimi davranmır və bu davranış həm ermənilərə, həm də ruslara ilham verir”

 

Bütün ermənilərin katolikosu II Qaregin iyunun 4-dən başlayaraq üç gününü Azərbaycan ərazisində, Qarabağın müvəqqəti olaraq Rusiya hərbi kontingentinin məsuliyyət zonasında olan hissəsində keçirdi. O, Qarabağa Erməni Apostol Kilsəsinin qurucusu Müqəddəs Qriqori Prosvetitelin, “dindar Artsax xalqının xeyir-duası və təsəllisi üçün” qalıqlarını gətirdi.

 

Katolikos keçmiş “DQR prezidenti” Bako Saakyan və ruhanilərin müşayiəti ilə Amaras monastırını ziyarət etdi. Burada onu yaxın icmalardan olan ermənilər, eləcə də erməni hərbi qulluqçuları (çoxdan orada olmamalı idilər) qarşıladı.

 

Yeri gəlmişkən, erməni KİV-lərinin xəbər verdiyi kimi, Katolikos dini hərbçilərlə işlər üçün Rusiya sülhməramlı kontingent komandirinin köməkçisi olan müqəddəs ata Boris Qrişin tərəfindən qarşılandı.

 

Yerli Surb Qrigori kilsəsində Katolikos müharibədə öldürülənlərin ruhlarının rahatlığı üçün dua etdi. II Qaregin Qarabağda qanunsuz olaraq qalan və ayində iştirak edən erməni hərbçilərə də xeyir-dua verdi. Sonra Amaras monastır kompleksinin yenidən qurulması işləri ilə tanış oldu.

 

Xatırladaq ki, xəbərlərə görə, ümumilikdə rus sülhməramlılarının qoruması altında, Qarabağa bu cür dini ziyarətlərin sayı son zamanlarda xeyli artıb. İndi Katolikosun özü də gəldi. Bütün bunlar, əlbəttə ki, Bakıdan ərazisinə gəlməyə icazə istənilmədən baş verir, ermənilər Dadivank adlandırdıqları alban Xudavəng məbədinə, Amarasa gedirlər.

 

Bunu dayandırmağın vaxtı çatmayıbmı? Bəlkə Azərbaycan sərhədçilərimizə bu qonaqların şəxsiyyətlərini yoxlamaq hüququ verilməsində israr etməlidir? Və ya, hətta Moskvadan Ermənistan ərazisindən belə ziyarətlərin dayandırılmasını tələb etməliyik?

ABŞ-da yaşayan politoloq Ərəstun Oruclu:

Baş verənləri AYNA-ya şərh edən Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu hesab edir ki, indi Qarabağın dağlıq hissəsində baş verənlər, ilk növbədə Rusiya “sülhməramlılarının” varlığı ilə bağlıdır: “Erməni birləşmələrinin məğlub olan marionet strukturlarının, o cümlədən hərbçilərin orada qalmalarına, mövqelərini möhkəmləndirmələrinə və öz yerli inzibati orqanlarını yaratmalarına kömək edənlər də elə Rusiya “sülhməramlıları”dır. Təəssüf ki, Qarabağın dağlıq hissəsində yerləşən hərbi kontingenti ilə təmsil olunan Rusiya burada dağıdıcı siyasət yürüdür”.

 

“Prinsipcə bu, gözlənilən idi. Düşünürəm ki, Azərbaycan məsələni açıq şəkildə qoymalıdır - Rusiya silahlı qüvvələrinin Qarabağın dağlıq hissəsində nümayiş etdirdiyi davranış qətiliklə qəbuledilməzdir və Üçlü Atəşkəs Bəyanatının şərtlərinə uyğun olaraq Rusiya Federasiyasının hərbi kontingenti üzərinə götürdüyü öhdəliklərə cavab vermir. Həm də Bakı, ölkəmizin silahlı qüvvələri vasitəsi ilə Laçın dəhlizinə birgə nəzarət etməsi məsələsini da qaldırmalıdır. Bunun əvəzinə, Azərbaycan tamamilə anlaşılmaz bir səbəbdən Rusiyaya qarşı olduqca aciz davranır. Azərbaycan müharibə qazanan ölkə kimi davranmır. Və bu davranış təbii olaraq həm ermənilərə, həm də Rusiyaya ilham verir. Buna görə də onlar hörmətsizliyi, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş təxribat xarakterli hərəkətləri nümayiş etdirirlər”, - deyə analitik bildirib.

 

Bu baxımdan Oruclunun fikrincə, bütün bu rüsvayçılığa son qoymaq üçün Bakı Moskvadan ya Üçtərəfli Bəyanata yenidən baxılmasını tələb etməli, ya da Bəyanatın şərtlərinə uyğun gəlmədiyi təqdirdə, Azərbaycanın ondan birtərəfli qaydada çıxacağını bəyan etməlidir: “Və Silahlı Qüvvələrimiz təxribatların baş verdiyi bölgələri öz nəzarəti altına almağa davam etməlidir. Bu təxribatlar, bir daha deyirəm, Moskva tərəfindən başladıldı və dəstəkləndi”.

 

“Düşünürəm ki, məsələnin sərt şəkildə qoyulması lazımdır. Əks təqdirdə, Azərbaycan susarkən, bütün bu təxribatlar daha da geniş miqyas alacaq və sonda istisna etmirəm ki, azad edilmiş ərazilərdə yerləşən Azərbaycan ordusunun bölmələrinə qarşı silahlı aksiyalara çevriləcək. Sərt üzünü göstərməlisən. 26 illik danışıqlar və 44 günlük müharibə təcrübəsi göstərdi ki, düşmən həqiqi güclə hesablaşır və bu real güc ona göstərilməlidir”, - deyə həmsöhbətimiz vurğulayıb.

Müəllif: Rauf Orucov      11 İyun 2021 19:20
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin