Əsas səhifə Haqqımızda Xəbər lenti

Yarış başlamadan öz qapımızdan qol buraxdıq və “ədalət” qələbə çaldı

Yarış başlamadan öz qapımızdan qol buraxdıq və “ədalət” qələbə çaldı

Xırda bir separatçıya görə Moskva erməni lobbisinin zurnası altında rəqs edirsə, onda daha ciddi məsələlərdə Kremldən hansı mövqeni gözləmək olar?!

 

Beləliklə, Rusiyanın “Match TV” telekanalının erməni əsilli aparıcısı Nobel Arustamyan Azərbaycanın blok qoymasına rəğmən, Avro-2020 oyunları üçün akkreditasiya aldı. Bir gün əvvəl xəbər yayılmışdı ki, Avropa çempionatının oyunlarının keçiriləcəyi 11 şəhərdən biri olan Bakının təşəbbüsü ilə, Rusiya vətəndaşlığı olan erməni jurnalist belə bir fürsətdən məhrum edilib. Səbəb onun Azərbaycanın icazəsi olmadan Qarabağa dəfələrlə səfər etməsi və separatçıları dəstəkləyən digər əməlləri idi.

 

Ermənilər və erməni lobbisi sevinir. “Match TV”-nin baş prodüseri Tina Kandelaki onsuz da öz “Telegram” kanalında bu hadisəni ən azı son onilliyin ən əlamətdar hadisəsi kimi təqdim etdi: “Nobel Arustamyan AVRO-da akkreditə olundu. Paxıl insanlar, əminəm: hələ də yatırsınız. Yəqin ki, buna görə həyatınızda heç bir şey işləmir. Biz isə həmişə olduğu kimi işləyirik - 24/7. Özümüzküləri tək qomuruq, kanal qururuq, idmanı heç xəyal etmədiyiniz şəkildə dəstəkləyirik. Maşa Zaxarova, həm laqeyd qalmadığınız üçün, həm də eyni qandan olduğumuz üçün sizə xüsusi təşəkkür edirəm”.

 

(Qeyd: Kandelakinin xatırladığı Maşa - Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovadır)

 

Düzü, bu hadisənin sonu istədiyimizdən tamamilə fərqli oldu. Psevdo-vətənpərvərlik və həddindən artıq emosionallığı bir kənara qoyaraq, bütün dünya qarşısında bizi heç də yaxşı tərəfdən göstərmədiklərini etiraf etməliyik. Əslində, buna özümüz şərait yaratdıq. Heç kim əslində mahiyyəti dərindən araşdırmayacaq, hamı üzdə olanlarla kifayətlənəcək: “Bir jurnalist var idi, bütün ölkə ona qarşı qalxmışdı. Ancaq yaxşı insanlar tapıldı, müdaxilə etdilər, ayağa qalxdılar və ədalət qələbə çaldı. Ura! Rədd olsun zülmət, fanatik millətçilik” və s. buna bənzər bir hayqırtılar. Və burada bir sual ortaya çıxır: ölkənin imicinə (heç də şişirtmirik) belə bir zərbə vurulmasında kim günahkardır? Bu, necə ola bilər?

 

Əldə etdiyimiz məlumata görə, həm də Tina Kandelakinin açıqlamalarından belə çıxdı ki, Rusiya Xarici İşlər Nazirliyi məsələyə müdaxilə edib. Əlbəttə ki, Azərbaycan bir xırda separatçıya görə güclü şimal qonşusu ilə münasibətlərini korlamayacaq. Bu qədər nəhəng bir imperiyanın xarici siyasət idarəsinin birdən-birə Avropa çempionatına səyahət edə bilməyəcək bir jurnalistin qayğısına qalması qəribə görünə bilər.

 

Ancaq qəribə bir şey yoxdur. Rusiyadakı erməni lobbisinin gücü  hamıya bəllidir. Xarici İşlər Nazirliyinin əsas fiqurları - Lavrov və Zaxarova - heç vaxt ermənilərə qarşı simpatiyalarını gizlətməyiblər. Əminik ki, məsələ fərqli bir millətdən olan bir Rusiya vətəndaşı ilə əlaqəli olsaydı, belə bir hay-küy yaranmazdı. Və burada soyad “yan” olduğu üçün əlavə şərhlərə ehtiyac yoxdur.

 

Yenə də sadəcə düşünək: Arustamyanı akkreditasiyadan məhrumetmə qərarı verən ölkəmizin rəsmi adamları hadisələrin belə gedəcəyini təxmin edə bilməzdimi? Bu cür sadəlövhlük bazarda pomidor satan və dünyadakı siyasi vəziyyətlə yalnız “pomidorlarımızı Moskvaya nə vaxt buraxacaqlar” sualı səviyyəsində maraqlanan şərti Mamed üçün bağışlanılandır. Ancaq konkret bir iş görən və bunun üçün müəyyən bir miqdarda pul alan bir adam, ən azı rus elitasının rəğbət və imtiyazları, Rusiya ilə korlana biləcək münasibətlərin perspektivləri və məqsədəuyğunluğu barədə bilməli, oyunu ən azı iki gediş əvvəldən hesablamaq məcburiyyətində idi.

 

İndi aldığımız cavabdan sonra Nobelin Bakıya gəlməyəcəyini bəhanə etmək çox qeyri-ciddi səslənir. Arustamyanın Azərbaycana səfər planının olmaması barədə çox əvvəlcədən açıqlama verməsi bu bəhanələrə ümumiyyətlə qeyri-ciddi görkəm verir. İstəməsək belə, bizdə bir düşüncə də yaranır: bəlkə bu məsələni qətiliklə gündəmə gətirməmək və çıxılmaz vəziyyətə düşməmək üçün hallandırmamaq daha yaxşı olmazdımı?

 

Yəqin ki, məsələni səs-küysüz və Rusiya Xarici İşlər Nazirliyinin iştirakı olmadan həll etmək mümkün idi. Bəlkə də, kimsə Arustamyanın timsalında bütün dünyaya Azərbaycan torpaqlarına qeyri-qanuni səfər edənlərin qibtəedilməz perspektivlərini göstərmək planlarını qurmuşdu. Ola bilər. Ancaq bundan nə çıxdı...? Bəlkə də yanılırıq, amma biz Avro-2020-nin açılış matçından əvvəl öz qapımızdan qol buraxdıq.

 

Sonda bir şeyi də qeyd etmək istəyirəm. Qoşunları Qarabağda yerləşmiş və guya, iki xalqın barışmasını təmin etməyə çalışan Rusiya əsl mahiyyətini və rəğbətinin kimin tərəfində olduğunu bir daha sübut etdi. Sadəlövh olmaq və bu niyyətlərin səmimi olması barədə düşünmək lazım deyil. Əgər Nobel kimi xırda bir separatçıya görə belə, Moskva erməni lobbisinin zurnası altında rəqs edirsə, onda daha ciddi məsələlərdə Kremldən hansı mövqeni gözləmək olar?!

Müəllif: Vüsal Əliyev      10 İyun 2021 23:27
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin