Əsas səhifə Haqqımızda Xəbər lenti

Deputatın kitab oğurluğu ilə bağlı açıqlaması əsaslıdır?

Deputatın kitab oğurluğu ilə bağlı açıqlaması əsaslıdır?

Qanunlara əsasən, millət vəkili Kamal Cəfərovun açıqlaması doğrudur

 

Azərbaycan Milli Məclisinin üzvü Kamal Cəfərov Bakıda “Ali və Nino” kitab mağazasından kitab oğurlayan gəncləri müdafiə edib. Deputat bildirib ki, mağazanın sahibi Nigar Köçərli iki gənci cəmiyyətə oğru kimi təqdim etməyə çalışıb: “Hüquqi cəhətdən hər hansı oğurlanan əmlakın dəyəri 100 manatdan çox olmadıqda bu cinayət əməli hesab edilmir,  inzibati xətadır. Buna görə də hakim həmin əməldə xəta olmadığından onlara bəraət verdi”.  Deputat əlavə edib ki, foto və çəkiliş barəsində icraat aparılan şəxsin icazəsi olmadan yayımlanmamalıdır. Bu mənada inzibati  qanunverciliyi elə mağaza sahibi pozub.

 

AYNA xəbər verir ki, Saxta.info deputatın bu iddialarının əsaslı olub-olmadığını dəqiqləşdirib.

 

Öncə xatırladaq ki,  iyun ayının 7-də Azərbaycan Daxili İşlər Nazirliyi  Səbail rayonunda kitab mağazasından oğurluq edilməsi ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, mağaza rəhbərliyi polisə məlumat verəndən dərhal sonra hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakinləri Elməddin Süleymanlı və Elvin Əhmədov saxlanılıblar. Onların mağazadan 2 ədəd kitab oğurlaması obyektin müşahidə kameraları vasitəsi ilə də lentə alınıb.

 

Qeyd edək ki, hadisənin müşahidə kameralarına düşən görüntüləri mağaza rəhbərliyi tərəfindən ictimailəşdirilib.

 

Bu arada, artıq Səbael rayon məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda kitab oğurluğunda ittiham olunan gənclərə bəraət verilib.

 

Deputatın qanunvercilik aktları prizmasından irəli sürdüyü fikirlərə gəlincə, öncə qeyd edək ki,  Cinayət Məcəlləsinin  177-ci maddəsinə  (Oğurluq) əsasən  oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama -  üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Bundan başqa, eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; təkrar törədildikdə; yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə; elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə; neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə;

xeyli miqdarda ziyan vurmaqla törədildikdə; zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Həmçinin  sözügedən əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə; külli miqdarda ziyan vurmaqla törədildikdə; əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə; əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Bu əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə; on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Göründüyü kimi, Cinayət Məcəlləsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayət məsuliyyəti yaradır. Lakin burada bəzi istisnalar var. Maraqlıdır, bəs oğurluq əməli hansı halda cinayət məsuliyyətinə səbəb olmur? 

 

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin  177.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.3-2 (neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə), 177.2.5 (zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə)  və 177.3.1-ci (mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələrində nəzərdə tutulan məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır.

 

Məcəllənin 177.1 (Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama),   178.1 (Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə)  və 179.1-ci (Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama)  maddələrində nəzərdə tutulan məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır.

 

Bir qədər sadə dildə desək, mühafizə olunan məkanlarda törədilən  əmlak  oğurluğunun dəyəri 100 manatdan çox olduğu təqdirdə cinayət məsuliyyətinə səbəb olur. Mühafizə olunmayan yerlərdən oğurlanan əmlakın dəyəri isə 500 manatdan çox olarsa, cinayət əməli hesab olunur. 

 

Yeri gəlmişkən, gənclərin kitab mağazasından oğurladığı kitabların adları  və qiyməti açıqlanıb. Bunlar Salman Rüşdünün Türkiyə türkcəsində çap olunan “Gecə yarısı çocukları” və Dantenin “İlahi Komediya” əsərləridir. Kitablardan birinin qiyməti 26 manat 10 qəpik, digərinin qiyməti  29 manat 80 qəpik olub. Ümumi məbləğ 55 manat 90 qəpik təşkil edir.

 

Hadisənin videogörüntülərinin yayılmasına gəlincə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 51-ci maddəsinin (İnzibati xəta haqqında iş üzrə məlumatların yayılmasının yolverilməzliyi)  51.2-ci hissəsində qeyd edilir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkiliş, yaxud səsyazma aparılıbsa, barəsində inzibati icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin razılığı olmadan həmin foto və ya video çəkiliş, yaxud səsyazma materialları kütləvi informasiya vasitələrində yayımlana bilməz.

 

Saxta.info sadalanan qanunlara əsaslanaraq bu qənaətə gəlib ki,  deputat  Kamal Cəfərovun açıqlaması əsaslıdır.

Müəllif: Ayna.az      9 İyun 2021 18:49
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin