Əsas səhifə Haqqımızda Xəbər lenti

“İranda kimin Prezident olmasından asılı olmayaraq, türklərə münasibət dəyişməyəcək”

“İranda kimin Prezident olmasından asılı olmayaraq, türklərə münasibət dəyişməyəcək”

Sədrəddin Soltan: “Ən şanslı namizəd Rəisi hesab olunur, o çıxışlarında, davranışlarında, verdiyi bəyanatlarda özünü artıq İran Prezidenti kimi aparır”

 

İyunun 18-də İranda prezident seçkiləri keçiriləcək. Mayın 28-də başlayan seçkiqabağı təbliğat kampaniyası iyunun 16-dək davam edəcək. Hazırda namizədliyi qeydə alınan prezidentliyə 7 iddialı şəxs kampaniya aparır.

 

Qeyd edək ki, İranda 592 nəfər prezidentlik iddiası ilə çıxış etmişdi ki, onlardan 40 nəfəri qadın idi. Sözügedən iddialılardan 45-i tanınmış sima sayılırdı. Lakin 7 nəfərin namizədliyi qeydə alındı. Bunlardan 5-i mühafizəkarlardandır - indiki ədliyyə naziri İbrahim Rəisi, İslam İnqilabi Qvardiyasının keçmiş komandanı Möhsün Rezai, İran Parlamentinin üzvü Əmirhüseyn Qazızadə Haşemi, keçmiş diplomat Səid Cəlili və keçmiş deputat Əlirza Zəkani.

 

Yerdə qalan iki namizəd isə islahatçıların təmsilçisidir - İran Mərkəzi Bankının sədri Əbdülnasir Himməti və keçmiş Prezident Hatəminin dövründə vitse-prezident və idman naziri olmuş Möhsün Mehrəlizadə.

 

Sabiq spiker Əli Laricaninin, sabiq Prezident Mahmud Əhmədinejadın və digər bir çox tanınmış simanın namizədliyi isə qeydə alınmadı.

 

İranda keçiriləcək Prezident seçkiləri prosesi, seçkilərin nəticəsi Azərbaycan üçün də önəmlidir. O mənada ki, ilk növbədə İran Azərbaycanın qonşu dövlətidir. Oradakı siyasi proseslər ölkəmizə təsirsiz ötüşmür. Ən önəmlisi isə İran ərazisinin bir hissəsi Azərbaycanın tarixi torpağı olmaqla yanaşı, hazırda orada 40 milyona yaxın Azərbaycan türkü yaşayır. Prezidentliyə namizədlər arasında da Güney Azərbaycandan olan şəxslər var.

 

Politoloq Sədrəddin Soltan qonşu İranda seçki prosesini, seçkilərdən gözləntiləri AYNA-ya müsahibəsində şərh edib. Analitik hesab edir ki, 7 namizəd arasında baş tutan teledebatları izləyəndə bir sıra məqamlara aydınlıq gəlir:

Sədrəddin Soltan: “Azərbaycan türkü də öz ana dilində təhsil almalıdır”

- Tərəflər debatlarda görəcəkləri müxtəlif işlərdən danışırlar. Görünən odur ki, daha çox üstünlük İbrahim Rəisiyə verilir. İranda seçici sayının böyük hissəsini tüklər təşkil etdiyi üçün namizədlər bizim topluma daha çox çağırış edirlər. Güney Azərbaycan türklərinin səslərini əldə etmək üçün müxtəlif üsullara, oyunlara əl atırlar. Məsələn, sonuncu debatlardan birində namizəd Möhsün Mehrəlizadə və Əbdülnasir Himməti Məhəmmədhüseyn Şəhriyarın şeirini dedi, türklərə xoş gəlmək üçün çıxışlar etdilər. İbrahim Rəisi türkləri “Azəri” adlandırdı. Mehrəlizadə isə “Azəri” yox, bu millətin türk olduğunu söylədi. Güney Azərbaycanın bölgələrini sadaladı, orada türklərin yaşadığını bildirdi. Yəni ki, bu yolla Mehrəlizadə güneylilərə xoş gəlmək istədi.

 

- Güney Azərbaycan türklərinin etimadını qazana biliblərmi?

 

- Ümumiyyətlə, İranda prezidentlik institutu elə də vacib qurum deyil. Hazırda baş verənlər siyasi şoudur. Mehrəlizadə seçkilərdə namizəd olaraq çıxışlar edib, bu dəfə də islahatçılar adlanan xəttin müdafiəçisi olduğunu deyir. Himməti də islahatçıların nümayəndəsi olaraq namizəddir. Amma bu şəxlərin heç biri əvvəllər Azərbaycan türkləri ilə, onların problemlərinin həlli ilə bağlı heç bir addım atmayıblar. Məsələn, Himməti Mərkəzi Bankın rəhbəri olmağına baxmayaraq, heç vaxt türklər yaşayan ərazilərə maliyyənin ayrılmasına yardım etməyib. Ona güneylilər niyə səs versinlər?! Mehrəlizadənin Azərbaycan türkləri ancaq seçkidən-seçkiyə yadına düşür.

 

Ümumiyyətlə, “türk” sözünün ictimai rəydə hallandırılması, türklərin hüquqlarının qabardılması seçkiqabağı proseslərin aktivləşməsi məqsədilə edilir. Çünki hamı bilir ki, türklər İranda milli haqqı tapdanan, əzilən, assimilyasiyaya məruz qalan ən çoxsaylı millətdir. Ona görə bu faktordan istifadə edirlər. Parlamentdə Təbrizdən təmsil olunan Ruhulla Mütəfəkkir prezidentliyə namizəd olan iki türk namizədi – Himməti və Mehrəlizadəni riyakarlıqda, səs yığmaq üçün Azərbaycan türklərinin milli ruhu ilə oynamaqda günahlandırır. Məsələn, radikal farslara bağlı olan sosial şəbəkə resurslarında türk namizədlərin çıxışlarını tərbiyəsizlik, rəzillik adlandırırlar. Onlar iddia edirlər ki, İranda türk yoxdur, farsların bir qolu olan “Azəri”lər var. Türklərə qarşı bu tipli rəzil yanaşmalar mövcuddur.  Və guya ki, türkləri müdafiə etmək istəyənlər də var.

 

- Yəni, türk əsilli namizədlər səmimi deyillər...?

 

- Bilirsiniz, seçkilərdə əsas məsələlərdən biri milli məsələdir. Türk əsilli namizədlərin isə milli məsələlərə çox kobud, sistemsiz yanaşması var. Ümumiyyətlə, heç birinin bu barədə baxışı yoxdur. Bu, onun göstəricisidir ki, İranda tutduğu mövqedən, siyasi mənsubiyyətindən asılı olmayaraq, heç bir namizədin milli məsələyə dair proqramı yoxdur. İqtisadi məsələ ilə bağlı da namizədlərin bitkin proqramları mövcud deyil, perspektivdə hansı islahatlara önəm verəcəkləri bəlli deyil. Çünki namizədlər kimdənsə asılı vəziyyətdədirlər, müstəqil deyillər. Bu, təbiidir. Ona görə ki, İranda prezidentlik institutu aparıcı dövlət qurumu deyil. Prezidentliyin üzərində Ali Dini Rəhbərlik dayanır. Bütün məsələlər də həmin qurum tərəfindən həll edilir, ölkə o qurumdan idarə olunur. Sabah Rəisi, Himməti, yaxud Mehrəlizadə Prezident olsalar, xarici və daxili siyasətdə müstəqil addım ata bilməyəcəklər. İrəli sürəcəkləri təkliflər isə mütləq Ali Dini Rəhbərliyin təsdiqindən sonra reallaşa bilər.

 

- Prezidentlər Ayətullah Seyid Əli Xameneyinin icazəsi ilə hərəkət edəcəklər...

 

- Bəli. Xameneyinin və onun rəhbərlik etdiyi qurumun razılığı, xeyir-duası olmadan prezidentlər, İran Parlamenti heç bir qərar qəbul edə bilməz. İndiki seçkiqabağı kampaniya da onu göstərir ki, gələcək İran Prezidenti müstəqil olmayacaq. Əsas Xameneyidir, Prezident və yerdə qalanlar onun tapşırıqlarını icra edənlərdir.

 

- Əvvəlki seçki proseslərinə nisbətən bu seçkilərdə güneylilərin aktivliyi, proseslərə marağı az görünür. Bunun səbəbi nədir?

 

- Keçən seçkilərdə Mirhüseyn Musəvi, Mehdi Kərrubi namizəd idilər. Amma onların hər ikisi rejimin adamları idilər. Tehranın yetişdirdiyi kadrlar idilər. Məsələn, Musəvi İran-İraq müharibəsi zamanı Baş nazir idi, ərzaqla bağlı ilk dəfə kart sistemini o tətbiq etdirmişdi. Kərrubi də İran Parlamentinin sədri olmuşdu. Bunlar İranda milli haqları təmin olunmayan hansı etnik qruplara hansı yardımı edə bilərdilər? Əlbəttə, heç bir yardımı. Bilirsiniz, bu tip seçkilər Azərbaycan türklərinin, yaxud milli problemi həll edilməyən başqa etnik qrupların istəklərinə uyğun deyil, problemlərini həll etmir. Ona görə də Azərbaycan türkləri, digər xırda xalqların nümayəndələri seçkiləri passiv şəkildə boykot edirlər. Proseslərə qarışmırlar, bilirlər ki, kimsə onların haqqının, hüququnun bərpasına çalışmayacaq.  

 

- Sizcə, Xameneyi namizədlər içərisindən kimi Prezident görmək istəyir?

 

- Namizədlərin tərcümeyi-hallarına baxanda, içlərində Prezident olacaq real şəxs Rəisidir. Rəisini hətta Xameneyinin yetirməsi adlandırırlar. Orada türk əsilli namizədlərin iştirakı sadəcə olaraq siyasi oyunu qızışdırmaq üçündür. Amma Rəisi çıxışlarında, davranışlarında, verdiyi bəyanatlarda özünü artıq İran Prezidenti kimi aparır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, Rəisi məhkəmə sədri olub, prokuror işləyib, Məşhəddə İmam Rza məqbərəsinin rəisi işləyib. Bütün göstəricilərinə, xidmətlərinə görə onun Prezident olacağı daha çox realdır. Güman ki, Rəisi İran Prezidenti olacaq. İranda 60 milyona yaxın seçici var ki, onların təxminən 30 milyondan çoxu dövlət məmuru, hərbçidir. Deməli, 35 milyon seçici rejimin xidmətçiləridir. Rejim isə Rəisini dəstəkləyir.

Müəllif: Anar Bayramoğlu      10 İyun 2021 10:23
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin