Əsas səhifə Haqqımızda Xəbər lenti

Örtülü özəlləşdirmə, “qırmızı direktorlar” və vətəndaşın əlində qalan çeklərin aqibəti

Örtülü özəlləşdirmə, “qırmızı direktorlar” və vətəndaşın əlində qalan çeklərin aqibəti

Vahid Əhmədov: “İnsanların əllərində qalan özəlləşdirmə çekləri istifadəyə buraxılmalı, bunun üçün müvafiq qərar verilməlidir”

 

Nazim Bəydəmirli: “Vauçerlər vətəndaşların marağına yox, məmur biznesinin çiçəkləmnməsinə xidmət etdi”

 

Mərhum Prezident Heydər Əliyev 1996-cı ilin martında özəlləşdirmənin həyata keçirilməsini və bu prosesdə özəlləşdiriləcək dövlət mülkiyyətinin bir hissəsinin əhaliyə əvəzsiz verilməsini təmin etmək məqsədi ilə fərman imzaladı. Həmin fərmana müvafiq olaraq, 1997-ci ilin yanvarın 1-dək anadan olmuş Azərbaycan Respublikasının hər bir vətəndaşına əvəzsiz olaraq 4 çekdən ibarət özəlləşdirmə payları verildi.

 

Qeyd edək ki, indiyə qədər dövlət özəlləşdirmə çeklərindən daha geniş istifadənin təmin olunması məqsədi ilə onların tədavül müddəti bir neçə dəfə uzadılıb. Prezidentin müvafiq fərmanları ilə 2002-ci il yanvarın 1-nə, 2004-cü il iyulun 1-nə, 2008-ci il yanvarın 1-nə kimi çeklərdən istifadə müddəti artırılıb. 2009-cu ildə imzalanan fərmanla sonuncu dəfə çeklərin tədavül müddəti artırılıb. Son fərmana əsasən, dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə çeklərinin tədavül müddəti 2011-ci il yanvar ayının 1-də başa çatıb.

 

Müqayisə üçün deyək ki, Belarusda özəlləşdirmə bizdən çox əvvəl başlayıb. Sosial ədalət naminə bütün vətəndaşlara həm şəxsi mənzil, həm də dövlət əmlakı almaq üçün vauçerlər verilib. Bu vauçerlər neçə illərdir ki, sosial ədaləti qorumaq üçün infliyasiyaya uyğun olaraq indeksləşdirilir. 2019-cu ilə qədər Belarus banklarında 300-dən çox dövlət müəssisələrinin payları açıq şəkildə vətəndaşlara vauçerlə satılıb. Həmin müddətə qədər bu vauçerlərdən istifadə etməyən Belarus vətəndaşlarına qanuna uyğun olaraq, onların dəyəri qədər kompensasiya ödənilib.

 

Bizdə isə vauçerlər demək olar ki, heç bir işə yaramadı. İlkin dövrlərdə vətəndaşlar bu vauçerləri dəyər-dəyməzinə qara bazarda satışa çıxardılar və nəticədə özəlləşdirmə prosesində faktiki  iştirakları olmadı. Azərbaycanda bu kağızlar 13 il dövriyyədə saxlanıldı və hərraclara çıxarılan dövlət əmlakını çeklərlə deyil, nağd pulla özəlləşdirdilər.

Vahid Əhmədov: “İslahatın məgər buynuzu olur?”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov AYNA-ya açıqlamasında deyib ki, Azərbaycanda özəlləşdirmə prosesi dayandırılsa da, gələcəkdə bu proses yenidən başlaya bilər: “Müəyyən planlar var ki, gələcəkdə bəzi dövlət şirkətləri özəlləşdirilməyə çıxarılsın. Hesab edirəm ki, vətəndaşların əlində qalan vauçerlər istifadə olunmalıdır. Yəni, bu, onların hüququdur və heç kim bu hüququ poza bilməz. Düzdür, iddia oluna bilər ki, onların vauçerləri satmaq üçün kifayət qədər zamanları olub. Lakin hər bir vətəndaşın hüququ var ki, əlində olan əmlakı qorusun”.

 

“Şəxsən mən insanların əllərində qalan özəlləşdirmə çeklərinin istifadəyə verilməsinin tərəfdarıyam. Bunun üçün müvafiq qərarın verilməsi labüddür. Bilirsiniz ki, yaxın gələcəkdə bəzi dövlət qurumlarının özəlləşdirməyə çıxarılması nəzərdə tutulur. Bununla bağlı müəyyən addımlar atılır. Xüsusən gəlir gətirməyən dövlət şirkətlərinin özəl idarəetməyə verilməsi nəzərdə tutulur. Gələcəkdə bu vauçerlərdən həmin qurumların özəlləşdirilməsi zamanı istifadə oluna  bilər”, - deyə deputat bildirib.

 

Əhmədovun sözlərinə görə, Azərbaycan İnvestisiya Holdinqinin yaradılması həm də bu məqsədə xidmət edir: “Bilirsiniz ki, Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycanda yeni bir qurum - Azərbaycan İnvestisiya Holdinqi fəaliyyətə başlayıb. Bu qurum dövlət müəssisələrinin, o cümlədən şirkətlərin şəfaf idarəçilik sisteminə keçidini təmin etməklə yanaşı, həm də özünümaliyyələşdirmə mexanizmlərinin qurulmasına məsuldur. Artıq çoxlu sayda qurumlar İnvestisiya Holdinqinin idarəçiliyinə verilib. Təbii ki, bu proses birdən-birə olmur”.

 

“Nəzərə alanda ki, söhbət iri dövlət müəssisələrindən gedir, o zaman məsələnin dərindən təhlil olunmasına və strategiyaların hazırlanmasına ehtiyac var. Bu qurumların fəaliyyəti həm yerli, həm də beynəlxalq ekspertlər tərəfindən təhlil olunmalı, qiymətləndirilmələr aparılmalıdır. Elə sahələr var ki, dövlətin idarəçiliyində qalmalı, elə sahələr də var ki, özəlləşdirməyə çıxarılmalıdır. Zamanla bu məsələlər öz həllini tapacaq”, - deyə müsahibimiz vurğulayıb.

Nazim Bəydəmirli vergilərlə bağlı dəyişiklikləri izah edir

AYNA-nın digər həmsöhbəti, iqtisadçı alim, sabiq deputat Nazim Bəydəmirli isə fərqli düşünür. Onun qənaətinə görə, bu məsələ artıq bitib: “Bu günə qədər özəlləşdirməyə dair dövlət proqramları icra edilib. Birinci və ikinci dövlət proqramları adlanan bu sənədlər artıq öz əhəmiyyətini itirib. Müxtəlif vaxtlarda özəlləşdirmə çeklərinin vaxtı uzadılsa da, artıq buna yekun vurulub. Vaxtilə Azərbaycanda investisiya fondları yaranmadığına görə, eyni zamanda Əmlak Komitəsinin məqsədli şəkildə vəziyyəti bu yerə gətirməsi nəticəsində vauçerlər öz dəyərini itirib”.

 

“Demək olar ki, vətəndaşlar özəlləşdirilmə prosesindən kənarda saxlanılıblar. Özəlləşdirməyə çıxarılan dövlət obyektlərinin 15 faizi öz işçilərinə, 55 faizi çek hərracına çıxarılmalı idi. 30 faizi isə investorları cəlb etmək üçün nəzərdə tutulmuşdu. Əslində strategiya normal düşünülmüşdü. Lakin bu, həyata keçirilmədi. Bütövlükdə bu proses korrupsiya ilə müşayiət olundu və 32 milyard dollarlıq əmlak - hansı ki, həmin dövrdə bu qədər əmlak özəlləşdirməyə çıxarılmışdı - nəticə etibarilə “qırmızı direktorların” vasitəsilə qəsb edildi”, - deyə ekspert söyləyib.

 

O, “qırmızı direktorlar” ifadəsinin Sovetdən qaldığını qeyd edib: “Zavod rəhbərlərinin öz qohum-əqrabasını başına yığaraq zavod-fabrikləri talaması mənasını verir. O zaman Dövlət Əmlak Komitəsinə rəhbərlik edən Kərəm Həsənov mükəmməl şəkildə “qırmızı direktor” rolunu oynadı və sonda vətəndaşların kütləvi şəkildə hüquqları pozuldu”.

 

Bəydəmirlinin sözlərinə görə, Bakı şəhərinin istehsal potensialı faktiki olaraq məhv edilib: “Təəssüf ki, onlar rekonstruksiya olunmaq və yeni bazar münasibətlərinə köklənmək əvəzinə bu proses şəxsi əllərə keçdi. Nəticədə milyonlarla vətəndaşımız bu prosesdən məhrum oldu. Təəssüf ki, hökumət də bu prosesi sükutla müşahidə etdi, bunun qarşısını almaq üçün ciddi addımlar atmadı. Kərəm Həsənov və onun “özəlləşdirmə dəstələri” elə bir şərait yaratdılar ki, həmin müəssisələr əldən-ələ keçərək, nə dövlət mülkiyyətində qalaraq dövlətə xeyir verdi, nə də özünü doğrulda bildi. Çünki əvvəldən məqsədləri dövləti talamaq, vətəndaşların vauçerlərinə əl uzatmaq idi. Çox təəssüf ki, buna nail oldular”.

 

“Əslində isə bu proses mərhələli şəkildə həyata keçirilməli idi. Sovet iqtisadiyyatı qaydaları ilə bunu idarə etmək olmazdı. Bizdən fərqli olaraq Gürcüstanda, Çexiyada, Slovakiyada, və digər ölkələrdə bu proses şəffaf şəkildə həyata keçirildi. Adıçəkilən dövlətlərdə sahibkarlar vauçerləri alan zaman müəyyən şərtlər qarşılığında öhdəliklər götürdülər. Həmin öhdəliklərdən biri də yeni iş yerlərinin açlılaması ilə bağlı idi. Məhz buna görə də, həmin ölkələrdə vergi ödənişləri bu gün çox yüksək səviyyədədir. Bu proses şəffaf aparılmadığına görə Azərbaycanda zavod və fabriklər işləmədi və bundan zərərçəkən ölkə iqtisadiyyatı oldu. Eyni zamanda vətəndaşların çekləri əllərində qaldı və hökumət üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədi. Bu, daha çox məmur biznesinin çiçəkləmnməsinə xidmət etdi”, - deyə keçmiş deputat fikrini yekunlaşdırıb.

Müəllif: Azər Niftiyev      9 İyun 2021 19:39
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin