Əsas səhifə Haqqımızda Xəbər lenti

Kitab oğrusu - “İkinci Dünya müharibəsi şəraiti deyil...”

Kitab oğrusu - “İkinci Dünya müharibəsi şəraiti deyil...”

Gənclərin kitab oğurlamasına cəmiyyətin fikri fərqlidir – qınayan da var, haqq qazandıran da

 

İyunun 7-də Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti Səbail rayonu ərazisində yerləşən kitab mağazalarından birindən oğurluq edilməsi ilə bağlı məlumat yayıb. Bildirilib ki, mağaza rəhbərliyi polisə məlumat verəndən dərhal sonra hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakinləri Elməddin Süleymanlı və Elvin Əhmədov saxlanılıblar. Onların mağazadan 2 ədəd kitab oğurlaması obyektin müşahidə kameraları vasitəsi ilə də lentə alınıb.

 

Bu xəbərin ardınca sosial mediada müzakirələr başladı. Bir çox insan məsələyə münasibət bildirdi. Fikirlərin birmənalı olmadığını, çoxşaxəli və diqqətçəkən məqamları özündə əks etdirdiyinə görə, bu mövzuya həsr edilmiş bir neçə postu AYNA təqdim edir:

Məşhur aktyor-aparıcı kitab oğurlayan gəncləri müdafiə etdi

Haldun Novruzzadə: ““Əli və Nino” kitab mağazasından 2 nəfər 2 ədəd kitab oğurlayıb. Kitab mağazasının rəhbərliyinin şikayəti əsasında Səbail rayon 9-cu Polis Bölməsi əməliyyat tədbirləri keçirib və 2 nəfəri dərhal həbs edib. Bu, azmış kimi video görüntülərini öz səhiflərində paylaşıb. 2 kitaba görə bu boyda əməliyyat keçirdib, adam həbs edib video yaymağınımı qınayaq, yoxsa “Əli və Nino” rəhbərliyinin 10 manata görə camaatı şikayət etməyinimi?! Orada 1 nəfər tapılmadı ki, o 2 kitabın pulunu verib bu boyda həngamə yaratmasın?! Təki bütün oğurluqlar kitab üzərindən olsun. “Əli və Nino” boykot olunmalıdır”.

 

Sərxan Rüstəmov: “Qətiyyən oğurluğa haqq qazandırmaq fikrim yoxdur. Kitab oğurluğu oğurluq sayılmır və s. kimi fikirlərlə də razılaşmıram. Oğurluq elə oğurluqdur, vəssalam. Xüsusən də indiki vaxtda pulsuz, elektron və ikinci əl ucuz kitabların əlçatan olduğu zamanədə. Fəqət yenə də Hüqonun "Səfillər" romanındakı Jan Valjanın oğurluq etməsi və yaxalanaraq evindən oğurluq etdiyi yepiskopun hüzuruna gətirilməsi səhnəsini xatırlamamaq mümkün deyil... Oxuyanlar yepiskopun reaksiyasını bilir, bilməyənlər üçün deyim ki, yepiskop bunun oğurluq olmadığını, əksinə özünün hədiyyə etdiyini bildirir... Amma yenə də deyirəm, indi Markus Zusakın "Kitab oğrusu" romanında təsvir etdiyi kimi İkinci Dünya müharibəsi şəraiti deyil...”

 

Günel Musa: “Kitab oğurluğu oğurluq sayılmır. Kaş ölkədə bütün oğurluqlar kitab oğurluğu səviyyəsində ola. Cibimizə girən məmurlar, səsimizi oğurlayan müəllimlər, haqqımızı oğurlayan rəhbərlərin yanında iki gənc iki kitab oğurlamış, çoxmu?”.

 

Yusif Nəbiyev: “Universitetinin illik ödənişini və ya kirayə pulunu çıxarmaq üçün dərsdən sonra gecə saatlarına qədər işləyən gənclər var bu ölkədə. Onlardan ayıbdır. Kitab yox, nə oğurlayır oğurlasın, bir oğru heç vaxt ucaldıla bilməz. Hətta uşağı üçün yemək oğurlayan çarəsiz atanı belə başa düşmək olar, amma ucaltmaq olmaz. Cəmiyyətin bugünki hadisələrə münasibəti, cəmiyyətin sabahkı hadisələrini yaradır. O oğurlanmış kitabların pulunun yüz qatını verməyə hazır olan açıqürəkli qardaşımızı da yadda saxladım. Növbəti kitab layihəmizdə ona mütləq yazacağam, görüm, 2 kitabın pulunun yüz qatını ianə edəcəkmi layihəmizə. Edərsə, mütləq “public” post şəklində təşəkkür edəcəyəm ona”.

 

Elmir Abbasov: “Kitab oğurluğu alqışlanacaq hərəkət deyil, amma bağışlanacaq hərəkətdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, sizin hərəkətiniz isə nə doğrudur, nə də ki alqışlanacaq. Məhkəmənin qərarı, vətəndaşların razılığı olmadan onları videoya çəkib, sosial mediada paylaşmaq, cinayətkar damğası vurmaq, əxlaqsızlıqdır. O gənclərdən çox siz utanmalısınız ki, heç bir peşə əxlaqına sahib deyilsiniz”.

 

Afaq Mirayiq: “O qədər dedilər, kitab oğurlamaq halaldır, təbliğat özünü göstərdi. İki nəfər kitab oğurlayanı deyirəm. O iki nəfərə indi çoxu haqq qazandırır. Kitabı çörəklə eyni tuturlar. "Səfillər"də çörək oğurluğuna görə haqsız cəzalandırmanı hələ uşaq vaxtı oxumuşduq. İndi də real həyatda belə hadisələri görəndə ürək ağrısı ilə qarşılayıram. Amma kitabı oğurlayanla balası acından ölməsin deyə çörək aparını eyni tutmayın. Oğurluq elə oğurluqdur, bu, cinayətdir.  Buna haqq qazandırmaqla, cinayətkarların çoxalmasına səbəb olursunuz”.

 

Qubad İbadoğlu: “Hər kəs kitab oğrularından yazır. Oğruları da, onları ifşa edənləri də qınayanlar var. Yaşadığım ərazidə parklardan tutmuş ara küçələrədək oxucular  üçün kiçik qutularda kitablar təqdim olunur. Hər kəs üçün əlçatan və pulsuz olan bu kitabları istənilən şəxs oxumaq üçün götürür və sonra da yerinə qaytarır. Böyük ehtimalla bir çox ölkələrdə belə kitab təqdimatı geniş yayılıb. Odur ki, sözümün canı bu deyil. Əsas məqsəd diqqətinizi   gənclərin kitabı hansı səbəbdən oğurlamasına çəkməkdir. Gənclər kitabları hansı məqsədlə – oxumaq, yoxsa satıb pul qazanmaq üçün oğurlayıblar? Əgər birincisidirsə, onları bağışlamaq olar, ikincisidirsə, onların yerinə hökumət utanmalıdır. Çünki görün gənclik nə günə qalıb ki, məcburiyyətdən kitab oğurlayıb satır.  

 

Bu yaxınlarda bağına  qayıdan dostlardan birindən eşidəndə ki, onun bağında 30 metrlik içində mis olan elektrik naqilini və küçə işıqlarının lampalarını açıb aparıblar, onda bildim ki, oğurluq Azərbaycanda geniş yayılıb. Əksər bağların  hasarlarla əhatələnib, kameralarla müşahidə olunmasına, eləcə də müsir texnologiyalarla oğruların aşkarlanmasının asanlaşmasına  baxmayaraq, oğrular yenə də həyatlarını təhlükəyə atıb, həbs olunmaq risklərini göz altına alıb, 5-10 manatlıq əşyaları da oğurlamağı qənimət bilirlər.

 

Polis də həmişəki kimi böyük oğruları deyil, xırdalarını tutur və onu da nailiyyət kimi işıqlandırır. Əslində oğurluq xırda və böyük olmasından, nə məqsədlə edilməsindən asılı olmayaraq, pislənməlidir. Amma belə xırda oğruların çoxalması da ölkədə yoxsulluğun və işsizliyinin artımının, insanların güzəranın dəhşətli dərəcədə pisləşməsinin göstəricidir. İqtisadi ədəbiyyatlarda işsizlik və kriminal durum arasında mütənasibliyə dair çoxlu araşdırmalar vardır. İşsizlik çoxaldıqca oğurluq da artacaq, varlılardan oğurlanmaq çətin olduğundan onlar kasıbın malına da tamah salacaqlar. Bu isə ölkə üçün fəlakətdir”.

 

Lalə Ağamirzə Əliyeva: “Bir müddət əvvəl bir mağaza sahibi yemək oğurlayan bir fağırı cəzalandırıb videosunu yaymışdı. Bütün millət bu hadisəni qınadı. İndi də “Əli və Nino” kimi kitab mağazası bunun kimi gözlənilməz bir hərəkət edib. Ayıb olsun! Qınayırıq!

 

Demirik ki, kitab oğurluğu düzgün hərəkətdir. Təbii ki, götürdüyünün haqqını verməlisən. Amma bunu ictimailəşdirməklə polisə müraciət edilməsi ağılasığmaz hərəkətdir. “Əli və Nino” yoxsa bununla da özünüzü biabır etmək istəyirsiniz? Sizə yaraşdırmadıq”.

Müəllif: Aləmdə Nəsib      8 İyun 2021 23:49
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin