Əsas səhifə Haqqımızda Xəbər lenti

Qazaxıstanlı deputatdan beynəlxalq təşkilatlara çağırış

Qazaxıstanlı deputatdan beynəlxalq təşkilatlara çağırış

Əbülfəz Xamedov dünya təşkilatlarını ikili standartlara son qoymağa səsləyib

 

Qazaxıstan Məclisinin deputatı, Qazaxıstan Azərbaycanlıları Assosiasiyası İctimai Birliyinin sədri Əbülfəz Xamedov “Golden Bridge News”-ə verdiyi açıqlamada vəzifəsini yerinə yetirərkən Azərbaycanın Kəlbəcər bölgəsində tank əleyhinə minanın partlaması nəticəsində faciəvi şəkildə şəhid olan media nümayəndələrinin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

 

AYNA-nın xəbərinə görə, qazaxıstanlı deputat yaralanların zamanda sağalmasını diləyərək deyib ki, Qazaxıstan həmişə Azərbaycanın ədalətli mübarizəsinin yanında olub: “Bunu istər Elbası Nursultan Nazarbayev, istərsə də Prezident Qasım-Comərt Tokayev dəfələrlə verdiyi bəyanatlarda bildirərək, münaqişənin sülh yolu ilə həllinə tərəfdar olub, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyiblər. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə məhəl qoymayan Qarabağın separatçı rejimi və Ermənistanın Azərbaycana qarşı müharibəsi, terrorçuluq hərəkətləri davam edir. Ali Baş Komandan, Prezident İlham Əliyevin 30 il boyunca məsələnin sülh yolu ilə həllinə dair dəfələrlə etdiyi təklifləri qulaqardına vuran erməni qüvvələri havadarlarının dəstəyinə arxalanaraq Azərbaycanın əzəli torpaqlarını işğal altında saxlamağa, təxribatlar törətməyə, vandallıq etməyə, yaşayış məntəqələrini yer üzündən silməyə davam ediblər. Nəhayət səbir kasası daşırılan Azərbaycan 30 il boyunca əsir qalan əzəli torpaqlarını 44 gündə düşmən işğalından azad edərək tarix yazmalı oldu”.

 

“Vətən müharibəsinin zəfərlə başa çatmasına baxmayaraq, hiyləgər və mənfur düşmən geri çəkildiyi əraziləri minalayaraq çirkin planlarını həyata keçirməkdədir. Dəfələrlə Azərbaycan dövlətinin dünyanın aparıcı ölkələrinə, beynəlxalq təşkilatlara müraciət etməsinə baxmayaraq, Ermənistan tərəfi minaladıqları ərazilərin xəritəsini verməkdən hələ də imtina edir. Nəticədə dinc sakinlər, bölgələrə səfər edən KİV nümayəndələri erməni hiyləsinin qurbanına çevrilir. Bir azərbaycanlı kimi toplumumuzla birlikdə mənfur düşmənimizin bədniyyət əməllərini pisləyir və dünya təşkilatlarını minalanmış ərazilərin xəritəsini Ermənistandan tələb etməyə çağırır, ikili standartlara son qoyulmasını istəyirik”, - deyə o, bildirib.

Müəllif: Ayna.az      7 İyun 2021 00:24
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin